Dünya Azərbaycanlılarının V quluiltayının iştirakçısı, İstanbul Azərbaycan Dostluq Dərnəyinin sədri, Hülya Xuraman Ağasoy Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin qonağı oldu
2021-ci il 25 aprel tarixində ADU –nun Fəlsəfə və İctimai Elmlər kafedrasında (314 otaqda) Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin , Magistratura şöbəsi və Azərbaycanşünaslıq Mərkəzinin birgə təşkil etdiyi “Şuşanın siyasi, iqtisadi və mədəni əhəmiyyəti ” mövzusunda dəyirmi masa keçirildi.
Tədbirin moderatoru Regionşünaslıq kafedrasının müdiri, dos. Sevdagül Əliyeva bildirdi ki, bizim üçün 44 günlük müharibədən sonra ən müqəddəs yer, hamının getmək arzusunda olduğu şəhər Şuşadır. Azərbaycan Respublikası prezidentinin fərmanına əsasən elan olunmuş Şuşa ili çərçivəsində Şuşanın tarixi, iqtisadiyyatı və mədəniyyətinin öyrənilməsi son dərəcə aktualdır.
BM kafedrasının dosenti Emil Qasımov “ Şuşanın siyasi əhəmiyyəti” mövzusunda çıxış etdi. Emil müəllim bildirdi ki, Şuşa şəhəri Pənahəli xan tərəfindən əsası qoyulduğu gündən müasir dövrədək müxtəlif mərhələlərdən keçmişdir, lakin müasir dövrdə Şuşanın siyasi əhəmiyyəti daha artmışdır. Fəlsəfə və İctimai Elmlər kafedrasının dosenti Şəfəq Abdullayeva “ Şuşanın iqtisadi potensialı” – adlı çıxışında tarixən Şuşada mövcud olmuş emalatxana, sex və fabriklər, istehsal olunan məhsullar, onların xammalının və son məhsulun emalının xüsusiyyətlərini anlatdı və Şuşada istehsal olunan parçalar, xalçalar, musiqi alətləri və s. haqqında maraqlı məlumatlar verdi
Regionşünaslıq kafedrasının müəllimi Aygün Soltanzadə “Şuşa Azərbaycanın mədəniyyətinin incisidir” - mövzusunda çıxış etdi. Aygün xanım Şuşada yaşayan, Azərbaycan mədəniyyətinə adları qızıl hərflərlə yazılan ədiblər, bəstəkarlar, xanəndələr, musiqiçilər, maarifçilər, ədəbi məclislərin yaradıcı və iştirakçıları, muzeylərlə yanaşı tarixi binalar haqqında geniş məlumat verdi.
Magistratura şöbəsinin II kurs Britaniyaşünaslıq üzrə magistrantı Aydan Məcidova “Xarıbülbül festivalları” – haqqında danışdı. Aydan xanım əvvəl Xarıbülbül bitkisindən, onun haqqında mövcud olan rəvayətlərdən, sonra isə Xarıbülbül festivalları haqqında məlumatı iştirakçıların diqqətinə çatdırdı.
Tədbirin fəxri qonağı İstanbul Azərbaycan Dostluq Dərnəyinin sədri Hülya Xuraman Ağasoy “ Şuşa dünya azərbaycanlılarının gözü ilə” mövzusunda çıxış etdi. Xuraman xanım Pandemiya dönəmindən başlayaraq, vaxtaşırı ADU-nun Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin onlayn tədbirlərində yaxından iştirak etmiş və rəhbərlik etdiyi təşkilatın tədbirlərinə fakültə müəllimləri və tələbələrini dəvət etmişdir. Xuraman xanım Şuşaya aparan Zəfər yolu boyunca hiss etdiklərindən, Şuşaya yaxınlaşarkən igid Azərbaycan əsgərlərinin Şuşa qalasına necə çətinliklərlə qalxdığını təsəvvür etdiyini kövrələrək iştirakçılara anlatdı. Sovet dönəmində görmüş olduğu Şuşanın dağıntılarını məysluqla bildirən Xuraman xanım qeyd etdi ki qısa zaman kəsiyində artıq bir sıra işlər görülüb. Xuraman xanım şəhidlərimzin qanı ilə sulanmış, qazilərimizin fədakarlığı ilə alınmış o torparların, bizim üçün müqəddəs ziyarət obyektinə çevrildiyini söylədi. O, bildirdi ki, İstanbulda fəaliyyət göstərən Azərbaycan Dostluq Dərnəyi orada yaşayan Azərbaycanlıların bir qismini əhatə edir. Həmvətənlərimiz müharibədən sonra Qarabağın, Şuşanın bərpası, insanların mənəvi reabilitasiyası ilə bağlı bütün tədbirləri diqqətlə izləyir, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün öz səylərini göstəririlər.