30 dekabr 2014-cü il tarixində Mərkəzi Bank tərəfindən verilmiş 255 saylı lisenziya əsasında Azərbaycanda fəaliyyət göstərən Türkiyənin “Ziraat Bank Azərbaycan” bankı barədə mediada silsilə tənqidi yazılar dərc olunur. İddia olunur ki, bank rəhbərliyi vəsaitləri müxtəlif vasitələrlə dağıdır, şəxsi qazanc əldə etmək üçün qanuna zidd fəaliyyətlərlə məşğul olur.
Qeyd edək ki, bu tip məlumatlar redaksiyamıza da daxil olub və orada bankın idarə heyətinin keçmiş sədri Avni Dəmirçi və müavini Rövşən İbrahimov haqqda sensasiyalı iddialar səsləndirilib.
Avni Dəmirçi “Ziraat Bank Azərbaycan” ölkədə fəaliyyətə başlayandan sonra onun İdarə heyətinin sədri təyin edilib. Məlumatlı mənbə iddia edir ki, ötən 6 ildə onun əsas fəaliyyəti müavini Rövşən İbrahimovun əli ilə saxta kreditlər verməkdən, xərcləri şişirdərək silməkdən ibarət olub. “Rövşən bankda departament direktoru olan dövrdə bütün kreditlər onun vasitəsi ilə təsdiqlənib. Bir çox hallarda müştərilərin müraciətləri başdan sovdu təhlil edilib və “şapka” müqabilində kreditlər rəsmiləşdirilib. Nəticədə bankın kredit portfelində problemli kreditlərin həcmi günü-gündən böyüyüb. A.Dəmirçi Rövşənin bu “nailiyyətləri” nəzərə alaraq, onun vəzifəsini departament direktorundan İdarə Heyəti sədrinin müavinliyinə yüksəldib”,-mənbə qeyd edib.
İnformasiyada daha sonra bildirilir ki, sonralar Avni bəyin R.İbrahimova etimadı artıb, ona bankın yeni açılan filiallar üçün ofislərin tapılmasını, onların təmirinə çəkilən xərclərə nəzarəti, həmçinin flilallara əsas vəsaitlərin alınmasını da tapşırıb. “Təmir xərcləri şişirdilərək astronomik qiymətlərlə rəsmiləşdirilir və yaxşı qazanc əldə edilir, daha sonra bölüşdürülür. Həmçinin bankın reklam xərcləri də real ödənişlərdən bir neçə dəfə çox göstərilərək büdcədən silinib. Bu qazanclar çox böyükdür – milyon manatlarla hesablanır”, xəbərdə qeyd olunur.
Mənbənin məlumatına görə, A.Dəmirçi və onun əlbir olduğu şəxslərin əsas qazanclarından biri də bankın flilallarına kompüter avadanlıqlarının alınmasından, onlara göstərilən texniki servisdən şişirdilərək çırpışdırılan iri məbləğlərdir. Nəticədə xərclərin böyüdülməsi bankın mənfəttəinə ciddi təsir göstərir, belə olduğu halda isə mənfəət vergisinin süni şəkildə ödəmənməməsinə gətirib çıxarır.
Mənbə əlavə edir ki, A.Dəmirçi ilə şübhəli isti münasibətlərdən dolayı Mərkəzi Bank mütəxəssislərinin “Ziraat Bank Azərbaycanda” apardığı yoxlamalar zamanı bu tip qanunsuzluqlara göz yumulub: “Avni Dəmirçi işdən uşaqlaşdırıldıqdan sonra vətəni Türkiyəyə getmir. “Ölkədə şirkətlər açaraq “Ziraat Bank Azərbaycan”dan çirkli yollarla əldə etdiyi həmin milyonları leqallaşdırır. İşdən çıxarılsa da, sevimli müavini Rövşən İbrahimov bankdakı vəzifəsində qalır və əvvəlki işlərini davam etdirir. Hazırda o İnformasiya Texnologiyaları departamentinin direktoru Sadiq Axundovla əlbir olub kompyuter avadanlıqların təmirinə, proqram təminatına küllü miqdarda vəsaitlər ayıraraq silinməsini təşkil edərək külli miqdarda qazanc əldə edirlər. Yeni sədrin Rövşənin bu işlərindən xəbəri yoxdur. Əgər xəbər tutsa, onu bir gün də bankda saxlamaz”,-mənbə bildirib.
Qeyd edək ki, informasiyalı qaynaq A.Dəmirçi və müavininin qanunsuz fəaliyyəti haqda daha detallı məlumatları redaksiyamıza təqdim edəcəyini bildirib.
“Ziraat Bank Azərbaycan”-ın 2020-ci ildə açıqladığı maliyyə göstəricilərinə görə, ili 2 milyon 111 min manat, 2021-ci il isə 7 milyon 33 min manat mənfəətlə başa vurub.
Gununsesi.info