“Rusiya Akademiyasında həmişə çalışıblar ki, ... orada, imkan daxilində, heç olmasa, axmaqlar toplaşmasın. Ancaq axmaqlar da akademik olmaq istəyirlər, ona görə də imkan yaranan kimi özləri üçün texniki peşə məktəbi səviyyəsində akademiyalar yaradırlar” - akademik B.Rauşenbax, kosmonavtikanın əsasını qoyanlardan biri, Lenin mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı
2022-ci ilin ölkə elmi ictimaiyyətinin Azərbaycan Milli Elmlər Akademiyasını və onun “müdiri” Ramiz Mehdiyevi “yaş yuyub quru sərdiyi” “qızmar” fevral günlərindən birində diqqətimi tarixçi-akademik Yaqub Mahmudovun Bonifasiana Akademiyasına həqiqi üzv seçilməsi barədə məlumat cəlb etdi. Məlumatda AMEA prezidentinin müşaviri olan akademikin bundan əvvəl “Qotfrid Vilhelm Leybnits adına Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü” olduğu da xüsusi vurğulanmışdı.
Azərbaycan elminin irili-xırdalı hər bir nailiyyəti ilə fəxr etdiyimiz kimi, bu uğura da ürəkdən sevindik, ələlxüsus da ona görə ki, Vatikanın adı ilə bağlı Bonifasiana Akademiyası bizə yad struktur deyil – elm adamlarımızın layiqincə “qiymətləndirilmədiyi” Avropada millət vəkili, ölkə iqtisad elminin “canlı korifeylərindən” biri olan Eldar Quliyev neçə ildir ki, bu akademiyanın həqiqi üzvüdür.
Azərbaycanın fizika, kimya, biologiya üzrə ixtisaslaşmış onlarla az-çox tanınmış alimini kənarda qoyub, tarixçi alimi üzv seçmiş Avropa Təbiət Elmləri Akademiyasına da yepyekə bir təşəkkür düşür. “Nöşün”ü barədə bir qədər sonra. Qurumun saytını arayıb tapdıq və... qəribə mənzərə ilə rastlaşdıq. Məlum oldu ki, “Avropa akademiyası” adlansa da, sıralarında İngiltərə, İtaliya, Fransa və digər ən azı coğrafiyaca Avropaya aid ölkələr adına “dərmana” bircə alimin belə olmadığı bu qurumun MDB üzrə vitse-prezidenti R.Melik-Ohanyan adlı bir şəxsdir, yəni erməni! “Donquli” akademiklərinin əsas hissəsi isə, sən demə, Azərbaycandan və Ermənistandan imiş.
Deputat E.Quliyevlə yanaşı, Bakının 162 saylı məktəbinin direktoru S.Abbasova, Xalq rəssamı A.Əzizov, Bakı Təhsil İdarəsinin metodisti S.Əmənova, dilçi alim, jurnalist, yazıçı və dramaturq A.Babayev, həkim-pataloqoanatom Ə.Həsənov, Dəniz Akademiyasının Məlumat-Resurs Mərkəzinin direktoru R.Hümbətəliyev, Bakı Təhsil İdarəsinin keçmiş şöbə müdiri Ə.Cavadova, 91 saylı məktəbin direktoru S.Zülfüqarova, gənc rəssam A.Hümbətova, sabiq ombudsman E.Süleymanova, AMEA-nın müxbir üzvü E.Qurbanov, keçmiş hərbi attaşe N.Əliyev və “təbiət elmləri üzrə mütəxəssis” sayılan onlarla digər Azərbaycan vətəndaşının adı kiçik bir ödəniş qarşılığında bu qurumun akademikləri sırasına daxil edilib. Feyk-akademiyanın hətta ayrıca Azərbaycan bölməsi var və bu “bölməyə” E.İskəndərzadə rəhbərlik edir.
Aydındır ki, bəziləri üçün bu tipli ödənişli qurumlara üzvlük vəsiqəsinin əldə edilməsi izzəti-nəfs məsələsidir. Bəziləri isə statusu sıradan bir kitabxanadan o yana keçməyən bu tip akademiyalara üzvlüyü yüksək karyera sıçrayışına fürsət və gələcəyə investisiya kimi dəyərləndirirlər. Niyə də yox!?
Baxın; 2021-ci il fevralın 8-də “Nyu-York Elmlər Akademiyası”nın (NY EA) akademiki, bizim yerli akademiyanın sabiq “müdiri” Ramiz Mehdiyev “Nyu-York Elmlər Akademiyası”nın digər üzvünü, 2005-ci ildən 2016-cı ilə kimi Sumqayıt Bələdiyyəsinin qalmaqallı sədri olmuş 73 yaşlı Əbülfəz Babayevi AMEA Yüksək Texnologiyalar Parkına baş direktor təyin etdi.
Adamcığaz da park adını eşidəndə sevinib, düşünüb ki, mağıl, restorandan-kafedən bir şey açıb xımır-xımır işlədərəm. Sonra baxıb ki, bu “park” dedikləri bakılıların sözü olmasın “alayı şeydü”. Yəni bir el məsəlində deyildiyi kimi, kabab iyinə gəlmişdi, gördü ki, eşşək dağlayırlar. Son iki ildə bu vəzifəyə gətirilmiş beşinci şəxs olan Əbülfəz Babayev elm aləmində daha çox Lütfi Zadənin vəfatı ilə bağlı böyük alimin 60 il işləyib çalışdığı Berkli Universitetinə deyil, özünün pullu üzvü olduğu NY Elmlər Akademiyasına başsağlığı göndərməsi ilə yadda qalıb.
Və ya AMEA Botanika İnstitutunun laboratoriya müdiri, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva Qotfrid Vilhelm Leybnits adına Avropa Təbiət Elmləri Akademiyasının “həqiqi üzvü” olub, oranın “Taclı ulduz ordeni” ilə mükafatlandırılandan cəmi üç ay sonra bəxti açılıb – 2021-ci il oktyabrın 15-də Nyu-York Elmlər Akademiyasının akademiki Ramiz Mehdiyevin sərəncamı ilə AMEA-nın Botanika İnstitutuna direktor təyin olunub.
Deməli, ad “işləyir”! Onlarla əsl akademiki və müxbir üzvü kənara qoyub feyk-qurumların üzvlərinə üstünlük verənlər isə... yadıma Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazovun bir çıxışı düşdü. O, 2020-ci ilin yanvarında Ramiz Mehdiyevin Nyu-York Elmlər Akademiyasının üzvü “seçilməsini” şərh edərkən sözügedən qurumun öz diplom və fəxri ad arayışlarını pulla satdığını bildirmişdi.
“Lənət sənə, kor şeytan! Ola bilməz!” deyib araşdırdıq, görəsən, həqiqətənmi Nyu-York Elmlər Akademiyasının üzvü adı pulla satılır? Azərbaycandilli Vikipediyada bildirilir ki, “Təşkilatın rəsmi saytındakı məlumata görə, bir illiyə üzvlük haqqı ABŞ vətəndaşları üçün 108 ABŞ dolları, digər ölkə vətəndaşları üçün 129 dollardır”. Rusdilli Vikipediya isə məlumat verir ki, NY EA-nın “140 ölkədən 25 mindən çox üzvü var. Üzvlük haqqı ödəyən istənilən şəxs akademiyanın üzvü ola bilər”. Necə deyərlər, “ Al nənə, bu da sənə Yuryev günü!”
Nəhayət, NY Elmlər Akademiyasının öz saytına müraciət etdik. Saytın Ana səhifəsində “Become a member” (“Üzv olmaq”) düyməsini basmaq kifayətdir ki, özün haqqında məlumatları daxil edərək E-sertifikatı alasan. Həm də daha əvvəlki kimi məktub yazıb sənədlərin kseronüsxələrini dünyanın o başına poçtla göndərib, aylarla gözləməyə ehtiyac yoxdur. Hər şey internetdə həll olunur. Hə, bir də qiymət azacıq artıb; daha 108 dollara “Nyu-York”da akademik olmaq mümkün deyil, 135 dollarından keçməlisən. Yəni, “ver + al = al + ver”. Bu qədər sadə!
Bəli, təəssüf ki, Azərbaycan vətəndaşları arasında “mənəm-mənəm”liyi ölkə sərhədlərinə sığmayan, xaricdə ciddi elmi qurumlarda tanınmağa şansı olmayan, lakin təşəxxüsü və təkəbbürü “yüksək beynəlxalq elm zirvələrinin fəthini” tələb edən, buna görə də diplom alverinə qoşulub “hörmətli” qurumların üzvlüyünü alanlar az deyil.
Belə bir təəssürat yaranır ki, sanki bu əldəqayırma xarici akademiyalar və cəmiyyətlər bizim alimlərin dəyərini və qədrini özümüzdən daha çox bilirlər, daha tez qiymətləndirirlər. Bəzi alimlərimiz əvvəl Nyu-Yorkun, digər feyk akademiya və qurumların üzvü olduqdan sonra Azərbaycanda akademik seçilə bilirlər.
Azərbaycan Dövlət Neft Akademiyasının keçmiş rektoru Siyavuş Qarayev dörd il NY EA-nın üzvü olduqdan sonra 2007-ci ildə AMEA-nın akademiki seçilib. Bakı Dövlət Universitetinin keçmiş rektoru, 1998-ci ildən NY EA-nın üzvü, 2005-ci ildə daha bir feyk qurum – İngiltərənin Kembric Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən "Dünyanın aparıcı təhsil xadimi" (nəyi və haraya apardığı Şeyxlə İspaniya səfərindən sonra bilindi) adını, 2010-cu ildə digər fırıldaqçı qurum – Amerika Bioqrafiya İnstitutunun (ABİ) "Qızıl medal"ını almış Abel Məhərrəmov 2007-ci ildə AMEA-nın həqiqi üzvü seçilib.
Amma həqiqət naminə deyək ki, heç də hamının bəxti belə yüyürək olmur. AMEA Geologiya və Geofizika İnstitutunun "Neft-qaz hasilatı texnikası" laboratoriyasının müdiri, 2001-ci ildən AMEA-nın müxbir üzvü olan Z.Abbasov, akademiyanın Fizika İnstitutunun “Quruluş və quruluş çevrilmələri” laboratoriyasının rəhbəri, prof. Y.Əsədov, həmin institutda çalışan AMEA-nın müxbir üzvü Z.Vəliyev, biologiya elmləri doktoru, prof. C.Nəcəfov, filologiya elmləri doktoru, “nəğməkar şair” V.Əhməd, Azərbaycan Texnologiya Universitetinin professoru Ə.Bayramov, AzTU-nun kafedra müdiri, fizika-riyaziyyat elmləri namizədi, prof. E.Qocayev, Azərbaycan Dillər Universitetinin Qafqazşünaslıq kafedrasının müdiri, filologiya elmləri doktoru Ə.Zeynalov, ötən əsrin 90-cı illərində Bakı Sənaye-Pedaqoji texnikumunun direktoru olmuş, texnikumun bazasında Odlar Yurdu Universitetini yaratmış və iki dəfə millət vəkili olmağı bacarmış Ə.Vəliyev, AMEA-nın müxbir üzvü, Neft və Kimya Prosesləri İnstitutunun laboratoriya müdiri F.Səmədova, vaxtilə Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna rəhbərlik etmiş F.Abdullayev, bəzi jurnalistlərin yazdığı kimi, “müasir tibb elminin qarşısında aciz qaldığı ən çətin xəstəlikləri dərmansız, iynəsiz müalicə edən”, hətta " Rentgen qadın" adı almış Z.Mayılova və digərləri “pul tələsi” kimi məşhurlaşmış NY Elmlər Akademiyasının bəzəkli diplomunu alsalar da, onların elmi xidmətləri vətənlərində “yetərincə” qiymətləndirilməyib və onlar AMEA-nın üzvü ola bilməyiblər.
Artıq Azərbaycanda pulla alınan feyk diplomların zəngin kolleksiyasına sahib olan unikal şəxslər də var. Millət vəkili, “Azərittifaq”ın əbədi sədri, ali məktəb kimi Biləcəri bir yana, heç 20 Yanvar “kruq”undan üzü o tərəfə tanınmayan Kooperasiya Universitetinin rektoru Eldar Quliyev Türk Dünyasının Araşdırılması üzrə Beynəlxalq Elmlər Akademiyasının, Avropa Təbiət Elmləri Akademiyasının, İtaliyanın Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının akademiki, Gürcüstan Respublikası Suxuşvili Texniki Universitetinin “fəxri doktoru”, Roma şəhərinin "fəxri alimi"dir. O, Beynəlxalq Türk Dünyasının Araşdırılması Elmlər Akademiyası tərəfindən Qızıl Ulduz medalı və Beynəlxalq Atatürk Mükafatı ilə, Avropa Təbiət Elmləri Akademiyası tərəfindən “Avropaya Xidmət Ordeni”, “Senator Ulduzu” və “Qızıl Qartal” ordenləri ilə “təltif olunmuş”, "Avropanın Əməkdar Elm Xadimi" və "İlin alimi" adlarına “layiq görülmüşdür”.
Bu yerdə bizi “ellimiz” üçün duyduğumuz qürur və iftixardan sevinc qəhəri boğduğu üçün “antrakt” adına bir haşiyə çıxmağa ehtiyac yarandı. Eldar müəllimin Avropa Təbiət Elmləri Akademiyasının Leybnits və Eyler adına medallarını necə aldığını dəqiq bilmirik. Lakin dəqiq olan odur ki, yalnız Almaniya Elmi Tədqiqat Cəmiyyəti tərəfindən verilən Leybnits adına əsl mükafatın (Gottfried-Wilhelm-Leibniz-Preis) medalı yoxdur, o, pulla satılmır, əksinə, onu qazanana 2,5 milyon avro pul mükafatı təqdim olunur. Əsl Eyler adına qızıl medal isə Rusiya Elmlər Akademiyası tərəfindən riyaziyyat və fizika sahəsində dünya səviyyəli kəşflərə görə verilir. İndiyədək bu mükafata rus nüvə silahını yaradan İ.Kurçatov, raket mühərrikləri nəzəriyyəsini yaradanlardan F.Frankl, SSRİ Elmlər Akademiyasının prezidentləri – akademiklər A.Aleksandrov və Y.Osipov kimi cəmi səkkiz alim layiq görülüb.
Sevindirici haldır ki, professor deputatımız sadəcə mükafat istehlakçısı deyil, həm də fəal tədarükçüsüdür (nahaq yerə “Azərittifaq”ın sədri deyil, ha!). “Qəttəzə”, “ütüsü pozulmamış” bir misal – bu günlərdə Aşqabadda Mərkəzi Asiya dövlətləri və Rusiyanın parlamentlərarası forumu keçirilmişdir. Fürsəti dəyərləndirən Eldar müəllim Azərbaycan Ağsaqqallar Şurasının qərarı ilə Türkmənistanın sabiq prezidenti Qurbanqulu Berdıməhəmmədova “Fəxri ağsaqqal” Qızıl ordenini təqdim etmişdir.
Azərbaycan Texniki Universitetinin kafedra müdiri, texnika elmləri doktoru, prof. E.İsgəndərzadə nəinki çox sayda mənşəyi tərəddüddə buraxan diplom və mükafatlar kolleksiyasının sahibidir, həm də iki feyk akademiyanın – Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının və Avropa Təbiət Elmləri Akademiyasının Azərbaycan nümayəndəliyinin rəhbəridir.
O, 2002-ci ildə NY EA-nın, 2003-cü ildə “Qafqaz Xalqları” Beynəlxalq Elmlər Akademiyasının və Avropa Təbiət Elmləri Akademiyasının, 2005-ci ildə Beynəlxalq Kadr Akademiyasının, 2006-cı ildə Avropa Mədəniyyət Akademiyasının, 2010-cu ildə İtaliya Beynəlxalq Elmlər Akademiyasının, 2014-cü ildə Gürcüstan Milli Elmlər Akademiyasının, 2016-cı ildə Bonifasiana, 2017-ci ildə Rusiya Metrologiya Akademiyasının həqiqi üzvü diplomlarını alıb.
Yəqin ki, qondarma adların, “donquli” mükafatların Azərbaycanda topdan ticarətinin təşkilinə görə müəyyən bonus və endirimlərlər də nəzərdə tutlmuşdur. Necə deyərlər, bal tutan, barmaq yalar.
Yeri gəlmişkən, parıltısı göz çıxardan kağızlar kolleksiyasını genişləndirmək istəyənlərin nəzərinə – Moskvanın yeraltı keçidlərində, daha çox da “Arbatski” həndəvərində “Nobel mükafatı laureatı” vəsiqələri satılır. Qiyməti çox da baha deyil. Qarabuğdayılara xüsusi “endirim” də var.
Fırıldaqçı qurumların toruna düşənlər arasında kifayət qədər titullu alimlər də var. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar naziri olmuş texnika elmləri doktoru, professor, akademik, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun baş direktoru Ə.Abbasov Nyu-York Elmlər Akademiyasının, Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademikidir, bir neçə dəfə Kembric Bioqrafiya Mərkəzi tərəfindən "İlin beynəlxalq adamı" və "Uğurlu adam" elan edilmişdir.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri olmuş, dörd (!) çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA-nın həqiqi üzvü İ.Həbibbəyli həm də Nyu-York Elmlər Akademiyası, Beynəlxalq İnformasiyalaşdırma Akademiyası və Amerika Bioqrafiya İnstitutu kimi feyk qurumların akademiki adlarını alıb.
Qaçaraq bir araşdırma kifayət edir ki, NY EA kimi Amerika Bioqrafiya İnstitutunun da şöhrətpərəst alimlərimizi tovlayıb pullarını alan primitiv, fırıldaqçı qurumlardan biri olduğu üzə çıxsın. Hər il yüzlərlə insan haqqında məlumatı 195-295 USD ödəniş qarşılığında öz sorğu kitablarına və nəşrlərinə daxil edən ABİ “İlin kişisi”, “İlin qadını”, “İlin adamı”, “İlin alimi” kimi adlarla kifayətlənməyən özündənrazı şəxslər üçün “Onilliyin”, “Əsrin”, “Dünyanın”, “Beynəlxalq”, “Ən müdrik”, “Ən görkəmli” və s. bu kimi epitetlər də təklif edirdi. 2012-ci ildə bu şirkət özünü bankrot elan edib bağlansa da, onun yerini bu tipli digər qurumların tutduğuna heç bir şübhə yoxdur.
Ətrafdakılarda özü haqqında reallığa uyğun olmayan daha yüksək rəy yaratmağa çalışan insanlara “pullu xidmətlər göstərən” bu tipli qurumlar arasında ən primitivi, əlbəttə ki, Beynəlxalq İnformasiyalaşdırma Akademiyasıdır (BİA). Sovet dönəmində Moskvada “Mosqorspravka” (Moskva şəhər arayış idarəsi) şəbəkəsinə məxsus, şəhərin küçə və parklarında yerləşən, 15 qəpik ödəniş qarşılığında müxtəlif müəssisələrin, dövlət idarələrinin ünvanı, telefon nömrəsi haqqında arayış verən köşklər vardı. Beynəlxalq İnformasiyalaşdırma Akademiyası haqqında Vikipediyada yazılır ki, o, öz başlanğıcını həmin “Mosqorspravka”dan götürüb. “Bu idarələrin həm hüquqi, həm də faktiki ünvanı eynidir. BİA-nın rəhbərliyi həm də Mosqorspravkanın rəhbərliyidir. 1990-cı idə bu müəssisə “SSRİ İnformasiyalaşdırma Akademiyası” kiçik müəssisəsi, 1992-ci ildə isə “Beynəlxalq İnformasiyalaşdırma Akademiyası” kimi təkrar qeydiyyatdan keçib. Bu təşkilat rəsmi strukturlar tərəfindən tanınmayan, gurultulu adlar üçün darıxan iddiaçılara “akademik” diplomlarının satışı ilə məşğul olur”.
Göründüyü kimi, hər şey çox bəsitdir. Elmin müxtəlif sahələrində yüksək nailiyyət qazananları qiymətləndirmək üçün təsis olunmuş Nobel, Eynşteyn, Volf, Kioto, Fred Kavli, Tyurinq, Heyneken kimi yüzlərlə həqiqi elmi mükafata, nüfuzlu medallara əli çatmayan “alim”dən biz nə gözləyirik ki? Belələrinin heç bir xüsusi elmi istedad, bacarıq, zəhmət tələb etməyən, ucuz qiymətə başa gələn “fəxri adların”, “mükafatların” arxasınca qaçması acınacaqlı olsa da, təbiidir.
Yalançı fəxri adlar epidemiyası elmi cəmiyyətdən kənara çıxaraq geniş kütlələri yoluxdurmaqda davam edir! İş o yerə çatıb ki, illərdir BMT adından sui-istifadə hallarına, bu mötəbər təşkilatın guya sağa-sola mükafatlar paylamasına biganəliklə göz yuman BMT Azərbaycan nümayəndəliyi 2022-ci il yanvarın 26-da xüsusi bəyanatla çıxış etməyə məcbur olub. Bu mötəbər təşkilatı hövsələdən çıxaran “son damla” “Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının və Birləşmiş Millətlər Sosial Təltiflər şurasının Azərbaycan təmsilçisi” kimi təmtəraqlı adların daşıyıcısı prof. E.İsgəndərzadənin "Liatris Holding”in rəhbəri, iş xanımı Ruhi Əliyevaya “İnsanlığa, dünya mədəniyyətinə və iqtisadiyyatına xidmətlərinə görə” guya BMT-nin "UN Council for Public Awards” (UNCOPA) təşkilatının Avropa "Şərəf” ordenini təqdim etməsi olub.
Nümayəndəlik qətiyyətlə bildirib ki, “BMT-nin UNCOPA adlı strukturu və ya agentliyi yoxdur. Bu təşkilatın verdiyi mükafatların BMT ilə heç bir əlaqəsi yoxdur. Təəssüf ki, bəzi məmurlar, mədəniyyət və elm nümayəndələri (misal olaraq deputat E.Quliyev, aktrisa S.Bağırzadə, iş adamı R.Əliyeva göstərilib) öz tərcümeyi-hallarında BMT-dən mükafat aldıqlarını qeyd edirlər. Amma bu, reallığı əks etdirmir”. Bəyanatda xüsusi qeyd olunur ki, BMT-nin Dövlət Qulluğu Mükafatı Azərbaycanda yalnız bir dəfə və bir quruma – ASAN Xidmətə verilib.
Əlbətdə, istisna olunmur ki, Nyu-York (İtaliya, Mexiko və digər onlarla ölkə və şəhər) elmlər akademiyaları, beynəlxalq informasiyalaşdırma akademiyası, Avropa təbiət elmləri (mədəniyyət, siyasət, inkişaf, sosial elmlər və s.) akademiyaları, Amerika (London, Kembric, Oksford) bioqrafiya mərkəzləri (institutları, ensiklopediyaları) və s. bu kimi feyk qurumların parıltılı diplom və medallarının adını bildiyimiz və bilmədiyimiz yüzlərlə sahibinə bu mükafatlar həmkarları, qohumları, yaxud tabeliklərində çalışan şəxslər tərəfindən yubileylərində, bayram və ya ad günlərində “hədiyyə” edilib. Təəssüf ki, indiyədək kiminsə KİV vasitəsilə bu “fəxri” adlardan imtina etməsinin, və ya belə mükafatı geri qaytarmasının, bu kimi halları pisləməsinin şahidi olmamışıq!
Bəs nə etməli? Bəlkə, xaricdə təhsil almış tələbə və magistrlərin diplomlarının nostrifikasiyasını həyata keçirən Təhsildə Keyfiyyət Təminatı Agentliyi və ya xarici ölkələrdə verilmiş elmi dərəcələr haqqında sənədlərin nostrifikasiyasını və ya təkrar attestasiya əsasında tanınmasını həyata keçirən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası kimi bir ali qurum da xaricdən alınan “Akademik”, “Fəxri doktor”, “Əsrin ən ağıllı adamı”, “Minilliyin intellektualı” kimi feyk adları, “Qızıl”, “Brilyant” orden-medalları saf-çürük etsin, onların həqiqi qiymətini versin?!
Axı, məhz belə saxta mükafat və adların sahibləri ictimai mühiti intriqalar və dedi-qodularla zəhərləyir, həqiqi elm adamlarını elm ocaqlarından bezdirib uzaqlaşdırır, əsl mükafat sahiblərini gözükölgəli edir, əziyyətlə, qan-tərlə, beyin gücü ilə qazanılan, ölkə başçısının sərəncamları ilə verilən həqiqi mükafatları gözdən və nüfuzdan salırlar!
PS. Hə, bir də ... bilməyənlər üçün ipucu verirəm: sərlövhədəki üç nöqtənin açmasını “Vanya” dayının (İ.Krılov) zamanında orta məktəb dərsliklərinə də salınmış məşhur “Qarğa və tülkü” təmsilində tapa bilərsiniz.
Di bazar olsun!
Xalid NİYAZOV //bakupost.az//