Axtarış...

Fuad Muradovun GÜNAHSIZ YALANI... - Gənc komitə sədri NƏYƏ NAİL OLMAQ İSTƏYİR?

Fuad Muradovun GÜNAHSIZ YALANI... - Gənc komitə sədri NƏYƏ NAİL OLMAQ İSTƏYİR?

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində Ankarada Azərbaycan Evinin və Şuşa Konfrans Mərkəzinin açılışı olub. Bu barədə AZƏRTAC məlumat yayıb.

Əgər kiçik bir “əmma” olmasaydı, təbii ki, Silahlı Qüvvələr Gününü Türkiyədə qeyd edən Fuad Muradovun bu addımı alqışlanmalıydı. Qeyd etdiyimiz o kiçik “əmma” “Azərbaycan Evi” ilə bağlıdır və açığı Fuad Muradovun Ankarada “Azərbaycan Evi”nin açılışını etməsi bizə anlaşılmaz gəldi. Çünki Türkiyədə “Azərbaycan Evi” layihəsi xalqımızın böyük dostu, dünya şöhrətli türk alimi, mərhum İhsan Doğramaçıya aiddir. Bu layihə hələ 1997-ci ildə Ulu öndər Heydər Əliyevin iştirakı ilə İhsan Doğramacı tərəfindən iki ölkə arasında mədəni münasibətlərin daha da dərinləşdirilməsi məqsədi təşkil olunub. 200-ci illərdən başlayaraq isə Türkiyədə “Azərbaycan Evləri” qurulub. Ankarada “Azərbaycan Evi” 2015-ci ildən fəaliyyət göstərir.

Fuad Muradovun Ankarada illərdir fəaliyyət göstərən “Azərbaycan Evi”ni bir də yenidən “açması” bu səbəbdən bizdə maraq və anlaşılmazlıq doğurdu və oxucular da təqdir edər ki, belə bir xəbərin dövlət informasiya agentliyi tərəfindən yayımlanması ən azından cəmiyyəti rəsmi şəkildə yanlı məlumatlandırmaq kimi görünür. Ən azından AZƏRTAC Türkiyədə fəaliyyət göstərən “Azərbaycan Evləri” barədə asanlıqla məlumat toplaya bilərdi.

Lakin bizim bu günkü mövzumuz AZƏRTAC deyil, məhz bu ucuz yalanı Azərbaycan xalqına “sırımaq” istəyən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovdur. Cənab Muradov bu “günahsız” yalanı Azərbaycan cəmiyyətinə “sırımaqla” və İhsan Doramacı ilə Heydər Əliyevin birgə layihəsini öz adına çıxmaqla nəyə can atır? Özünün doğrudanda işlədiyini rəhbərliyə və xalqa göstərmək üçünmü belə ucuz hiylələrə əl atır?.. Yoxsa bu sadəcə populizmin ifrat göstəricisi olaraq dəyərləndirilməlidir?

Qeyd edək ki, bu məsələdə Fuad Muradov heç də tək deyil. Azərbaycanın irili-xırdalı məmurlarının böyük əksəriyyəti məhz gözə kül üfürməklə özlərini Azərbaycan xalqına “Bisütunu yaran Fərhad” kimi təqdim edirlər. Ancaq azacıq araşdırdıqda onların gördükləri işlərin altından ancaq bir şey çıxır: Korrupsiya... və xaricdə milyonluq mülklər...

Bu arada Diasporla İş üzrə Dövlət Komitəsinin dost və qardaş Türkiyədəki fəaliyyəti çox rəngarəng və gözqamaşdırıcıdır və insaf naminə deməliyik ki, Fuad Muradovdan əvvəl də bu belə idi. Ancaq onu deməliyik ki, Azərbaycanın Türkiyədə bu qədər çoxsaylı diaspor təşkilatları yaratmaq kimi bir ehtiyacı da yoxdur. Çünki yuxarıda da qeyd etdiyimiz kimi Türkiyə Azərbaycana qardaş ölkədir və hər kəsin bildiyi kimi, bir millət, iki dövlətdir. Maraqlıdır ki, Azərbaycan dövlətinin diasporalara çəkdiyi xərclərin əsas hissəini də məhz Türliyənin diaspor “bataqlıqları udur” və yerindən qalxan da Azərbaycanı Türkiyədə təbliğ etməyə gedir. Halbuki buna ehtiyacımız yoxdur və yuxarıda qeyd etdiyimiz kimi bu sadəcə gözə kül üfürməkdən başqa bir şey deyil.

Bizim ehtiyacımız olan şey Azərbaycana dost olmayan, ya da Azərbaycanı tanımayan ölkələrdə “Fərhad kimi Bisütunları” yarmaqdır. Və çox təəssüf hissi ilə qeyd etməliyik ki, istər səfirliklərimizin, istərsə də Diasporla İş üzrə Dövlət Komitəsinin dost olmayan, ya da bizi tanımayan ölkələrdəki fəaliyyətlərii sıfırın altındadır. Həmin ölkələrdə əgər hər hansı fəaliyyət varsa da, bu fəaliyyət bizə neqativ təsir göstərir və bu neqativliyi yaradan əsas səbəb isə məhz təbliğatçının əsas məqsədinin əslində özünü təbliğ etməsidir. Yəni biz “siçandan fil düzəltməyə” cəhd edirik və son nəticədə siçanı da bərbad hala salırıq.

Bu günlərdə bizim Fransada və ABŞ-da diaspor və lobbi gücümüz tam aydınlığı ilə ortaya çıxdı və məlum oldu ki, bu ölkələrdə ermənilər fil boydadırlar, biz isə siçan boyda belə deyilik. Gəlin obyektiv olaq. Doğrudan da bu ölkələrdə və digər aparıcı Qərb ölkələrində erməni diasporu 200 ildir ki, bu işlərlə məşğuldur. Biz isə bu işlərə sadəcə 30 ildir baş qoşuruq. Lakin baş qoşuruqmu? Bütün məsələ də ondadır ki, baş qoşmuruq. Sadəcə bunun görüntüsünü yaradırıq.

Mən tamamilə onunla da razıyam ki, misal üçün Fransanın bölgədəki geosiyasi maraqları Ermənistan üzərində qurulub. Bu üzdən də Paris öz seçimini edərkən də uzun düşünmək istəmir və bir çox halladra gözüyumulu seçimini edir. Lakin Fransadakı erməni diasporu da böyük işlər görür və siyasi əlaqələri ən üst səviyyədədir. Bu gün Fransadakı erməni diasporunun təsir gücü Əlcəzairin təsir gücündən az deyil və bu erməni diasporunun uzun illər boyu məqsədyönlü fəaliyyətinin nəticəsidir.

Bəs Azərbaycan diasporu bu 30 ildə Fransada hansı siyasi əlaqələrə sahib ola bilib? Axı Fransada azərbaycanlılar heç də az deyil. Türkləri də əlavə edərsək və nəzərə alsaq ki, Fransada müsəlmanlar böyük kütləyə və gücə sahibdirlər, o zaman demək ki, təsir gücünə sahib olmaq üçün normal müstəvi var. Sadəcə doğru istiqamətdə çalışmaq gərəkir ki, müəyyən nəticələr əldə olunsun. Çox təəssüf ki, bizim diaspor təşkilatlarımız üçün doğru istiqamət həmişə şəxsi mənafelərin çarpışması kimi ortaya çıxır.

Ən böyük problemlərdən biri isə Azərbaycan diasporunun beynəlxalq qeyri hökümət təşkilatları ilə çalışmaq istəməməsidir. Bu əlaqələrin olmamasını bir qayda olaraq demokratik dəyərlərə baxış arasındaki ziddiyyətlərlə əlaqələndirirlər. Lakin bu səbəb deyil. Biz sadəcə qarşı tərəflərin maraqlarını doğru istiqamətdə dəyərləndirə bilmirik. Daha doğrusu buna heç cəhd də eləmirik.

Əgər biz Fransadakı Əlcəzairli və digər ərəb müsəlmanlarla doğru münasibətlər qura bilmiriksə, ya da heç buna cəhd belə etmiriksə, bu bizim günahımız və bizim zəifliyimizdir. Niyə Türkiyədə açdığımız Azərbaycan evlərini Fransada da açmırıq? Bu çətin işdir, amma bu və başqa yollarla Fransa xalqının müxtəlif kəsimləri və zümrələri ilə münasibətlər qura bilərik. Buna cəhd edirikmi? Eləmirik. Əvəzində səfirlik, Diasporla İş üzrə Dövlət Komitəsi və Fransadakı diaspor təşkilatları hansısa bayram günlərində 10-15 nəfərlə “tədbir” keçirir, pul silir və bununla da vətən qarşısında borclarını bitmiş hesab edib dağılırlar.

Bu problemlər təkcə Fransaya aid deyil, istisnasız bütün ölkələrdəki, o cümlədən ABŞ-dakı, Rusiyadakı, Böyük Britaniyadakı, Almaniyadakı, Kanadadakı diaspor fəaliyyətlərimizə aiddir.

Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinə sədr gəldikdən sonra öz sələfindən nəylə fərqlənib? Hansı yeni yanaşma ilə diaspor təşkilatların fəaliyyətində fərqli müstəvi yaradıb? Axı Ankarada onsuz da var olan “Azərbaycan Evi”nin “açılışını” eləmək Azərbaycanın problemlərinin həllinə heç bir kömək göstərmir. Bəlkə Fuad Muradov Silahlı Qüvvələr Gününü Parisdə qeyd edəydi və orada “Azərbaycan Evi”nin açılşını edəydi. Ümumiyyətlə Diasporla İş üzrə Dövlət Komitəsinin bu günlərdə ciddi problemlər yaşadığımız Fransa, ABŞ, Almaniya, Kanada kimi ölkələrdəki diaspor fəliyyətini yenidən sistemli şəkildə təşkili ilə bağlı planı varmı? Ən əsası qurumda bu barədə düşünürlərmi?

Artıq Azərbaycanın diaspor fəaliyyətini Türliyədən kənara çıxarmağın zamanı gəlib çatıb, cənablar…

P. S. Fuad Muradovun Ankarada “Azərbaycan Evi açma” mərasimində həmyerlimiz, 2012–2016-cı illərdə Türkiyənin Giresun Universitetinin rektoru olmuş Aygün Attar da görüntülənib. Qeyd edək ki, 2016-cı ildə bu xanımın Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan tərəfindən Giresun Universitetinin rektoru vəzifəsindən korrupsiya iddiları ilə azad olunması ilə bağlı məlumatlar var. Görünür ki, kimlərsə köhnə kadrları yenidən meydanda görmək istəyirlər...

pia.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz