Fransada yaşayan azərbaycanl fəal Elnur Məcidli Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini tənqid atəşinə tutub.
Millitv.az Reportyor.info-ya istinadla onun yazdıqlarını təqdim edir:
Azərbaycana növbəti səfərim, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Şuşada təşkil etdiyi Dünya Azərbaycanlılarının 5-ci qurultayı ilə eyni tarixlərə düşsə də, bu tamamilə təsadüfdən ibarət idi.
Yəni, mənim Azərbaycana gəlməyim əvvəlcədən ailəliklə etdiyimiz planın bir parçasıydı və aylar öncədən övladlarımızın oxuduğu məktəbdəki bahar tətilinin tarixlərini nəzərə alaraq planladığımız və ailə büdcəmizdə nəzərdə tutulan səfər və tətil planı idi.
Şuşadakı qurultay hazırlıqlarıyla bağlı xəbəri də, elə səfər əsnasında öyrəndim.
Əvvəlcə, burada bir haşiyəyə çıxmaq istəyirəm:
Mən, 11 illik ayrılıqdan sonra vətənə ilk səfərim və
səfər sonrasında müxtəlif dövlət qurumlarının nümayəndələriylə Şuşada Dünya Azərbaycanlılarının Forumunun keçirilməsiylə bağlı layihəni icra etməklə bağlı fikirlər səsləndirmişdim.
Lakin format və prosesin icrası, Diaspor Komitəsinin təşkil etdiyindən fərqli idi, bu barədə az sonra danışacam.
Qurultay ərəfəsində və sonrasında, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların sosial şəbəkələrdə Diaspor Komitəsini “quru yuyub yaş sərməsinin” kifayət qədər haqlı səbəbləri vardı.
Diaspor Komitəsi, korrupsioner oliqarx İbrahimov qardaşlarından yaxa qurtaranda, gənc deputat, Fuad Muradovun təyinatı, bu komitənin gələcək fəaliyyəti ilə bağlı müsbət düşünməyə vadar edirdi.
Lakin, onun rəhbərliyi altında keçən 4 ildə, çox təəssüf ki, kosmetik dəyişiklərdən başqa Diaspor Komitəsinin fəaliyyətində ciddi dəyişikliklər və irəliləyişlər baş vermədi.
Diaspor Komitəsi, xaricdəki yaşayan milyonlarla azərbaycanlını əhatə etmək, və kəmiyyəti keyfiyyətə, siyasi-ictimai gücə çevirməyi bacarmadı. Fuad Muradovun rəhbərlik etdiyi bu komitə, elə Nazim İbrahimovun dövründə olduğu kimi, dar çərçivədə və çevrədə, içinə qapanıq şəkildə öz fəaliyyətini davam etdirməkdədir.
Hətta, kəskin tənqid etdiyimiz Nazim İbrahimovun dövründə belə, Vahid Ələkbərov, Araz Ağalarov, o cümlədən Lujkov kimi nəhənglər, Rusiyada, Avropada diaspor fəaliyyətlərinə cəlb olunmuş, onların iştirakıyla bir sıra layihələr icra olunmuşdu.
İndi isə, Diaspor Komitəsinin fəaliyyəti, onlayn söz bazarına oxşayır, twitterda, facebookda, zoomda gurlamaqdan, status yazmaqdan o tərəfə getmir.
Ümumi fəaliyyətini, müxtəlif ölkələrdə fəaliyyət göstərən, əhatəsində 5-10 azərbaycanlının olduğu Azərbaycan evləri üzərindən quran Diaspor Komitəsinin, bu illər ərzində əldə etdiyi uğurlar maraqlı olardı.
Hansısa evdə, yaxud dönərçidə yemək yeyib, hesabını Diaspor Komitəsinə yazaraq, adını yeni İl, yaxud Novruz bayramı tədbiri qoymaqla kimi aldatmış oluruq?
Son 4 ildə, Diaspor Komitəsi, Azərbaycanın hansı ölkəylə münasibətlərinin yaxşılaşmasına, inkişafına, stratejik müttəfiqliq səviyyəsinə gəlməsinə öz ciddi töfhələrini vermişdir ?
Bu komitənin yaranma məqsədi və fəaliyyət istiqamətinin necə olması gərəkdiyini doğrudan da bilirikmi ?
Bu sualların bir cavabı da olmalıdır.
Bu gün Avropada, Amerikada, Rusiyada və bir çox dünya ölkəsində əslən azərbaycanlı olan, lakin Azərbaycanda doğulmayan, azərbaycan dilini kifayət qədər yaxşı bilməyən, əvəzində yaşadığı ölkənin vətəndaşlığını daşıyan, yaşadığı cəmiyyətə uğurla inteqrasiya etmiş yeni nəsil gəlir.
1990-cı illərdə, hətta 2000-ci illərin əvvəllərində, bu və ya digər səbəbdən Avropaya, Amerikaya üz tutmuş minlərlə azərbaycanlı ailənin, yerləşdikləri ölkədə doğulan övladları, bu gün artıq 20-25 yaşlarında gənclərdirlər.
Görəsən, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin bu gənclərlə bağlı hansısa fəaliyyət planı varmı?!
Mən zənn etmirəm!
Şuşa qurultayı da, buna əyani sübutdur!
Şuşa qurultayı
Şuşa qurultayında, iştirakçılar arasında xarici ölkələrdə qısamüddətli təhsil alan tələbələrin olması çaşqınlıq yaratdı, çünki bu qurultaya, sadəcə o ölkələrdə daimi olaraq məskunlaşan, öz fəaliyyəti və uğurlarıyla nümunə olan həmvətənlərimizin dəvət olunması daha doğru olardı.
Bu yaxınlarda, ölkə prezidenti İlham Əliyevin Gəncə səfəri zamanı, yol qırağına əkilən ağacların yerindən çıxarılması videolar paylaşılmışdı.
Bax, Diaspora Komitəsinin Şuşada verdiyi görüntü də buna bənzəyirdi, dəvət olunanların arasında xeyli dəyərli insan olsa da, əkilib sonra yerindən çıxarılan ağac rolunu oynayanlar da az deyildi.
Bu cür dekorativ adamlar, sadəcə fiquran yaxud dekorasiya rolunu oynayır və kəmiyyət artırırlar. Diaspor Komitəsinin puluyla Azərbaycana gəlir və gəzirlər. Aralarında, çox güman ki, elələri də tapılar ki, sadəcə qurultaydan-qurultaya, Diaspor Komitəsi onların yol pulunu ödəyəndə Azərbaycana gəlirlər.
Görəsən, indi, 5-ci qurultay iştirakçıları arasında 6-cı qurultaya qədər Azərbaycana getməyəcək neçə nəfər var ?!
Araşdırsanız, görəcəksiniz ki, bu insanların bir qismi, ümumiyyətlə yaşadıqları ölkədə işsizdirlər, sosial yardımlarla yaşayırlar, yaşadıqları ölkənin dilini belə düz-əməlli bilmirlər, qonşularının belə tanımadığı, əlaqə qurmadığı adamlardır.
Yazının əvvəlində də bilrdiyim kimi, hələ keçən il, Şuşada xaricdə müxtəlif dövlət qurumlarında və holdinqlərdə işləyən, yüksək vəzifə tutan, yaxud böyük şirkətlərə rəhbərlik edən gənc azərbaycanlıların və Azərbaycan əsilllilərin (25-45 yaş arası) iştirak edəcəyi forum layihəsi ilə bağlı təklif səsləndirmişdim.
Bu təklifdə, dünyanın bir sıra aparıcı ölkələrində rəhbər vəzifələrdə çalışan, böyük bizneş şəbəkələri və ictimai-siyasi əlaqələri olan azərbaycanlılar və azərbaycanlılarla yanaşı, bu ölkələrin dövlət strukturlarından da xarici rəhbər şəxsləri bu foruma dəvət edərək, beynəlmiləl forum havasında, yaxud Beynəlxalq Şuşa Forumu adlandıra biləcəyimiz formatda bir tədbir keçirilməsini nəzərdə tuturdum.
Biz, Fransada bəzən qohumlar, azərbaycanlı dostlar yığışanda, Diaspor Komitəsinin Fransada öz ətrafına mobilizasiya edə biləcəyi kütlədən dəfələrlə çox oluruq.
Bu baxımdan, Diaspor Komitəsinin nə Avropada, nə Amerikada heç bir ağırlığı, dövlət qurumu kimi, azərbaycanlıların nəzərində heç bir çəkisi yoxdur.
Mən, Diaspor Komitəsində işləyən, xeyli vətənpərvər insanın olduğunu da bilirəm, Azərbaycana səfərimdə həmin insanların bir qismiylə görüşdüm, indi yazdığım iradların bənzərlərini onlara da bildirdim, ancaq bilirəm ki, fəaliyyət mexanizmini onlar müəyyənləşdirmirlər.
Bəs Diaspor Komitəsini niyə bu qədər tənqid olunur və fəaliyyət istimatləri necə olmalıdır, maddə-maddə yazmağa çalışacam.
1. Xaricdə böyüyən gənc nəsil və iki yaxud ikinci vətəndaşlığı olanlar
Yuxarıda da qeyd etdiyim kimi, inkişaf etmiş qərb ölkələrində formalaşmaqda olan yeni gənc nəsil var. Onlar, bu ölkələrə qısammüddətli təhsil almağa gələn tələbələrdən fərqli olaraq, burada doğulmuş, böyümüş və yaşadıqları cəmiyyətin bir parçasına çevrilmiş fərdlərdir.
Bəzən, biz də toplaşanda, bir məqam həmişə diqqətimi çəkir, böyüklərin azərbaycan dilində danışdığı məclislərdə, kiçiklər, yəni övladlarımız öz aralarında fransız dilində danışırlar, əminəm ki, ABŞ-da da, Almaniyada da, Britaniyada da belədir, bunun qarşısını almaq qeyri-mümkündür.
Lakin, biz uşaqlarımıza qürbətdə belə milli vətənpərvərlik, azərbaycançılıq hisslərini aşılamağa davam edirik. Necə ki, bir müsəlman kimi, ərəbin dilini bilməsək də, Məkkə və Kəbə bizim üçün müqəddəsdir, eləcə də, bizim övladlarımız azərbaycan dilində səlis danışa bilməsələr də, Azərbaycan onların Kəbəsi olmalıdır.
2-ci Qarabağ müharibəsi zamanı, mən bu gəncliyin Fransadakı aktivliyinin şahidi oldum, çalışdıqları iş yerlərindən tutmuş, dostları arasında, sosial şəbəkələrin fransız seqmentində apardıqları söz savaşı, yeri gələndə mobilizasiya olaraq göstərdikləri qətiyyət həqiqətən alqışa layiq və dəyərləndirilməli addımlar idi.
Ölkə xaricində, Diaspor Komitəsinə yaxın adamların, təşkilatların müharibə dövründə, erməni diasporunun həyasız təbliğatına qarşı, bizim aqressiv qarşılıq verməyimizi emosional adlandırması, özlərini “ehtiyatlı” aparması və passiv mövqe sərgimələri nəzərdən qaçmırdı.
Qarabağ müharibəsi dövründə, erməni diasporunun iftira dolu təbliğatının qarşısına sinəsini verənlərin əksəriyyəti, siyasi mövqesindən asılı olmayaraq və bir mənalı olaraq bu ölkələrdə yaşayan və böyüyən sıravi insanlar idi.
Hansı ki, siz o insanların böyük əksəriyyətini, Diaspor Komitəsinin yaxud bu komitəyə bağlı təşkilatların keçirdiyi tədbirlərdə görə bilməzsiniz.
Bu gənclərin içində, TOTAL, BP, Renault, Peugeot, Mercedes, BMW kimi texnologiya nəhənglərində, müxtəlif dövlət qurumlarında, finans sektorunda çalışanlar, müxtəlif sektorlarda böyük şirkətlərə rəhbərlik edənlər var.
Hansı ki, onlar, yaşadıqları ölkələrdə Azərbaycan diasporunun ümumi işinə, diasporun institut kimi formalaşmasına, siyasi-ictimai rəy gücünə böyük töfhələr verə bilərlər. Hazırda isə, biz bu insanların bu və ya digər səbəbdən görməzdən gəlindiyini, kənarda saxlandığını görürük, bu qəbuledilməzdir.
Əvəzində, Diaspora Komitəsinin informasiya bazasını çalxalasaq, 3 Novruzəli, 2 Tükəzban çıxacaq.
Kifayər qədər uğurlu, stratejik vəzifə və qurumlarda işləyən bu gəncləri, ümummilli məsələlərə cəlb etməməkdə Diaspor Komitəsi necə maraqlı ola bilər?
Digər məsələ, yaşadığı ölkənin vətəndaşlığını qəbul edən – ya ikili vətəndaşlıq daşıyan, yaxud ümumiyyətlə yaşadığı ölkənin vətəndaşlığı olan azərbaycanlılarla bağlıdır.
Bu gün, Avropa ölkələrində, ABŞ və Kanadada yaşadığı ölkənin vətəndaşlığını almış və yaşadıqları ölkələrdə səs vermə hüquqları olan çox ciddi sayda azərbaycanlı və Azərbaycan əsilli vətəndaş var. Bu vətəndaşlarımızın bir hərəkət etməsində, yaşadıqları ölkələrdəki siyasi atmosferdə özlərini diaspor gücü kimi formalaşdırmasında ilk növbədə Diaspor Komitəsi maraqlı olmalıdır.
Azərbaycanın bu ölkələrdə və o ölkələrin nüfuz etdiyi yerlərdə milli maraqlarının təmin olunması prosesi də, məhz bu ölkələrin daxili siyasətində azərbaycan diasporunun güclü ictimai və siyasi rəy formalaşdırmasından asılıdır.
2. Diaspor Komitəsinin fəaliyyət mexanizmi necə olmalıdır ? – Erməni diasporu ilə müqayisə
Avropa və Amerika ölkələrində erməni diasporunun 1 əsrdən çox tarixi olsa da, Diasporla İş üzrə Ali Komissarlığın Aparatı 2019-cu ildə Ermənistan Respublikasının baş naziri tərəfindən yaradılıb.
Bu komissarlığın fəaliyyəti aşağıdakı 9 istiqaməti əhatə edir:
1. Diasporda dövlət mərkəzli şəxsiyyət formalaşmasının təşviqi
2. Tərəfdaşlıq, proqramlar və tədbirlər vasitəsilə vətənlə güclü diaspor əlaqələrinin inkişaf etdirilməsi
3. Diasporda gənclərin liderliyinin və icma təşkilatının dəstəklənməsi
4. Pan-erməni təşkilatlarının birləşdirilməsi və Ermənistanın inkişafına cəlb edilməsi
5. Ermənistanda institutların qurulması və gücləndirilməsinə erməni peşəkar potensialının cəlb
edilməsi
6. Repatriasiyanın təşviq edilməsi və repatriantlar üçün rahat inteqrasiya prosesinin təmin edilməsi
7. Diaspor investorlarına və xeyriyyəçilərinə Ermənistandakı layihələrdə köməklik etmək
8. Diasporun peşəkar potensialının xəritəsini çəkmək
9. Diasporu Ermənistanda və diaspor icmalarında cari hadisələrlə bağlı məlumatlandırmaq.
İnternetdə, siz bu komissarlığın 2 illik fəaliyyətinin hesabatını asanlıqla tapa bilərsiniz.
Eyni zamanda bu komissarlığın, ölkə xaricində yaşayan 22-35 yaşlı gənc erməniləri, “Diaspor Gənclik Səfiri” layihəsinə cəlb etməsini, 13-18 yaşlı diaspor gəncləri üçün “Evə doğru addımlayın” adıyla 2 həftəlik Ermənistanda təhsil yay proqramı və erməni dilinin qorunub saxlanması və inkişafıyla bağlı layihələr, “iGorts” adlı diaspor erməni peşəkarlarını Ermənistan Respublikasının dövlət sektorunda və hökumətində işləməyə dəvət edən təqaüd proqramını həyata keçirdiyini, “NerUzh” adında texnoloji startap diaspora sahibkarlarını öz startaplarını Ermənistanda qurmaq imkanları ilə tanış etmək üçün nəzərdə tutulmuş layihəni və s. sadalamaq mümkündür.
Bütün bu yuxarıda yazdıqlarımdan sonra, müharibədə məğlub olmuş Ermənistanın cəmi 2 yaşlı diaspor komissarlığının fəaliyyəti qarşısında, düşmən qarşısında böyük zəfər çalmış, qalib Azərbaycanın 20 illik tarixi olan Diaspor Komitəsinin fəaliyyətinin necə də çəlimsiz və sönük olmasını görmək, çox üzücü bir haldır.
Təəssüf ki, Diaspor Komitəsinin diaspor azərbaycanlıları qarşısında yerinə yetirdiyi heç bir öhdəlik olmamaqla bərabər, heç bir hesabatlılığı da yoxdur.
3. Diaspor Komitəsinin büdcəsi necə formalaşmalıdır ?
Diaspor Komitəsinin fəaliyyəti üçün illik təxminən dövlət büdcəsindən 10 milyon manat ayrılmaqdadır.
Şuşadakı qurultaya isə, 3 milyon manat büdcə ayrıldığı bildirilir. Ümid edirəm ki, bu qurultayın hesabatını da, şəffaf şəkildə ictimaiyyətə verə biləcəklər.
Mənim fikrimcə, ümumiyyətlə Diaspor Komitəsinə büdcədən pul ayrılmamalıdır, yaxud fəaliyyəti üçün ayrılan büdcə daha simvolik olmalıdır.
Diaspor Komitəsi öz fəaliyyətini və layihələrini daha çox, xaricdəki azərbaycanlılardan yığılan ianələr və üzvlük haqqları hesabına, yaxud azərbaycanlı iş adamlarının maddi dəstəyi ilə həyata keçirilməlidir.
Bu təklif, indiki reallıqda bəlkə də bir qədər utopik səslənsə də, bunun günahkarı elə Diaspor Komitəsinin özüdür. Xaricdə, ətrafına yığdığı 3-5 nəfəri yaxud təşkilatı ələ baxıma öyrəşdirmənin adı diaspor fəaliyyəti deyil!
Diaspor fəaliyyətini, diaspor azərbaycanlıları şəkilləndirməli və maliyyələşdirməlidir.
Büdcə ayırdığınız adamların və təşkilatlara, finans yardımını dayandıraraq, həm də o təşkilat və şəxslərin fəaliyyətini və vətənpərvərliyini də test etmiş olarsınız!
10 milyon manat xaricdə yaşayan azərbaycanlılar üçün böyük büdcə deyil, bu prosesə yüzlərlə və hətta minlərlə azərbaycanlını cəlb etmək olar, bir şərtlə ki, şəffaf və kollektiv idarə etmə təmin olunsun və Diaspor Komitəsi, sözün həqiqi mənasında, Azərbaycanda ölkədən kənarda yaşayan azərbaycanlıların səsi olsun!
İllik dövrüyyəsi, yaxud kapitalı milyonlarla dolları əhatə edən nə qədər xaricdə yaşayan azərbaycanlı iş adamı var, illik maaşı 100 min dolların üzərində olan minlərlə həmvətənimiz var.
Bu insanları, müxtəlif şəbəkə və layihələrlə prosesə cəlb edərək, Azərbaycan daxilində müəyyən imtiyazlar tanımaqla, kiçik üzvlük haqqlarıyla belə Diaspor Komitəsinin indiki büdcəsini formalaşdırmaq mümkündür.
Şuşada keçirilən qurultaya öz puluyla təyyarə biletini alıb, hotel rezervasiyasını edəcək minlərlə azərbaycanlı var!
Belə bir halda, bu qurultaya ayrılan məbləği yeyinti və israf kimi də görmək olar.
4. Diaspor Komitəsinin fəaliyyət istiqamətləri
Diaspor Komitəsi, Təhsil Nazirliyi ilə çalışmalıdır.
Xarici ölkələrdə, azərbaycanlıların kompakt yaşadıqları yerlərdə azərbaycan məktəblərinin qurulması, yaxud Təhsil Nazirliyi vasitəsiylə azərbaycan dili və ədəbiyyatı müəllimlərinin bu ölkələrə göndərilməsi məsələsi layihələndirilməlidir, hansı ki, bənzər prosesi Türkiyə Milli Təhsil Nazirliyi on illərdir həyata keçirir, bu təcrübədən faydalanmaq lazımdır.
Ümumiyyətlə, qardaş Türkiyədə, xaricdəki türk diasporu üçün qurulan “Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığı” kifayət qədər nümunə alacağımız və birgə əməkdaşlıq edəcəyimiz məqamlar var.
Eyni zamanda, xaricdə yaşayan və təhsil almış azərbaycanlıların diplomlarının tanınması və Azərbaycanda işlə təmin olunma imkanları da prioritet mövzulardan biri olmalıdır.
Diaspor Komitəsi, İqtisadiyyat Nazirliyi ilə çalışmalıdır.
Diaspor azərbaycanlılarının ölkədə iş qurma və investisiya cəhdlərinin dəstəklənməsi və vergi güzəştlərinin edilməsiylə bağlı Diaspor Komitəsi, İqtisadiyyat Nazirliyi ilə birgə layihələr həyata keçirməlidir.
Mən bildiyim qədər, ABŞ-da yaşayan və şirkətini 50 milyon dollara Twitter-a satmasıyla məşhurlaşan, hər uğuruyla fəxr etdiyimiz gənc həmvətənimiz Tural Bədirxanlı, Azərbaycanda informatika sahəsində çalışdırdığı işçilərə görə vergi məsələlərində çətinliklərlə üzləşib, hansı ki, indi üzərində işlədiyi layihənin dəyəri 100 milyon dollardan çoxdur. Belə bir gəncin, gənc iş adamının Azərbaycanda investiyası davamlı təşviq olunmalıdır.
Həmçinin, işğaldan azad olunmuş ərazilərə xaricdəki milli investisiyanın cəlbi üçün Diaspor Komitəsi öndə olmalıdır, bununla bağlı İqtisadiyyat Nazirliyi ilə birgə forumlar təşkil etməli, şəbəkələr qurmalıdır.
İşğaldan azad etdiyimiz ərazilərdə milli aqrar sənayenin qurulması və inkişafı, kənd təsərrüfatının formalaşmasına diasporun azərbaycanlı iş adamları da cəlb oluna və onlar üçün geniş imkanlar yaradıla bilər.
Bu gün, həmin iş adamları, öz şəxsi əlaqələri hesabına, yaxud müxtəlif qurumlarla ünsiyyət quraraq Qarabağın yenidən qurulmasında iştirak etməyə can atırlar.
Diaspor Komitəsi Gənclər və İdman Nazirliyi ilə çalışmalıdır.
Gənclər və İdman Nazirliyi deyəndə, ilk başda ağlıma rəhmətlik Azad müəllim gəlir.
FASE forumlarında iştirakı və verdiyi dəstək, Azərbaycanın gənclər diasporu üçün böyük töfhə idi, bu gün də xüsusi ehtiramla yad edilir.
Bu proses bu gün də davam etdirilməli, Diaspor Komitəsi, ölkə daxilində yay kampları, ölkə xaricində müxtəlif beynəlxalq qurumlarda, aparıcı dövlətlərin institutlarında forumlar təşkil etməli, ziyalı diaspor şəbəkəsi formalaşdırmalıdır.
Diaspor təşkilatları, Diaspor Komitəsindən pul istəmək yerinə, yaşadıqları ölkənin qurumlarından, bələdiyyələrindən, fondlardan, Avropa Komissiyasından və s. idarələrdən subvansiya və qrant layihələri almağa çalışmalıdırlar, necə ki, bunu digər millətlərin diaspor təşkilatları edir.
Mən yaxşı xatırlayıram ki, tələbə olarkən, bizim tələbə təşkilatımız, yerləşdiyi şəhər meriyasından kiçik ölçülü subvansiyalar ala bilirdi və biz həmin subvansiya ilə mədəni və təbliğat xarakterli tədbirlər təşkil edə bilirdik.
2-ci Qarabağ müharibəsi dövründə, biz Azərbaycanlı Tələbələrin Avropa Forumunun (FASE) fəaliyyətinin yenidən bərpasının nə qədər vacib olduğunu bir daha görmüş olduq.
Avropa Komissiyasından subvansiya almağı bacaran, Avropa Parlamentində qeydiyyata düşən FASE, fəaliyyətini davam etdirsəydi, müharibə dövründə artıq 15 illik köklü bir təşkilat olacaqdı və Avropadakı Azərbaycanlı İcmasının səsi beynəlxalq tribunalardan daha gur çıxacaqdı.
Bununla yanaşı, bu gün Avropada və Amerikada çox sayda müxtəlif idman növləri üzrə və o cümlədən tanınmış klubları təmsil edən azərbaycanlı yeniyetmə və gənclərin, Azərbaycan idmanına qazandırılması prosesində də Diaspor Komitəsi bir başa iştirak etməli və bununla bağlı ətraflı daxili data baza yaradılmalıdır.
Diaspor Komitəsi Xarici İşlər Nazirliyi ilə çalışmalıdır.
Diaspor və lobbiçilik fəaliyyətlərində XİN ilə işləmək mütləqdir və bunun özü elə bir-birini tamamlayan prosesdir. Azərbaycan XİN və Diaspor Komitəsinin ortaq layihə və tədbirlər həyata keçirməsi zərurətdir.
Həmçinin, xaricdə doğulan azərbaycanlıların və Azərbaycan əsilli xarici vətəndaşların qeydə alınması, onlara sürətli şəkildə vətəndaşlıq verilməsi, sadələşdirilmiş qeydiyyat prosesinin yaradılması və s. kimi məqamlar üzərində bu iki qurumun ortaq işləri və töfhələri olmalıdır.
Diaspor Komitəsi Turizm Nazirliyi ilə çalışmalıdır.
Azərbaycana xarici turist cəlbində, azərbaycan diasporu mühüm rol oynaya bilər. Tibbi turizm, kulinariya və tarix turizminin təbliğində Diaspor Komitəsi də maraqlı olmalı, diaspor azərbaycanlılarıyla birgə yaşadıqları ölkələrdə ortaq layihələr həyata keçirməlidir.
Sadələşdirilmiş viza rejiminin təbliği və diaspor azərbaycanlıların turizm planlarını Azərbaycana salmaqla bağlı proqramların hazırlanması mütləqdir.
Diaspor Komitəsi Mədəniyyət Nazirliyi ilə çalışmalıdır.
Azərbaycan mədəniyyətinin xaricdə təbliği ilə yanaşı, xaricdəki Azərbaycan mədəni irsinin tapılması, qorunub saxlanmasıyla bağlı layihələrə, Heydər Əliyev Fondunun verdiyi töfhələrdən Diaspor Komitəsi özünə nümunə götürməlidir.
Diaspor komitəsi, diaspor irsinin qorunmasında və milli çalarlarla ötürülməsində təşəbbüslər göstərməli və prosesdə aktiv rol almalıdır.
Diaspor Komitəsi bütün dövlət qurumlarıyla diaspor azərbaycanlıları üçün çalışmalıdır.
Diaspor Komitəsi müxtəlif dövlət və qeyri-dövlət qurumlarıyla diaspor azərbaycanlılarını özünə cəlb edəcək layihələr işləməlidir.
Məsələn, diaspor azərbaycanlıları üçün ölkədəki yerli banklarla, müəyyən güzəşt və imtiyazlarla, həmçinin xarici ölkələrdə ödəmələri faizsiz edən bank hesablarının açılmasıyla bağlı fəaliyyəti ola bilər.
Qısaca icra ediləcək layihələr və görüləcək işlər çoxdur və bütün bu işləri bacaracaq gücdəyik. Yetər ki, Diaspor Komitəsi öz fəaliyyətini bu yöndə qurmağı bacarsın.
Diaspor Komitəsi, həm də Azərbaycanın diaspor siyasətini müəyyənləşdirən qurumdur.
Məhz, buna görə də, bu komitənin diaspor azərbaycanlıları ilə bağlı dövlət qarşısında daşıdığı böyük məsuliyyət var.
Bu məsuliyyətin ciddi şəkildə dərk edilməsi və layiqli şəkildə doğruldulması, olduqca vacibdir.
Diaspor azərbaycanlılarını, Azərbaycanın iqtisadi inkişafına və beynəlxalq nüfuzunun artmasına töfhə verməyə cəlb etmək, Diaspor Komitəsinin işidir.
Anlamaq lazımdır ki, Diaspor Komitəsinin quruluşu və mövcudiyyəti, bir başa diaspor azərbaycanlılarıyla bağlıdır, diasporu olmayan, öz diasporuyla hərtərəfli işləməyən komitə, diasporun dəstəyindən məhrum, diasporsuz komitədir.