2019-cu ilin oktyabrında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində kölgə iqtisadiyyatı ilə mübarizə çərçivəsində bir neçə şirkətə qarşı Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 197.1 (əmtəə nişanlarından qanunsuz istifadə etmə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə cinayət işi açılmışdı. Onlardan biri də “Fuad-Kimya-Servis” MMC-dir.
Bu barədə Baş Prokurorluğun mətbuat xidməti press-reliz yaymışdı. İndi isə məlum olur ki, cinayət işi açıldıqdan sonra sözügendən şirkət dövlət idarələrindən azı 19 tender udub.
Bu tenderlərin ümumi məbləği 5 milyon 68 min 642 manatdır (5 068 641.98 AZN).
Şirkət nədə ittiham olunur?
Baş Prokurorluğun həmin dövrdə yaydığı məlumatda bildirilir ki, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 1A ünvanında yerləşən “Fuad-Kimya-Servis” MMC-yə məxsus yuyucu tozların istehsalının həyata keçirildiyi sexə baxış keçirilib. Bu zaman üzərlərinə ”Calgon”, “Comet”, “ACE”, “Domestos” yuyucu tozların və mayelərin adı yazılmış və həmin malların qablaşdırılmasında istifadə olunan karton materiallar, etiketlər, üzlüklər və boş polietilen paketlər aşkar edilərək götürülüb.
“Məhkəmə-ekspertizanın rəyinə görə, sexdəki kimyəvi-təmizləyici maddələr tərkibinə, keyfiyyət göstəricilərinə görə standartların tələbərinə uyğun gəlməyib. Ölçüləri, çəkiləri qablaşdırmanın üzərində qeyd edilən ölçü və çəkilərlə eynilik təşkil etməyib”.
3 nəfər həbs edilib
Prokurorluğun məlumatında deyilirdi ki, iş üzrə Anar Qasımov, Natiq Novruzov, Vidadi Əliyev və Ülvi Əliyev təqsirləndirilən şəxs qismində cəlb edilib. Onlara Cinayət Məcəlləsinin 192.2.1, 197.2, 206.3.1 və 206.3.2-ci maddələrində nəzərdə tutulan ittiham elan edilib. Barələrində Binəqədi Rayon Məhkəməsinin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Ancaq bundan sonra onların taleyi barədə heç bir məlumat yoxdur. İctimaiyyətə şəxslərin necə cəzalandırılması və ya azad olunması barədə məlumat verilməyib. Yalnız o məlumdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 5 sahibkarla bağlı məhkəmə prosesi keçirilib.
Şirkət kimindir?
VÖEN nömrəsi 2900614681 olan şirkətin qanuni təmzilçisi Bağır Ağakərim oğlu Bağırovdur. MMC 2005-ci ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 10 manatdır.
Şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən şirkətə 2 saylı Ərazi Vergilər Baş İdarəsi nəzarət edir.
Şirkət hansı tenderlərin qalibidir?
Vahid dövlət satınalmaları portalında şirkətin adını yazanda görürük ki, qalib gəldiyi 19 tenderin əksəriyyəti dövlət idarələrinin sifarişidir.
Bitmədi
Bundan əlavə, Müdafiə Nazirliyi Sanitar Epidemioloji Nəzarət Mərkəzinin “Diaqnostikum preparatlarının satın alınması” tenderinin də, Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşunun elan etdiyi “Kimyəvi maddələr və digər sərfiyyat materiallarının satın alınması” və “kimyəvi maddələrin satın alınması” tenderlərinin də qalibi Fuad Kimya-Servis MMC-dir. Şirkət 3 tenderdən 4 milyon 951 min 259 manat əldə edib.
Şirkət daha bir tenderi Prezident yanında Elmin İnkişafı Fondundan alıb. “Reagentlər” başlıqlı tenderdən 7,340.6 manat qazanıb.
Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzinin “Referens laboratoriyada istifadə olunan reaktivlər və reagentlər” başlıqlı tender elanından isə 59,910.94 manat əldə edib. Daha 5,061.2 min manatlıq tenderi isə Ədliyyə Akademiyasının “Ədliyyə Akademiyası kriminalistika otağında ləvazimatlar” tenderindən qazanıb.
Dövlət satınalmaları portalında olmayan başqa bir tender isə “Azərsu” ASC-nin “süzgəclərin əks yuyulması prosesində istifadə olunan reaktivlər” tenderidir ki, burada da qalib “Fuad Kimya-Servis” MMC-dir. İş üçün ayrılan vəsait isə 285,247.3 manatdır. AMEA Polimer Materialları İnstitutunun “Odadavamlı kimyəvi şüşə qabların satınalınması” tenderindən isə şirkət 2,647.33 manat vəsait əldə edib.
Şirkətin qalib gəldiyi növbəti tenderlər isə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin elan etdiyi “tibbi vasitələrin satınalınması” və AMEA Polimer Materialları İnstitutunun elan etdiyi “kimyəvi reaktivlərin satınalınması”dır. Bu tenderlərdən şirkət müvafiq olaraq 14,015.7 və 887.34 min manat götürüb.
Son olaraq şirkət Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin elan etdiyi “Laboratoriya üçün idxal əlcək, maska və kimyəvi reaktivlərin satınalınması” tenderinin də qalibi olub. Mərkəzə 14,000.7 min manatlıq material verib.
Eyni zamanda, “İnnovasiya və Təchizat Mərkəzi” Publik Hüquqi Şəxsi müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan, bəzi dövlət və tədbirlər proqramlarında istifadə olunan dərman vasitələrinin satınalınması və tibbi təyinatlı vasitələrin satınalınması ilə bağlı elan etdiyi 3 tenderin qaliblərindən biri yenə “Fuad Kimya-Servis” MMC-dir. Şirkətə bu tenderlər üçün 1 mln 687,2 min manat ödənib.
Qanunla
“Dövlət satınalmaları haqqında” Qanunun 6.2.6-cı maddəsində deyilir ki, tenderlərdə iştirak edəcək podratçılar “satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri ilə əlaqədar cinayətə görə məhkum olunmamalıdır”.
“Fuad Kimya-Servis” MMC- qanunverciliyin bu tələbini pozub. Barəsində cinayət işi açılandan 2 ay sonra “Şahdağ Turizm Mərkəzi” QSC-nin elan etdiyi “çamaşırxana üçün kimyəvi vasitələrin satın alınması” tenderinin qalibi olub.
Meydan TV-nin “Necə olur ki, barəsində cinayət işi açılmış şirkət tenderlərdə iştirak edir” sorğusu ilə Azərbaycan Respublikası Baş Prokurorluğuna edilən müraciətinə cavab verilməyib.
“Fuad Kimya Servis” MMC-nin tenderlərə nəzarət edən əməkdaşı Vəfadar Həmidov isə Meydan TV-yə deyib ki, onlarla bağlı hər hansı cinayət işi açılmayıb. O iş də qurama olub:
“Heç bir cinayət işi yox idi. O məlumatları hansısa vicdansızlar paylaşdı. Ar olsun elə adamlara. O insanların nəzərinə çatdırıram ki, mənim respublikam onlar üçün pozğunxana deyil”. //meydan.tv//