Səudiyyə Ərəbistanı hökumətinin qərarına əsasən, bu ildən etibarən xarici zəvvarlar Məkkə şəhərində yerləşən və müsəlmanlar üçün müqəddəs hesab olunan Kəbəni ziyarət edə biləcəklər. İki illik fasilənin ardından azərbaycanlı zəvvarlarında Həcc ziyarətində iştirakı planlaşdırılır. Hər il olduğu kimi Azərbayacanda Həcc ziyarəti Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən təşkil olunacaq.
QMİ-nin məlumatına əsasən, ilk zəvvar qrupunun səfəri iyunun 29-da, növbəti səfərlər isə iyunun 30-u, iyulun 1-i və 2-də baş tutacaq. Bu il azərbaycanlı zəvvarlar üçün 680 nəfərlik kvota ayrılıb, ziyarətin qiyməti isə 9106 manat müəyyən olunub. Koronavirus pandemiyasıyla əlaqədər olaraq, bu il yaşı 65-dən yuxarı olan şəxslərin Həcc ziyarətində iştirakına icazə verilməyəcək.
Qeyd edək ki, QMİ-nin Həcc ziyarətinin təşkilini monopoliyaya çevirərək, absurd qiymətlər tətbiq etməsi son illər müqəddəs torpaqlara ayaq basmaq istəyən zəvvarların sayını kəskin şəkildə azaldıb. Belə ki, son 10 ildə Həcc ziyarətinin qiyməti 3 dəfədən çox bahalaşıb. Məsələn, 2012-ci ildə 3090-3850 manat aralığında olan Həcc ziyarəti hazırda 10 min manata təşkil olunur. Bu ilki ziyarətin qiymətinin sonuncu səfərlə müqayisədə 1500 manata yaxın bahalaşdığı bildirilir.
Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarətinin qiymət artmasını, Səudiyyə Ərəbistanının xidmət sektorunda baş verən bahalaşmayla əlaqələndirir.
Millitv.az-ın məlumatına görə, bu mövzuyla bağlı iqtisadçı-ekspert Xalid Kərimli “AzPolitika.info”-ya şərhində bildirib ki, Həcc ziyarətində xərclərin artması təyyarə daşımaları, otel və ərzaq qiymətlərinin bahalaşmasıyla əlaqədardır: “Artımın digər əsas səbəblərindən biri isə bu sahədə rəqabət mühitinin olmamasıdır.
Belə səfərlər dini turizm olduğundan, burada müxtəlif tur operatorları fəaliyyət göstərməlidir. Həccə gedən zəvvarlarda öz büdcəsinə uyğun olan turu seçməlidir”.
Ekspert qeyd edib ki, hazırda Qafqaz Müsəlmanları İdarəsi bu sahədə monopoliya yaradaraq, Həcc turlarını yalnız öz xətti ilə təşkil edir: “Biz görürürük ki, hazırda bu sahə Qafqaz Müsəlmanları İdarəsinin monopoliyasındadır. Monopoliya olan yerdə hər zaman yüksək qiymət və aşağı keyfiyyət olur. Biz bunu müxəlif sahələrdə də görürük. Hesab edirəm ki, Həcc ziyarətinin daha münasib qiymətə təşkil olunması üçün müxtəlif turizm şirkətlərini bu prosesə cəlb etmək lazımdır”.
Xatırladaq ki, əvvəllər Həcc ziyarəti QMİ-lə yanaşı, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunurdu. Komitə bu prosesə müxtəlif tur şirkətlərini cəlb etdiyindən, insanlar daha münasib qiymətə ziyarətə gedə bilirdirlər. Lakin bir müddət sonra Həcc və Ümrə ziyarətinin təşklili Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətinə verildi. QMİ-si isə tur şirkətlərini bu prosesdən uzaq tutaraq, yalnız özü bu səfərləri təşkil etməyə başladı. QMİ bunu Həcc ziyarətini hansısa turizm şirkətinin təşkil etməsinin İslam dinində məqbul hesab olunmaması ilə bağlayır.
Heydər Məscidinin imamı, ilahiyyatçı Rüfət Qarayev “AzPolitika.info”-ya şərhində bildirib ki, Həcc və Ümrə ziyarətləri bir çox ölkələrdə dini qurumların nəzarəti altında həyata keçirilir: “Turizm Nazirliyi tərəfindən bu səfərin turistik fəaliyyət kimi həyata keçirilməsi düzgün deyil. Çünki burada şəriyyətin, Qurani-Kərimin hökmləri var və ziyarətdə mütləq şəkildə bu hökmlərə əməl olunmalıdır. Qafqaz Müsəlmanları İdarəsini tərəfindən həyata keçirilən ziyarətdə 44 nəfərin üzərində 1 nəfər rəhbər göndərilir. Həmin rəhbər şəxs ali savadlı, dini bilikli, Həccin həyata keçirilməsində təcrübə sahibi olmaldır. Rəhbər şəxslər şəriyyət hökmlərini, oradakı qaydaları insanlara izah etməlidirlər”.
İlahiyyatçı qeyd edib ki, bu proses mütləq şəkildə dini qurumun nəzərəti altında icra olunmaldır: “Əgər bu ziyarət müxtəlif tur şirkətləri tərəfindən həyata keçirilərsə, bu zaman dini qurumun bu işə nəzarət etməsi və təcrübəli ruhanilərin bu işdə iştirakı vacibdir. Bildiyiniz kimi Türkiyədə Həcc ziyarəti müxtəlif tur şirkətləri tərəfindən təşkil olunur. Bunun müsbət və məni tərəfləri var. Müsbət tərəfi odur ki, tur şirkətlərinin çox olması rəqabət mühitinin yaranmasına səbəb olur. Mənfi tərəfi də odur ki, tur şirkətləri müstəqil fəaliyyət göstərərsə, zəvvarların problemi yarandıqda dərdini deyəcəyi bir qurum tapa bilməz. Hesab edirəm ki, turizm şirkətləri Həcc ziyarətini Dini Qurumlar üzrə Dövlət Komitəsinin nəzarəti və QMİ-nin təcrübəli ruhanilərinin iştirakıyla təşkil etsələr, həm qiymət fərqliliyi yaranar, həm də insanlar daha rahat ziyarətlərini həyata keçirə bilərlər”.
Məlumat üçün qeyd edək ki, bu il Səudiyyə Ərəbsitanı Həcc ziyarətində iştirak edəcək yerli və xarici zəvvarlar üçün ümumilikdə 1 milyon yer ayırıb. Ən çox yer İndoneziya (100 051), Pakistan (81132), Hindistan(79 237), Bangladeş (57 585), Nigeriya (43 008), İran (39 640) və Türkiyədən (37 770) olan zəvvarlara ayrılıb. Həcc ziyarətinin xərclərinə gəlincə, İndoneziyada bu səfərin ümumi məbləği 3375 manat, Türkiyədə 6110 manat, İraqda 6476 manat, Pakisatanda 7086 manat, İranda 7500 manat, Hindistanda isə 7086 manat təşkil edir.
Müqayisədən də aydın olur ki, digər müsəlman ölkələrində Həcc ziyarəti Azərbaycana nisbətən daha ucuzdur. Adıçəkilən ölkələrdə müxtəlif turizm şirkətlərinin Həcc ziyarətini təşkil etməsi qiymət fərqinin yaranmasına səbəb olsa da, Qafqaz Müsəlmanları İdarəsi bu səfəri “şişiridlmiş qiymətlərlə” təşkil etməyə üstünük verir.
Qeyd edək ki, ilahiyyatçı İsmayıl Əhməd bu barədə kiçik bir araşdırma apararaq, QMİ-nin Həcc ziyarətini kifayət qədər baha qiymətə təşkil etdiyini ortaya çıxarıb: “Tutaq ki, Bakı-Məkkə-Bakı aviareysi 650 manata başa gəlir. 9106- 650= 8456 manat. 15 günlük ziyarət müddətində hotelin 1 gününü 100-150 manat götürək. 15×150= 2250 manat. 8456-2250= 6206 manat. Bundan adambaşına 500 manatda əlavə gözlənilməyən xərclərə çıxaq. 6302-500= 5706 manat. Bəs QMİ bunu necə hesablayır ki, belə bir məbləğ yaranır?”
Sonda qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin müəyyən etdiyi qiymətlərlə nəinki aşağı, orta təbəqəli insanların belə Həcc ziyarətində iştirakı xeyli çətinləşib. Hər halda təsadüfi deyil ki, son illər Həcc ziyarətində iştirak edənlər arasında daha çox tanınmış simalar - iş adamları, məmurlar, elit təbəqənin nümayəndələri gözə dəyir.
Təbii ki, İslamın 5 vacib şətindən biri olan Həcc ziyarətində iştirak etmək hər bir müsəlmanın borcudur və bunun üçün kimisə ittiham etmək doğru olmaz. Ancaq bu gün elə insanlar var ki, minlərlə müsəlmanın imkansızlıqdan gedib görə, ziyarət edə bilmədiyi dini məkanlara dəfələrə səfər edir, sanki bağışlanılmaz günahlarından bu yolla təmizlənməyə çalışırlar.
Elə götürək Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudası Qalib Salahzadəni. Bu şəxs 32 dəfə Hacı tituluna yiyələnsə də, 33-cü dəfə Həcc ziyarətində iştirak etmək niyyətinin olduğunu bildirib. Ancaq bu il tətbiq olunan yaş qadağasına görə, “32 qat Hacı” tituluna yiyələnən Qabilin bu arzusu ürəyində qalıb.
Görünən odur ki, Həcc ziyarəti Qafqaz Müsəlmanları İdarəsinin biznes maraqlarına xidmət etdiyi müddətcə, azərbaycanlı zəvvarların İslamın əsas şərtlərindən biri olan Həcc ziyarətində iştirakı növbəti illərdə bir qədər çətinləşəcək. Əvəzində isə Hacı Qabil kimi imkanlı şəxslər bu ziyarəti turistik gəzintiyə çevirərək, hər il Hacı tituluna yiyələnəcəklər...