Məlum olduğu kimi, bu gün Baş Prokurorluq "Tərtər işi" ilə bağlı növbəti dəfə məlumat yayıb.
Məlumatda daha 163 nəfərin işgəncəyə məruz qaldığının müəyyən edildiyi vurğulanır: “Ötən müddət ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalan 163 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli dindirilib, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilib. Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə hazıradək ümumilikdə 281 zərərçəkmiş şəxs müəyyən edilib. İş üzrə zərərçəkmiş şəxslərin müəyyən edilərək dindirilməsi prosesi davam etdirilir...”
Bu, o deməkdir ki, zərərçəkənlərin sayı burada göstərilənlərdən də xeyli çoxdur. Həmin məlumatda qeyd olunanlar həm də bu işin nə qədər böyük miqyasa malik olduğunu və ordumuza qarşı geniş təxribat xarakteri daşıdığını bir daha təsdiqləmiş olur.
Ancaq bu məsələdə bir neçə sual meydana çıxır. Hələ 2017-ci ildə baş verən, “5-ci kolon”un dövlətə və orduya qarşı qəsdinin tərkib hissəsi olduğu şübhə doğurmayan bu cinayətin qarşısı niyə zamanında alınmadı və sonradan niyə bir müddət bu iş ört-basdır edildi? Həmçinin, niyə bu işə birbaşa nəzarət etməli olan yüksək vəzifəli şəxslər hazırda məsuliyyətdən kənarda saxlanılır?
Qısa xatırlatma olaraq qeyd edək ki, 2017-ci il mayın 7-də Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə bəyanatla bir qrup hərbi qulluqçu və mülki şəxsin Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluq etdiyinə görə saxlandığını açıqlamışdılar.
Prokurorluq Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açmış və saxlanılanlar müxtəlif müddətə azadlıqdan məhrum edilmişdilər.
Lakin sonradan məlum olub ki, bu işin istintaqı zamanı azı 9 hərbi qulluqçu işgəncələrdən ölüb. Bəzi ekspertlər öldürülənlərin sayının daha çox olduğunu bildirirlər. Zərərçəkənlərin ailə üzvlərinin dediklərinə görə, ümumilikdə 1700-dən çox hərbçiyə işgəncə verilib. İşgəncələrə məruz qalanların çoxu Aprel döyüşlərində xüsusi fəallıq göstərmiş, vətənpərvərliyi, peşəkarlığı ilə seçilən hərbçilər olublar.
Artıq heç kimə sirr deyil ki, “Tərtər işi”-nə sabiq Baş prokuror Zakir Qaralov, onun muavini Rüstəm Usubov, sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkov və Hərbi prokuror Xanlar Vəliyev nəzarət ediblər. Tərtər hadisələrinin başında isə birbaşa Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun durduğu barədə hərbi ekspertlər, hüquq müdafiəçiləri və vəkillər tərəfindən açıqlamalar yayılıb.
Qeyd olunub ki, bu prosesləri Müdafiə Nazirliyinin Daxili təhlükəsizlik idarəsinin rəisi, general-mayor Ramil Əsgərov aparıb. O isə N.Sadıkovun doğma bacısı oğludur. Lakin indiyə qədər bu cür ağır ittihamlarla bağlı nə N.Sadıkov, nə də R.Əsgərov heç bir açıqlama verməyiblər. Sanki belə də olmalı imiş.
Son günlər isə I Qarabağ Müharibəsi zamanı 1993-cü il dekabrın 30-dan 31-nə keçən gecə Ağcabədi istiqamətində keçirilməsi planlaşdırılan, lakin 1 gün gecikmə ilə baş tutan və uğursuzluqla nəticələnən “Çeildağ” əməliyyatının detalları üzə çıxıb. Respublika Hərbi Prokurorluğunun sabiq Xüsusilə Mühüm İşlər üzrə böyük müstəntiqi Kamal Əliyevin bu hadisə ilə bağlı açıqlamasından belə məlum olur ki, həmin əməliyyatda 82 azərbaycanlı hərbçinin tələyə salınaraq öldürülməsində Nəcməddin Sadıkovun “xüsusi xidməti” olub. Mətbuatın bu ittihamla bağlı N.Sadıkova ünvanladığı suala isə o, sadəcə, “məni narahat etməyin!” deməklə cavab verib. Vəssalam.
Bəs, görəsən hardandır N.Sadıkovun, eləcə də “Tərtər işi” başda olmaqla, dövlətə, orduya qarşı cinayətləri araşdırmalı və zamanında həqiqəti ortaya çıxarmalı olan Zakir Qaralovun və Rüstəm Usubovun, ən əsası isə bu işdə əsas böyük fiqur olan, “5-ci kolon”un mənəvi atası sayılan, həmin vaxt Prezident Administrasiyasına rəhbərlik edən və hər şeydən çox yaxşı məlumatlı olan Ramiz Mehdiyevin arxayınçılığı? Bu şəxslər məsuliyyətə cəlb edilməli deyillərmi?
Həmin vaxt məhz Mehdiyevin rəhbərlik etdiyi Prezident Aministrasiyasından icra hakimiyyətlərinə “Tərtər işi” əsas götürülərək, orduyla bağlı “vətənə xəyanət” təbliğatı aparılması göstərişi verilmişdi. Nədən “Tərtər işi” yalnız Mehdiyev yüksək vəzifəsindən məhrum olandan və 2020-ci ildə Baş prokuror dəyişdiriləndən sonra obyektiv araşdırılmağa başladı?...
Baş Prokurorluğun son məlumatında daha bir maraqlı məqam sözügedən hadisələrlə bağlı 16 qanunsuz məhkəmə qərarının ləğv edilməsidir: “Məhkum olunmuş şəxslərlə bağlı cinayət işləri öyrənilərkən müəyyən prosessual pozuntulara yol verilməsi halları aşkar edildiyindən 16 şəxs barəsində 16 cinayət işi üzrə yekun məhkəmə qərarlarının ləğv edilərək işlərin əlavə istintaq aparılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasından ötrü Baş Prokurorun müvafiq müavini tərəfindən məhkəmələrə apellyasiya protestləri verilib”.
Bu, o deməkdir ki, həmin 16 qanunsuz qərarı verən hakim də məsuliyyətə cəlb olunmalıdır. Müəyyən etmək lazımdır ki, onlar kimin tapşırıqlarını yerinə yetiriblər və bu tapşırıqların kökü kimə qədər gedib çıxır.
Suallar çoxdur. Bu suallara ən dolğun cavabı isə heç nədən çəkinmədən bu işi sonadək araşdırmalı olan istintaq verə bilər. Əgər bu iradə sonadək ortaya qoyulsa, böyük ehtimalla bu işin arxasında təkcə Nəcməddin Sadıkovun deyil, prokurorluğun əvvəlki rəhbərliyinin və “5-ci kolon”un ən təpədəki isminin də rol aldığı üzə çıxa bilər...
“AzPolitika.info”