Bir neçə gün öncə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəisi Anar Qədiməliyevin aramsız təqiblərinə görə dərman qəbul edərək intihara cəhd etmək istəyən İsmət Qayıbov adına 1 nömrəli orta məktəbin direktoru Mətanət Qarayeva bu gün işə çıxıb. Millitv.az xəbər verir ki, publika.az-ın yerli bürosunun verdiyi məlumata görə, direktor hazırda işini davam etdirir:
“Artıq sağalmışam, işdəyəm. Əgər mənim nöqsanım vardısa, niyə iyunun 9-da məndən səhhətimlə bağlı ərizə yazmağım tələb edilirdi? Elə nöqsanlarımı səbəb göstərib işdən çıxara bilərdilər.
Mən prokurorluğa və digər qurumlara bildirmişəm ki, başıma gələnlərə görə məsuliyyəti Anar Qədiməliyev daşıyır. Mən intihara cəhd edəndən sonra A.Qədiməliyev bütün instansiyalara müraciət edərək özünün günahsız olduğunu bildirir”.
Direktor həmçinin, əlavə edib ki, baş verən hadisədən sonra Gəncə Regional Təhsil İdarəsindən onun səhhəti ilə maraqlanan olmayıb:
“Hadisə səhər saat 8-də baş verib, saat 16.00-da məktəbə gəlib, mənim işdə olmamağımla bağlı akt tərtib ediblər: getdik yoxladıq, direktor işdə yox idi. Qanunları bir tərəfə qoyuram, məgər bu hərəkət insanlığa, vicdana sığırmı?".