Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-də keçirdiyi əməliyyatın bəzi yeni detalları məlum olub.
Saxlanılan nəzarət şöbəsinin rəhbəri Fikrət Hüseynov istintaqa ilkin ifadəsində “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin rəisi Səftər İsmayılovun əleyhinə ifadə verib.
Hazırda prokururluq əməkdaşları qurumun rəhbər şəxsləri ilə bağlı araşdırmalar aparır və MMC-nin bir sıra rəhbər şəxsləri istintaqa cəlb olunub. Həmçinin MMC-nin bəzi istiqamətlərdə fəaliyyətlərinə müvəqqəti qadağa qoyulub.
Mənbə bildirir ki, əslən Naxçıvan Muxtar Respublikasının Nehrəm kəndindən olan Səftər İsmayılov Prezident Administrasiyasının şöbə müdirlərindən birinin yaxın qohumudur. O, 2008 -ci ildəndir “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-yə rəhbərlk edir.
Məlumata görə, ilkin araşdırmalar zamanı 800-ə yaxın əməkdaşı, bir çox bölgədə məntəqəsi olan MMC-nin nəzarət etdiyi sahələr üzrə ciddi qanunsuzluqlar aşkarlanıb. Korrupsiya və rüşvətə yol verildiyini sübut edən çoxsaylı faktlar üzə çıxıb.
Belə ki, yolların mühafizə zolağına düşən tikililərə icazənin, ağır tonnajlı yükdaşıma ilə məşğul olan şirkətlərə lisenziyaların, yolun asfalt örtüyünün altından hansısa kommunikasiya xətlərinin keçirilməsi üçün icazələrin verilməsi bu MMC-nin səlahiyyətində olub. MMC rəhbərliyinin isə bu səlahiyyətlərdən sui-istifadə etdiyi, şəxsi maraqları naminə qanunsuzluqlara yol verdiyi bildirilir.AzPolitika.info