Axtarış...

“Məzlum camaatın az qalırlar dərisini soysunlar” - GİLEY

“Məzlum camaatın az qalırlar dərisini soysunlar” - GİLEY


Xaçmaz sakini İsmayıl Aydəmirov deyir ki, qardaşını və həyat yoldaşını Azərbaycanın Rusiya ilə quru sərhədindən ölkəyə buraxmırlar. Onun sözlərinə görə, Rusiya tərəfdən heç bir problem yoxdur, onlar sərhədi keçməyə imkan verib, neytral zonaya buraxıb. Ancaq Azərbaycanın Sərhəd Xidmətinin əməkdaşları onları geri qaytarıb.

“Gah maşının içində yatırlar, gah küçədə…”

Millitv.az-ın məlumatına görə, İsmayıl Aydəmirov Meydan TV-yə danışır ki, 56 yaşlı qardaşı İlham Aydəmirov, onun həyat yoldaşı Validə Aydəmirova bir aydan çoxdur acınacaqlı vəziyyətdə qalıb:

“Gah maşının içində gecələdilər, gah küçədə. İndi də orada-burada qalıblar. Pulları da tükənib. Bir müddət əvvəl qardaşımın oğlu pul göndərdi ki, nəsə alıb yeyə bilsinlər, acından ölməsinlər. Bu adamlar niyə öz vətənlərinə buraxılmamalıdır?”

Xaçmaz sakininin dediyinə görə, qardaşı və həyat yoldaşı Rusiyada yaşayan qızlarının yanına gediblər. Gedəndə onlara dövlət strukturları rəsmi şəkildə razılıq verib.

İlham Aydəmirov və xanımının sərhəddən Azərbaycana buraxılmasına razılıq üçün onların oğlu Xarici İşlər Nazirliyinə müraciət edib. Onun müraciəti Nazirlər Kabineti və Dövlət Sərhəd Xidmətinə yönləndirilib, martın 9-da isə rədd cavabı gəlib.

“Nazirlər Kabinetinə gedib-gəlməkdən ayaqlarım yara olub”

Bundan sonra İsmayıl Aydəmirov özü Nazirlər Kabinetinə üz tutub: “Nazirlər Kabinetindən telefonla şifahi şəkildə mənə dedilər ki, yenidən Xarici İşlər Nazirliyinə müraciət edim. Martın 14-də qardaşım oğlu tələb olunan sənədləri təkrar Xarici İşlər Nazirliyinə təqdim etdi. İkinci dəfə də Nazirlər Kabinetindən imtina gəldi. Nazirlər Kabinetinə gedib-gəlməkdən ayaqlarım yara olub. Heç kim qəbul eləmir ki, vəziyyəti birbaşa izah edim, bəlkə vətəndaşın halını başa düşdülər. Qalmışıq çarəsiz vəziyyətdə…”

Qardaşının ikinci qrup müharibə əlili olduğunu vurğulayan İsmayıl Aydəmirovun sözlərinə görə, onun səhhətində əvvəldən də problemlər vardı. Son vaxtlar baş verənlər isə vəziyyətini daha da pisləşdirib:

“Soyuqda qalmaq, stress… Bunlar hamısı onun səhhətinə yeni zərbədir. Dövlət öz vətəndaşlarına – qardaşım və ailəsinə, müharibə əlilinə niyə belə zülm eləyir, anlamıram. Təkcə bizimkilər deyil, orada nə qədər başqa azərbaycanlılar var ki, çarəsiz qalıb, sərhədə yaxın meşədə gecələyirlər. Bu camaat onsuz da pis vəziyyətdədir, bir az da məmurlar boğazına təpik qoyur…”

“Məqsəd AZAL-ın biletlərini satdırmaqdır”

Xaçmaz sakininin dediyinə görə, dövlət orqanlarında onlara tövsiyə olunub ki, qardaşı və ailəsi təyyarə ilə ölkəyə qayıtsın. İsmayıl Aydəmirov deyir ki, qardaşı gedəndə sərhədi öz avtomobili ilə keçib. Həm də təyyarə bileti çox bahadır, onların buna maddi imkanı çatmır:

“Nazirlər Kabinetindən mənə bir dəfə dedilər ki, təyyarə ilə gəlsinlər. Niyə vətəndaş ölkəsinə mütləq təyyarə ilə gəlməlidir? Belə çıxır ki, məqsəd AZAL-ın biletlərini satdırmaqdır. Məzlum camaatın az qalırlar dərisini soysunlar, ancaq məmurların qayğısına qalırlar. Bütün qərarlar da buna hesablanır. Belə çıxır ki, koronavirus təyyarə ilə gəlmir, amma quru sərhədlə gəlir. Lazımdırsa, quru sərhədlə gələn vətəndaşdan da test tələb eləsinlər, amma ölkəyə buraxsınlar”.

Hökumət nə deyir?

İsmayıl Aydəmirovun dedikləri, ümumiyyətlə, Rusiya ilə sərhəddə çətin vəziyyətdə qalan şikayətçilərlə bağlı Nazirlər Kabinetindən cavab almaq mümkün olmayıb.

Martda parlamentin iclasında deputat Razi Nurullayev də sərhəddə qalan azərbaycanlılarla bağlı məsələyə toxunmuş, problemin həlli üçün Baş nazir Əli Əsədova müraciət etmişdi. O bildirmişdi ki, Rusiya ilə quru sərhəddə yüzlərlə vətəndaşın çadır düşərgələrində ağır və alçaldıcı vəziyyətdə yaşamaq məcburiyyətində qalıb:

“Soydaşlarımıza bu cür münasibət ölkəmizin nüfuzuna ziyandır. Cənab Baş nazir, sizdən quru sərhədlərin açılmasını və Dağıstanda gözləyən soydaşlarımızın tez bir zamanda ölkəyə gətirilməsini xahiş edirəm”.

Baş nazir isə bildirib ki, karantin qaydaları yumşaldılsa da, pandemiya aradan qalxmayıb:

“Rusiya hökuməti martın 21-dən başlayaraq hava məkanını yenidən Azərbaycan üçün açır. Dağıstan sərhədində qalan azərbaycanlıların məsələsi də hökumətin diqqətindədir. Amma onlarla bağlı qəti qərar hələ verilməyib”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz