AMEA Elm Tarix İnstitutunda İstanbul-Azərbaycan Dostluq Dərnəyinin sədri Xuraman (Hülya) Ağasoy ilə görüş keçirilmişdir. Görüşdə İnstitutun direktoru t.ü.e.d., professor Məryəm Seyidbəyli çıxış edərək bildirmişdirdir ki, 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən respublikada bir sıra silsilə tədbirlər həyata keçirilir. İnstitut direktoru yaxın günlərdə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı və Zəfər Qurultayı adlanan tədbir haqqında və eyni zamanda Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsininin dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elm Tarixi İnstitutunun ərsəyə gətirdiyi “Azərbaycan mühacirəti tarixində Şuşanın görkəmli şəxsiyyətləri” adlı yeni kitab barədə qonağa məlumat verdi. Bildirildi ki, nadir mənbələr, əlyazmalar və arxiv sənədləri əsasında tərtib olunan bu kitabda 1752-1920 və 1920-1991-ci illərə qədər Şuşada anadan olmuş, təhsil almış və fərqli səbəblərdən mühacirət etmiş görkəmli şəxslər haqqında məlumatlar kitabda öz əksini tapmışdır. Hər iki dövrün özünəməxsus xarakterik xüsusiyyətlərini əks etdirən kitabın I dövrü Qarabağ ərazisində müstəqil idarəetmə üsulunun-xanlıq sisteminin yaradılmasından Azərbaycan Xalq Cümhuriyyətinin süqutunadək, II dövrü isə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan Sovetlər Birliyinin dağılmasına qədər olan zaman aralığında Şuşanın xarici ölkələrə mühacirət edən görkəmli şəxsiyyətləri haqqında bioqrafik məlumatları əhatə edir.
Sonra söz Xuraman Ağasoya verildi. Azərbaycan dövlətinin yürütdüyü diaspor siyasətinin əhəmiyyətini qeyd edən Xuraman Ağasoy çıxışında Türkiyədə Azərbaycan diasporunun fəaliyyəti və perespektivləri barədə məlumat verdi. Xuraman xanım Şuşaya aparan Zəfər yolu boyunca hiss etdiklərindən, Şuşaya yaxınlaşarkən igid Azərbaycan əsgərlərinin Şuşa qalasına necə çətinliklərlə qalxdığını təsəvvür etdiyini iştirakçılara anlatdı. Sovet dönəmində görmüş olduğu Şuşanın dağıntılarını məyusluqla bildirən Xuraman xanım qeyd edib ki, qısa zaman kəsiyində artıq bir sıra işlər görülüb. O, şəhidlərimzin qanı ilə sulanmış, qazilərimizin fədakarlığı ilə alınmış o torparların bizim üçün müqəddəs ziyarət obyektinə çevrildiyini söylədi. O bildirdi ki, İstanbulda fəaliyyət göstərən Azərbaycan Dostluq Dərnəyi orada yaşayan azərbaycanlıların bir qismini əhatə edir. Həmvətənlərimiz müharibədən sonra Qarabağın, Şuşanın bərpası, insanların mənəvi reabilitasiyası ilə bağlı bütün tədbirləri diqqətlə izləyir, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün öz səylərini göstəririlər.
Daha sonra çıxış edən İnstitutun əməkdaşları akademik Validə Əlizadə, Zaur Əliyev, Ziyad Əmrahov, Bayram Qulusoy və digərləri Azərbaycan elmi barədə məlumat verdilər və ikitərəfli əməkdaşlığın zərurətini qeyd ediblər. Sonda qonağa AMEA-nın Elm Tarixi İnstitutunun Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, dosent Ziyad Əmrahovun “İrəvan quberniyasının tarixi” kitabı hədiyyə edildi.