Axtarış...

"Paltar ağartmaq üçün İrandan gətirilən maddəni qarışdıraraq qənd hazırlayırlar" - Azərbaycanda ŞOK

"Paltar ağartmaq üçün İrandan gətirilən maddəni qarışdıraraq qənd hazırlayırlar" - Azərbaycanda ŞOK


Bir neçə il əvvəl Azərbaycanda ölkə başçısının müvafiq qərarı ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yaradıldı. Və belə hesab edildi ki, bundan sonra ölkədə qida təhlükəsizliyi ilə bağlı bütün problemlər bu agentlik tərəfindən həll ediləcək. Məsələn daha küçələrdə heyvanlar kəsilib, qanı yollara axıdılıb, başı mağazaların qapısına asılmayacaq. Və yaxud daha mağazalarda “vaxtıkeçmiş” məhsullar satılmayacaq. Restoran, kafe və digər vətəndaşlara qida xidməti göstərən iaşə obyektərində qida təhlükəsiziliyi qorunacaq. Daha ölkədə yodsuz duz satılmayacaq. Zəhərlənmələrin səbəbləri açıq şəkildə cəmiyyətə açıqlanacaq. Və s. və ilaxır. Amma sən saydığını say, gör AQTA nə sayır...
Qeyd edim ki, AQTA da ölkədə adı olub, fəaliyyəti olmayan qurumlar siyahısındadır. Mətbuat xidmətinə gəldikdə isə, bir sualı gərək beş nəfər göndərəsən ki, bəlkə biri işinin məsuliyyətini başa düşüb, cavablandıra... Amma birinin işlədiyi ehtimaldır...

Bizimyol.info-un məlumatına görə, “Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov deyir ki, o üç qurumda ictimai şuranın üzvüdür. Bura “Azərsu”, “Azəriqaz” və AQTA daxildir: “Mən ona görə, bu qurumların ictmai şurasına təmənnasız olaraq qoşulmuşam ki, istehlakçı şikayətlərini operativ olaraq həll edə bilim. Bu 3 qurum arasında ən zəifi və ən narazı qaldığım qurum AQTA-dır. Çünki AQTA-nın üzərində böyük məsuliyyət var. AQTA-nın əsasnaməsində də qeyd edilib ki, qurum qidanın təhlükəsizliyini təmin edir. Lakin keyfiyyət məsələsi ortada qalıb. Heç kim qidanın keyfiyyəti ilə məşğul olmur. AQTA-nın günahlarından biri budur ki, keyfiyyət məsələsinə də nəzarət etsin. İkincisi “Qida Təhlükəsizliyi haqqında” qanun layihəsi Milli Məclisdə müzakirə olunur. Bu qanun AQTA-da heç bir ictimai müzakirəsi keçirilmədən və yaxud keçirilsə də, özlərinə lazım olan adamlarla keçriilib, Milli Məclisə göndərilib. Uzun müddət çalışdım ki, qanun layihəsini AQTA-dan alıb, görüm ki, qanun layihəsində nə var. Onu məndən gizlətdilər. Qısası, mən çox çətinliklə qanun layihəsini əldə edə bilmişəm. Qanunda da keyfiyyət məsələsinə toxunulmayıb”.

Eyyub Hüseynov deyir ki, AQTA 2,5 ildir ki fəaliyyət göstərməsinə baxmayaraq bir çox məsələri həll edə bilməyib. Bura küçədə kəsim, heyvanların identifikasiyası, Azərbaycan mallarının xarici bazara çıxarılması məsələsi hələ də öz həllini tapa bilməyib.

Ekspert deyir ki, illərdir Azərbaycanın cəmi 3-4 məhsulu Avropa bazarına çıxır. Balıq kürüsü, fındıq, qoz ləpəsi və s. Onun sözlərinə görə, digər məhsulların Avropa bazarına çıxması kimi əsasnamədə nəzərdə tutulan bir çox məsələləri AQTA yerinə yetirə bilməyib.

E.Hüseynov təəssüflə vurğulayıb ki, AQTA ictimaiyyətlə zəif işləyir. Yəni ictimai təşkilatlarla və KİV-lə fəal işləyə bilmir. Xüsusi qeyd: Standart press reliz hazırlayıb göndərmək, ictmaiyyətlə və ya KİV-lə fəal işləmək hesab edilmir. Ekspert bildirir ki, ictmaiyyətlə əlaqələr şöbəsi səviyyəsində bir neçə məsələ qaldırlsa da, bu şöbənin məsələlərə heç bir təsiri yoxdur.

“Bir neçə məsələ göndərmişik həll edilsin. Lakin həll edilməmiş qalır. Məsələn, yodsuz duzun satılması ilə bağlı məsələ həllini tapa bilmir. Yod çatışmazlığı xəstəliklərinin profilaktikası məqsədi ilə yodsuz duzun satışı “Duzun yodlaşdırılması haqqında” qanunun 8.3 maddəsi ilə ölkədə yodsuz duzun satışı qadağandır. Lakin ölkənin əmtəə bazarında təxminən 10 faizə qədər yodsuz duz satılır. Bu barədə biz məsələ qaldırmışıq. Həll olunmadan qalır.

Daha sonra qənd istehsalı zamanı qəndin kimyəvi maddələrlə ağardılması ilə bağlı məsələ qaldırmışıq. Bir aydan çoxdur ki, məktub vermişik və hələ AQTA-dan heç bir xəbər yoxdur. Həmin qəndlər bu gün də satılmaqda davam edir. İstehlakçılar onun nümunəsini də mənə gətiriblər. Kimyəvi maddələr, paltar və dəri ağartmaq üçün, xalça yumaq üçün istifadə edilən, İrandan gətirilən kimyəvi maddəni ərimiş şəkər tozuna qarışdıraraq, ağ kəllə qənd hazırlayırlar. 2019-cu ildə biz bu məsələni qaldırdıq və Baş Prokurorluq cinayət işi qaldırdı, adamlar həbs edildi. Maddəni gətirənlər həbs edildi. Ancaq görürük ki, yenə həmin maddə satılır. AQTA-nın işində ardıcıllıq müşahidə edilmir. Yəni bir işi başlayıb, ardıcıl şəkildə yerinə yetirsin, bu yoxdur” - deyən E.Hüseynov bildirib ki, AQTA-nın İctimai Şurası ən zəif ictimai şuradır.

Bir ilə yaxındır ki, fəaliyyət göstərən İctmai Şura bu günə qədər sahibkarların və ya istehlakçıların faydasına olacaq heç bir rasional iş görməyib.

“Biz AQTA nümayəndələrinin prezentasiyalarına qulaq asmışıq və s. “Qida Təhlükəsizliyi haqqında” qanunun mahiyyətində GMO (geni modofikasiya edilmiş malların) lobbiçiliyi görünür. Bizim təhlilimizə görə, bu, Ümumdünya Ticarət Təşkilatının təsiri altında baş verir. Daim onlar zəif də olsa bu lobbiçiliyi aparır və ciddi mübahisələrə gedirlər. Və sanki GMO-nun Azərbaycanda yayılmasını təşviq edirlər. Baxmayaraq ki, cənab prezidentin GMO-nun məhdudlaşdırılmasına dair əhəmiyyətli qərarları və tapşırıqları var. Azərbaycan kartogen proqramına qoşulub. Hansı ki, Amerika ora qoşulmur. Çünki Amerika GMO istehsalçısıdır. Türkiyədən Azərbacana GMO mallar gəlir. AQTA-da olan bahalı laboratoriya da partizan kimi susur. Biz bunun tərəfdarı deyilik” - deyə E.Hüseynov bildirib.

Ekspert həmçinin bildirir ki, AQTA-laboratoriyaları effektiv işləmir. Belə ki, laboratoriyaları etst məqsədilə məhsul göndərən ekspert deyir ki, laboratoriyadan qısa nəticə verməsini xahiş edib. Laboratoriyaya məhsul göndərən E.Hüseynov məhsulun “xama olub olmaması ilə bağlı konkret cavab” istəsə də, ona məhsulun tərkibi barəsində cavab verilib:

“Mən sadəcə sual vermişdim ki, “bu xamadır, yoxsa deyil”. Yazıblar ki, bu turşu bu qədərdir, o biri turşu bu qədərdir. Dəfələrlə rəhbərliyə və ictimaiyyətlə əlaqələr şöbəsinə də dedim ki, bu cavaba nəticə yazsınlar. İstehlakçıya turşunun miqdarı və kimyəvi formul lazım deyil, nəticə lazımdır. Çox təəssüf ki, ictimai şuranın üzvü olmağıma baxmayaraq mən bu suala cavab ala bilmədim”.

Ekspert həmçinin bildirir ki, digər qurumlardan fərqli olaraq AQTA-nın rəhbərliyinə əlçatanlıq yoxdur. Bu baxımdan da sahibkarların böyük narazılığı var. 2 ildən çoxdur ki, prezidentin etimadı əsasında yaradılan AQTA, öz məsuliyyətini görünür ki, ya dərk etmir, ya da etmək istəmir, ya da bu addımı atmaq quruma sərf etmir. Əgər laboratoriyalar ölkəyə GMO gətirilməsinə susursa...

AQTA ilə bağlı araşdırmalar davam edəcək...

Qeyd edək ki, yazıda qeyd olunan iddialarla bağlı AQTA-ya sorğu göndərilib. Cavablandırıldığı halda, mövqeyini dərc etməyə hazırıq.

Bizimyol.info
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz