Bakının Xətai rayonunda 1989-cu il təvəllüdlü Oqtay işə düzəltmək adı ilə tanışı Cabbara qarşı dələduzluq edib.
Millitv.az xəbər verir ki, Teleqraf.com-un əldə etdiyi məlumata görə, Oqtay tanışı Cabbarı Daxili İşlər Nazirliyi Biləsuvar rayon polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinə inspektor vəzifəsinə işə qəbul etdirəcəyinə vəd verib. O, Cabbarın 13150 manat pulunu ələ keçirib.
İstintaq orqanı tərəfindən Oqatayın barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib. İş hakim Fuad Axundovun sədrliyi ilə araşdırılıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Oqtay elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, dayısı Bakı İnzibati İqtisad Məhkəməsinin sədri vəzifəsində işləyib və 2021-ci ilin iyun ayında vəfat edib.
Oqtayın sözlərinə görə, zərərçəkmiş Cabbarı uşaqlıqdan tanıyır: “Cabbar Ağdam rayonundan məcburi köçkündür. 2015-ci ildə polis orqanlarında işə düzəlmək üçün imtahan versə də, keçə bilməmişdi. O, mənə imtahandan kəsildiyini dedi. Hadisə olan ərəfələrdə atam Soltan xəstəlikdən əziyyət çəkirdi və onun müalicəsi üçün təcili pul lazım idi. Cabbarın imkanlı şəxs olduğunu bildiyim üçün fikirləşdim ki, onu polis orqanlarına işə düzəltmək adı ilə pul alaram, həmin pulu da atamın müalicə xərclərinə xərcləyərəm.
Cabbarla görüşlərin birində bildirdim ki, dostlarım vasitəsi ilə onu polisə işə düzəldə bilərəm. Dedim ki, işin həll edilməsi üçün 15.000 manat pul verməlidir. Cabbar isə 15.000 manatının olmadığını dedi. Ona dayımla danışaraq qiyməti aşağı sala biləcəyimi dedim. Lakin bu məsələlərdən dayımın xəbəri yox idi”.
Təqsirləndirilən şəxs deyib ki, bir gün sonra Cabbara zəng edib, dayısı Mehmanla danışdığını və onun polis orqanlarına işə düzəlməsi üçün 13.000 manat lazım olduğunu bildirib: “Cabbar da razılaşdı. Həmin pulu hissə-hissə verəcəyini qeyd etdi. 2018-ci ilin mayında Cabbarla Biləsuvar rayonu, H.Əliyev küçəsində yerləşən parkdakı kafedə görüşdük. Kafedə o, mənə 5000 manat verdi. Cabbarı daha da inandıraraq bildirdi ki, o, iyun ayında kursa göndəriləcək. 2018-ci ilin may ayının sonlarında Cabbarla əlaqə saxlayaraq sənədlərinin artıq Daxili İşlər Nazirliyinə göndərildiyini bildirdim”.
Oqtay qeyd edib ki, mayın 30-da yenidən H.Əliyev adına parkda olan kafedə görüşüblər və Cabbar həmin kafedə ona əlavə 2500 da manat verib: “Cabbardan aldığım pulları atamın müalicəsi və şəxsi ehtiyaclarım üçün xərclədim. İyunun 1-də Cabbarla yenidən qeyd olunan kafedə görüşdük. O, mənə əlavə olaraq 2500 da manat verdi. Söhbət zamanı Cabbar bildirdi ki, başqa pulu qalmayıb və özünə məxsus avtomobili sataraq qalan pulu ödəyəcək. Dedi ki, avtomobili Bakı şəhərində satacaq.
Bildirdim ki, avtomobili satdıqdan sonra Bakı şəhərində görüşərək qalan pulu götürərəm. Ondan sənədləri düzəltmək və həmin sənədləri Bakı şəhərinə göndərmək üçün 150 manat da istədim. Cabbar razılaşaraq getdi”.
Təqsirləndirilən şəxsin bildirdiyinə görə, bir neçə gün sonra Cabbar onun istifadəsində olan mobil nömrəsinə zəng edib və pulun hazır olduğunu bildirib: “Bakı şəhərində olmadığımı, mobil nömrəsini tanışıma verdiyimi, tanışımın onunla əlaqə saxlayacağını dedim. Qalan 3150 manatı da həmin şəxsə verməsini istədim. Cabbar razılaşdı. Bakı şəhərində yaşayan adını xatırlamadığım tanışımla əlaqə saxladım. Mobil nömrəni verərək bildirdim ki, Cabbarla görüşsün və 3150 manatı ondan alsın.
Tanışım xatırlamadığım vaxtda Əhmədli qəsəbəsi, 7 saylı şəhər poliklinikasının qarşısında Cabbarla görüşdü və 3150 manatı aldı. Bir neçə gün sonra Bakı şəhərinə gəldim, 3150 manatı götürdüm. Cabbarla əlaqə saxlayaraq Bakı şəhərində olmasını və bir neçə gündən sonra polis orqanlarına işə düzəlmək üçün kursa gedəcəyini bildirdim.
Bir daha bildirdim ki, maddi sıxıntılarım olduğu üçün Cabbardan aldığım pulu öz ehtiyaclarım və atamın müalicəsi üçün xərcləmişəm”.
Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Cabbarın sözlərinə görə, Ağdam rayonundan məcburi köçkündür: “Oqtayı uşaqlıqdan tanıyıram, dost münasibətilərimiz olub. 2015-ci ildə polis orqanlarında işə düzəlmək üçün imtahan komissiyasına müraciət etdim və az bal topladığım üçün imtahandan kəsildim. Oqtay da mənim polis orqanlarının imtahanından kəsildiyimi bilirdi”.
Zərərçəkmiş şəxs qeyd edib ki, 2018-ci ilin aprelin sonlarında Oqtayla görüşüb: “Oqtay məni polis orqanlarında işə düzəldə biləcəyini dedi. Oqtaydan bunun necə olacağını soruşdum. Bildirdi ki, dayısının general dostları var onların vasitəsilə məni polis orqanlarında işə düzəldə bilər. Oqtayın dayısı Mehman Nuriyev Bakı İnzibati İqtisad Məhkəməsinin sədri vəzifəsində işləyib və vəfat edib. Razılaşdım, Oqtay bildirdi ki, 15.000 manat verməliyım. Mən isə 15.000 manat verməyə imkanımın olmadığını dedim. Bir gün sonra Oqtay mənə zəng etdi və bildirdi ki, dayısı Mehmanla danışıb, 13.000 manata məni Daxili İşlər Nazirliyinin Biləsuvar rayon Polis Şöbəsində yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinə inspektor vəzifəsinə düzəldəcək. Mən də razılaşdım”.
Zərərçəkmiş şəxs qeyd edib ki, Oqtaya 13.000 manatı hissə-hissə ödəyib. Təxminən iyul ayına qədər Bakı şəhərində kursa getmək üçün gözləsə də, onu kursa heç kim çağırmayıb: “Hər dəfə Oqtayla mobil telefon vasitəsilə əlaqə saxlasam da, o, məni müxtəlif bəhanələrlə aldatdı və gözləməyimi istədi.
Təxminən iyul ayının sonlarında Biləsuvar rayonuna qayıtdım, Oqtayla görüşdüm. Oqtaydan nə baş verdiyini soruşdum. Oqtay bildirdi ki, işə düzəltmək üçün aldığı pulu dayısının tanışına verib və dayısının tanışı onu aldadıb. Lakin pulunu özü hissə-hisə qaytaracaq. Bundan sonra Oqtaydan dəfələrlə tələb etsəm də, pulu qaytarmadı”.
Zərərçəkmiş ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyan tam ödənildiyini, ona qarşı heç bir şikayəti olmadığını deyib.
Cabbar 2 il 2 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin yaşadığı Biləsuvar şəhərindəki evini axşam saat 23.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb.