Axtarış...

Əli Əliyevlə Tofiq Yaqublu arasında nə baş verir?

Əli Əliyevlə Tofiq Yaqublu arasında nə baş verir?


İki gündür ki, jurnalist Sevinc Osmanqızının yutub kanalında yayımlanan “Tofiq Yaqublu həbsdə olanda Əli Əliyevin dedikləri” adlı video sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Belə ki, həmin videoda Tofiq Yaqublu həbsdə olarkən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin onun haqqında dedikləri ilə hazırda həbsdə olan Əli Əliyev barəsində Tofiq Yaqublarının səsləndirdiyi fikirlər qarşılaşdırılır, müqayisə edilir.

Millitv.az xəbər verir ki, videoya feysbuk səhifəsində reaksiya verən Milli Şuranın üzvü Tofiq Yaqublu qeyd edib ki, xanım jurnalist bu videoda montaj yolu ilə manipulyasiyaya yol verib və məsələnin məğzindən xəbəri olmayan insanları çaşdırmağa çalışıb: “Çox hörmətli Sevinc Osmanqızı özünün Osmanqızı TV yutub kanalında "Tofiq Yaqublu həbsdə olanda Əli Əliyevin dedikləri" başlığı altında bir video paylaşıb. Çox təəssüf ki, o, belə bir manipulyasiyaya əl atdı. Çünki bununla məsələnin məğzindən xəbəri olmayan bir qisim insanlar çaşdırılır. Bəli, mən həbsdə olanda VİP sədri Əli Əliyev çoxları kimi mənim həbsimə etiraz edib. Məsələ burasındadır ki, mən də ilk gündən, (hətta o, prokurorluğa çağırılan gündən) Əli Əliyevin qanunsuz həbsinə etiraz etmişəm, (özü də daha çox və ardıcıl) onun hüquqlarının müdafiə komitəsinə üzv olmuşam və onu müdafiə etməkdə davam edirəm”.

Milli Şura üzvü qeyd edib ki, o, Sevinc Osmanqızının efirində dəfələrlə Əli Əliyevin həbsinin siyasi sifariş olduğunu, onun müxalifət mövqeyinə və danışdıqlarına görə cəzalandırıldığını deyib: “Feysbuk sosial şəbəkəsində Əli Əliyevlə bağlı onu müdafiə edən çoxlu statuslar yazmışam. Bunu başqa platformalarda da etmişəm. Yaxşı olardı ki, hörmətli Sevinc xanım montaj etdiyi bu videoda analoji olaraq mənim də Əli bəyin müdafiəsi üçün dediklərimi yerləşdirərdi, çünki belə daha dürüst olardı. İndi isə, mənim bu montaj edilmiş videodakı sözlərimə aydınlıq gətirim. Həmin sözlər "Azərbaycan saatı" verilişində Qənimət Zahidlə müsahibəmdən kontekstdən çıxarılaraq götürülüb. Hörmətli Sevinc xanım öz efirində məndən soruşur ki, niyə sizinkilər həbsdə olan Saleh Rüstəmli və Niyaməddin Əhmədov kimi "əhəmiyyətsiz" adamları çox ürəkdən müdafiə edirlər, onlar haqqında şəkillər və statuslar paylaşırlar, amma Əli Əliyev haqqında bunu etmirlər. Mən də cavabımda bildirmişəm ki, şəxsən mən özüm onu kifayət qədər müdafiə etmişəm, amma sıravi müsavatçı və cəbhəçilər onun haqqında belə düşündükləri üçün bu işdə həvəssizdirlər. Dostlar, əmin olun ki, siyasi mübarizə həyatımda bu məsələ də daxil olmaqla dilimin qısa, gözümün kölgəli olduğu bircə dənə də fakt, məqam yoxdur. Bizim hadisə və proseslərə Sevinc xanımın diktə və tələbi ilə yanaşma fikrimiz, nə də öhdəliyimiz yoxdur. Əli Əliyevə azadlıq tələb edirəm!”.

Xatırladaq ki, Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya düşən DSX-yə məxsus “Mi-17” tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Text-to-Speech

DİNLƏ






Şərh yaz