Azərbaycanda vəzifəli şəxslərin böyük bizneslərə, villalara, obyektlərə sahib olmaları barədə çox yazılıb. Dövlətdən maliyyələşən təşkilatlara rəhbərlik edən əksəriyyət məmurların sahib olduqları var-dövlətlə aldıqları məvaciblər isə böyük ziddiyyət təşkil edir.
Millitv.az xəbər verir ki, AzFakt.com-un əldə etdiy məlumata görə, belə məmurlardan biri də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin birinci müavini Mübariz Cabbarovdur. Əldə etdiyimiz sənədlərdən görünür ki, Mübariz Cabbarov Zaqatala rayonunun Aşağı Tala kəndində 1,5 hektar ərazidə ümumi tikinti sahəsi 1200 kvadrat metr olan 1 mərtəbəli soyuducu anbar, talvar və anbar binaları inşa etdirib. Mübariz Cabbarovun adına sənədləşdirilən obyektin qiymətinin isə 1 milyon manat civarında olduğu deyilir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə Mübariz Mustafa oğlu Cabbarov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini təyin edilib.
Bildirək ki, Mübariz Cabbarov qeyd etdiyimiz soyuducu anbarı vəzifəyə təyin olunduqdan bir müddət sonra inşa etdirib.