2017-ci ilin may ayında Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə bəyanat verərək, hərbçilərin Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluq ittihamı ilə tutulduğunu bildirdi. 2 ildən sonra tədricən ictimaiyyət, rəsmi və qeyri-rəsmi olaraq casusluqda şübhəli bilinən hərbçilərə qarşı işlərin detalları barədə məlumatlar əldə etdi.
Hamımızın qurur mənbəyi olan Azərbaycan Silahlı Qüvvələrinin cox sayda əsgər və zabitinə işgəncə verilməsi, onlarla hərbçinin uzun müddətli həbs cəzası alması və bəzilərinin, o cümlədən baş zabit rütbəsi daşıyan hərbçinin işgəncədən ölməsi barədə məlumatlar hər birimizi sarsıtdı.
Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluq edən və etməyənlər, buna görə haqlı və haqsız yerə işgəncəyə məruz qalanlar, həbs olunanlar və olunmayanlar, işgəncəyə dözməyib ölənlər, sağ qalıb danışanlar və danışmayanlar, işgəncələrə şərait yaradanlar, işgəncəni tətbiq edənlər, cinayət işlərinin araşdırmasını mövcud qanunların tələblərinə uyğun aparmayanlar....Adı çəkilən kateqoriyadan olanların indi hamısı bir birinə qarışıb, sanki kələfin ucunu da itirmişik.
Azərbaycan ictimaiyyətinin hadisə ilə bağlı sosial sifariş tələbi insani və hüquqi baxımdan elə də böyük konturları əhatə etmir. İctimaiyyət əsasən cinayət işi açılmadan işgəncə verilən hərbçilərin ölümünə bais olanlar, bu işin tam araşdırılmasına imkan verməyənlər, işgəncələrə hərbçilərin cəlb olunması üçün əmr verən rəhbər şəxslər barədə ədalətli qərar qəbul edilməsini gözləyir.
“Tərtər işi” üçün dindirilmə (işgəncə) proseslərinə korpusun kəşfiyyat bölməsi və Hərbi Dəniz Qüvvələrinin “dəniz pişikləri” (SAT) cəlb edilib. Kəşfiyyat bölməsi korpusun tabeliyindədir, amma SAT bölməsinin şəxsi heyətinin hansısa fəaliyyət üçün korpusun ərazisinə ezam edilməsi korpus komandirinin səlahiyyətinə daxil deyil. Hərbi bölmənin təyinatından kənar, cinayət tərkibli fəaliyyətdə iştirak etməsi barədə qərar verən şəxsin adı ilə bərabər bu bölmələrə işgəncə əmrini verən rəhbər şəxslərin tam adlı siyahısı bu günə qədər kimsəyə məlum deyil. Bəziləri rahatlıqla bu məsələləri keçmiş Baş Qərargah rəsi və onun heç bir döyüş xidməti olmayan general bacısı oğlu ilə əlaqələndirə bilir. O zaman dayı-bacığlu, Eldar Mahmudov və digərləri niyə həbsdə deyil?
Orduda N.Sadıqov və R.Əsgərov ən yüksək vəzifəli şəxslər olmayıb. Onların fəliyyətinə bir neçə şəxs və qurum nəzarət edib. Bu qurumlar 2017-ci ildən bəri harda olub? Müdafiə Nazirliyində 80 milyon manatı mənimsəyən hərbçini görmək istəməyən rəhbər şəxslər və mənimsəmələrə nəzarət etməli qurumlar harda olub? Cinayət işi açılmadan hərbçiyə “xain və satqın” damğası vurmaq, ona ölümcül işgəncə vermək kimə lazım idi? Məlumat daşıyıcısının öldürülməsini kim istisna edə bilərdi? Ümumiyyətlə hərbçi xəyanət etmiş olsa belə, onu döyüb öldürmək kimi ağılına gəlib? Niyə bu məsələlər rəhbər şəxslər vaxtında aşkar etməyib?
Mənim üçün çox maraqlıdır: Orduda daim yüksək hörmətə malik kəşfiyyatçıların və “dəniz pişik”lərinin hərbi qulluqçulara işgəncə verilməsi kimi çirkin prosesə cəlb olunmasına kim göstəriş verib? Azərbaycan Ordusunun Ermənistan üzərində Qələbələrində mühüm rol oynayacaq SAT bölmələrinin iyrənc işlərə alət edilməsinin səbəbkarı kimdir? Niyə görə “vətənə xəyanət” kimi ciddi bir məsələnin hərbi hissədə araşdırılmasını ölkədə kimsə görməyib? Ən asan iş sual vermək olduğunu bilirəm, amma bu suallara cavab tapmadan, itirdiyimiz kələfin ucunu tapa bilmirik.
Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin göstərişinə əsasən “Tərtər işi”nin yenidən araşdırılması üçün tapşırıqlar verildi. Yalnız bundan sonra Baş Prokurorluq anladı ki, cənab Ali Baş Komandan Hərbi Prokurorluğun araşdırmasından narazıdır və keçən ilin sonunda yeni istintaq qrupu yaratdı ki, kələfin ucunu tapaq.
Maraqlıdır ki, nə Hərbi Prokurorluq, nə də Baş Prokurorluq bu göstərişə qədər cəmiyyətdə “Tərtər işi” barədə mövcud olan gərginliyi aradan qaldırmağa cəhd etmədilər. Nəticədə ölkədən kənarda olan və Azərbaycanda baş verən ən kiçik neqativ hadisəni şişirtmək üçün fürsət gözləyən qüvvələrə geniş imkanlar yaratdılar. Nəticədə hər gün Ordumuzun ünvanına çirkablarla dolu seriallar çəkildi. Halbuki, hadisəni ilk gündən obyektiv araşdırmaqla məsələni kökündən həll etmək mümlün idi. Heç olmasa şikəyətçiləri dinləmək, onların təqdim etdiyi faktları araşdırmaq lazım idi. Etmədik ya etmək istəmədik, deyə bilmərəm, amma nu nəticəni dəyişmir.
Dünən yayılan məlumatlardan bəlli oldu ki, bu işlə bağlı yenidən həbs edilənlər var. Onların arasında daha öncə də bu işə görə azadlıqdan məhrum edilən şəxslər də var. Onlar cəzalarını tam çəkməmiş azadlığa çıxmışdılar, indi isə təkrar həbs edildilər. Onların əvvəl verdikləri izahatların, bu dəfə verəcəkləri izahatlardan ciddi şəkildə fərqlənəcəyini ehtimal etmək çətin deyil. Fərqli izahatlar isə fərqli seriallar deməkdir. Bunu mütləq nəzərə almalıyıq.
İşgəncə verilərək öldürülən hərbçilərdən bəziləri artıq bəraət alıb. Belə olan halda həmin hərbçilərin valideynlərə kim və necə cavab verəcək? Onların övladlarının itirilməsinə və şər-böhtanla hərbçi nüfuzuna vurulan ziyanı kim kompensasiya edəcək? Buna görə həbs edilən müstəntiqlər var, amma onlar bu işdə ən aşağı vəzifəli cavabdehlərdir. Müstəntiqə və istintaqa nəzarət edən çox sayda rəhbər şəxslər və orqanlar barədə hansı tədbirlərin görülməsi faktına hələlik rast gəlinmir.
“Tərtər işi” ilə bağlı cinayət işinin istintaqı zamanı üzə çıxan yeni detallarla əlaqədar həbs olunanlar arasında yüksək rütbəli hərbi hissə komandiri də var. “Tərtər işi” bitmədən komandirin yuxarı vəzifəyə təyinat tarixləri də baxmaq istintaq üçün faydalı ola bilər.
“Tərtər işi”nə görə daha öncə də məsuliyyətə cəlb edilərək barəsində həbs qərarı çıxarılmış hərbçilər arasında təltif edilənlər də var. Doğrudanmı bu hərbçiləri təltifə və ya vəzifəyə təqdim edən rəhbər şəxslər, onların “Tərtər işi” ilə əlaqəsi barədə məlumata malik olmayıblar? Buna ölkədə inanan tək bir adam tapsam, onun təmizliyinə və uşaq saflığına səcdə edəcəm. Sanki kimlərinsə susması üçün təltif və vəzifə paylanılıb. Ya da indi həbs edilən hərbçilər həqiqətən dəyərli övladlarımız olub, onları bilərəkdən “Tərtər işi”nə bulaşdırıblar. Nə isə. İndiyə qədər olan olub, keçən keçib vəbitən bitib, amma hadisələr yenidən təm həcmdə araşdırılmalı və bu xoşagəlməz məsələyə birdəfəlik son nöqtə qoyulmalıdır.
Bu işlə məşğul olan hüquqşünaslardan isə bir neçə xahişim var:
1. Əvvəlki kolleqalarınız olan müstəntiqlərdən fərqli olaraq, bu işi şəffaf və ədalətli şəkildə araşdırın, Ordumuza çirkab atmağa fürsət axtaran qüvvələrə “Tərtər işi” barədə növbəti seriallar çəkməyə imkan verməyin.
2. Bu işdə rütbəsindən və vəzifəsindən asılı olmayaraq kimin günahı varsa, hamısını birdəfəlik aşkara çıxarın ki, bu iş bitsin və bağlansın. Bu bir az ağrılı proses olacaq, amma alternativimiz yoxdur. Bu həm də Ali Baş Komandanın göstərişidir. Kimsə bu araşdırmanı Hərbi Prokurorluğun fəaliyyətinə bənzər faciəli komediyaya prosesinə çevirməyə cəhd etməməlidir.
3. Cinayətkarlar gec də olsa, cəzasız qalmamalıdır. Fəaliyyəti ilə Azərbaycanın nüfuzuna xələl gətirənlər yüksək vəzifələrə lyiq görülməli deyil. Tərtər işini araşdıran hərbi prokuror Hümmət Məmmədovun tutduğu vəzifədən azad edilərək daha yüksək vəzifəyə, Respublika Hərbi Prokurorluğunun Hərbi Prokurorluqlarda İstintaqa Nəzarət şöbəsinin rəisi təyin edilməsi də anlaşılan məsələ deyil.
4. Günahsız olaraq zərərçəkənlərin və ya varislərinin qanunlara uyğun şəkildə hüquqlarının bərpa edilməlidir. Həlak olanlara, günahkarların əmlaki və dövlət hesabına kompensasiya ödənilməsi də nəzərdə tutulmalıdır.
5. Fəaliyyətinizdə daim müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyevin “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə” prinsipini əsas tutun. Azərbaycanın bu günü və gələcək inkişafı, dünyanın Qarabağın bərpasında iştirakı belə hüquq mühafizə orqanlarımızın ədalətli olmasından birbaşa asılıdır.
6. “Tərtər işi” ilə bağlı həbs edilən yüksək rütbəli komandirlər və hüquqşünaslar ilə bağlı “üzr videosu”, gələcəkdə qanunlarımıza hörmət etməyən hüquq mühafizə orqanlarının əməkdaşlarının və ya komandirlərin ortaya çıxmaması üçün faydalı ola biləcəyinə əminəm.
Uca tanrı Ordumuzu və xalqımızı qorusun!
Ədalət Verdiyev, hərbi ekspert //moderator.az//