Axtarış...

Penitensiar sistemimizin özünün İSLAHA EHTİYACI VAR... - ARAŞDIRMA

Penitensiar sistemimizin özünün İSLAHA EHTİYACI VAR... - ARAŞDIRMA


Son vaxtlar ölkə mətbuatı Ədliyyə Nazirliyində həyata keçirilən islahatlardan yazsa da, Penitensiar Xidmətdə mövcud olan çoxsaylı problemlər də diqqətdən qaçmır. Söhbət ondan gedir ki, sanki Penitensiar Xidmət heç bu nazirliyə tabe deyil, buna görə də həmin qurumun rəhbərliyi özlərini “kiçik padşahlar” kimi aparırlar. Belə olan vəziyyətdə isə, xidmət daxilində neqativ olayların sayı günbəgün çoxalmaqda, bu da, təbii olaraq, narazılığın səviyyəsini eyni templə artırmaqdadır.

Ədliyyə Nazirliyində aparılan islahatların Penitensiar Xidmətdən nə üçün yan keçdiyinin səbəblərini araşdırmazdan əvvəl, bu qurum haqda oxucularımıza qısa məlumat verək. Xatırladaq ki, əvvəllər Ədliyyə Nazirliyi yanında Cəzaların İcrası Baş İdarəsi adlanan qurum, prezidentin 17 avqust 2006-cı il tarixli "Ədliyyə orqanlarının inkişafı haqqında" fərmanı ilə, “Penitensiar Xidmət” adlandırıldı. Hazırda Penitensiar Xidmət Ədliyyə Nazirliyinin baş idarəsi statusunda fəaliyyət göstərir. Xidmətin tərkibində 3 istintaq təcridxanası, 17 cəzaçəkmə müəssisəsi, 14 məntəqə tipli cəzaçəkmə müəssisəsi, Qobustan qəsəbəsində həbsxana, Bakının Xətai rayonunda Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsi, Bakının Böyük Şor qəsəbəsində müalicə müəssisəsi, Binə qəsəbəsində ixtisaslaşdırılmış müalicə müəssisəsi mövcuddur.

Onu da xatırladaq ki, Azərbaycan prezidentinin 09.01.1993-cü il tarixli 399 saylı fərmanı ilə istintaq təcridxanaları istisna olmaqla, Daxili İşlər Nazirliyinin (DİN) İslah İşləri İdarəsinin bütün müəssisələri Ədliyyə Nazirliyinin tabeliyinə keçib. Həmçinin, əvvəllər Daxili Qoşunlara tabe olan 7535-ci mühafizə batalyonu, 6500-ci alay, Bakı Polis İdarəsinin xüsusi müşayiət (məhbusları) divizionu, şəhər və rayon səviyyəli polis idarələri yanında islah işləri müfəttişliklərinin bütün kadrları, eləcə də bu müəssisələrin əmlakı Ədliyyə Nazirliyinə verilib.

Yeri gəlmişkən onu da vurğulayaq ki, vaxtilə DİN-in penitensiar müəssisələrinin Ədliyyə Nazirliyinin tabeliyinə verilməsi Avropa Şurası tərəfindən tövsiyə edilən islahatlar, o dövrün beynəlxalq tendensiyası çərçivəsində həyata keçirilib. Bu haqda Turan-a açıqlamasında məhbusların hüquqları üzrə ixtisaslaşan hüquq müdafiəçisi Eldar İsmayılov bildirib: “Avropada hesab edirlər ki, məhbus məhkəmədən sonra onunla bağlı istintaqı aparanların sərəncamında qalmamalıdır, çünki belə olan halda müstəntiqlərin cinayətləri açılmamış qalacaq. Bu səbəbdən hazırda cəzaçəkmə yerlərinə köçürülmüş məhkumlar onlara qarşı cinayətlər törətmiş müstəntiqlərdən şikayətlə müraciət edirlər”.

E.İsmayılovun sözlərinə görə, istintaq təcridxanalarının DİN-dən alınaraq Ədliyyə Nazirliyinə verilməsi 1996-cı ildə Azərbaycanın üzvlük ərizəsilə Avropa Şurasına müraciəti çərçivəsində həyata keçirilib: “O zaman Bayıl, Şüvəlan və Gəncə istintaq təcridxanaları DİN sistemindən çıxarıldı. Azərbaycan "qonaq" statusu aldı və AŞ nümayəndələri Azərbaycana səfər edərkən onlar həbsxanaların həddən artıq dolu olduğunu qeyd etmişdilər, vərəm xəstələrinin sayı sanitar normaları ötürdü. O zaman aparılmış islahat sayəsində cəzaçəkmə yerlərində vərəm xəstəliyi 30 dəfədən çox azalmışdı".

Onu da qeyd edək ki, həmin dövrdə həyata keçirilən islahatlar müasir Dövlət Təhlükəsizliyi Xidmətinin sələfinə toxunmayıb. Belə ki, bu təşkilatın xüsusiyyətinə görə, burada istintaq təcridxanasının saxlanılması məqsədəuyğun hesab edilib.

İllər öncə DİN-in penitensiar müəssisələrinin Ədliyyə Nazirliyinin tabeliyinə verilməsi müsbət qarşılansa da, son vaxtlar Penitensiar Xidmətdə baş verən neqativ olaylar, cəzaçəkmə müəssisələrinin beynəlxalq təşkilatlar tərəfindən ardıcıl şəkildə tənqid olunması ölkə rəhbərliyinin bu sahədə apardığı islahatlara kölgə salmaqdadır. Hansı ki, Konkret.az saytının “WorldPrisonBrief” təşkilatına istinadən bu günlərdə dərc etdiyi dünya ölkələrində məhbusların sayı üzrə reytinq cədvəlində də deyilənlər açıq şəkildə özünü göstərir.

Konkret.az yazır ki, bu reytinqə görə, Azərbaycanda məhbusların sayı artıb: “211 ölkə və suveren əraziləri əhatə edən reytinqdə Azərbaycan 21 253 məhbusla 67-ci yerdədir. Bu ilin aprelində Avropa Şurası təşkilata üzv ölkələrdə məhbusların sayı və vəziyyətinə dair illik hesabatında qeyd edib ki, Azərbaycanda ümumilikdə 21 min 12 məhbus cəza çəkir, əhalinin hər 100 min nəfərinə 208,7 məhbus düşür. Hüquq müdafiəçilərinin məlumatına görə, Azərbaycanda həbsxanaların tutumu 25 501 nəfərdir. Onlar bildirirlər ki, 17 il ərzində məhbusların sayı 17 845-dən 21 253 nəfərə qədər artıb”.

Öz növbəsində Azsiyaset.com saytı da 25 fevral 2022-ci ildə dərc etdiyi “Ədliyyə Nazirliyində islahatlar gedir: bəs Penitensiar Xidmət niyə uçurumun dibindədir?” sərlövhəli yazısında nüfuzlu beynəlxalq təşkilatın Azərbaycanda apardığı monitorinqin nəticəsinə əsasən həbsxanalarda vəziyyətin acınacaqlı olmasına diqqət ayırıb: “Avropa İşgəncələr Əleyhinə Komitəsi (CPT) (həmçinin İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsi - İQAAK) Azərbaycanda həbs yerlərinin monitorinqini həyata keçirir. 2020-ci ildə Komitə tərəfindən məhbusların saxlanma, qidalanma, hüquqlarının təminatı qaydalarının ciddi şəkildə pozulması aşkar edilib. İQAAK öz tövsiyələrini təqdim edib, lakin nöqsanlar aradan qaldırılmayıb, bəzi müəssisələrdə qeydə alınmış nöqsanlar Komitə müfəttişlərinin növbəti səfərlərində yenidən aşkar edilib (məs. 4 saylı qadın koloniyasında).

Ötən illərlə müqayisədə 2021-ci ildə cəzaçəkmə yerlərində ölüm və intihar hallarının sayı artıb. 2021-ci ildə 13 intihar və 242 özünə xəsarət yetirmə halı qeydə alınıb. Ölümlərin sayının 38% artması qeyd edilib.

İQAAK-nın hesabatında məhbusların hüquqlarının kobud şəkildə pozulduğu bildirilir. Narkotik maddələrdən istifadə xaos xarakteri alıb. Cəzaçəkmə yerlərində narkotik vasitələrdən təkcə məhkumlar istifadə etmirlər. Gigiyena şəraiti, hamam və tualetlər dəhşətli vəziyyətdədir. Hamam pulludur. Məhkumlar rüşvət vermədən həkimlərin xidmətindən istifadə edə, dərman, ərzaq ala bilməzlər. Məhkumun pulu yoxdursa, o, müalicə olunmayacaq və normal qidalanmayacaq. Həbs yerlərindəki ərzaq köşkləri soyğunçuluqla məşğuldur, məhkumları borc asılılığına sürükləyirlər. Rüşvət müqabilində məhkumlar rahat şərait, ayrıca otaq, kondisioner, mebel, televizor ala bilər. Pulu olmayan məhkumlar ağır şəraitdə cəza çəkirlər. Məhkumların islah olunması üçün heç bir elementar irəliləyiş yoxdur. Cəza müddəti bitdikdən sonra onlar daha aqressivləşir və cəmiyyətə potensial cinayətkarlar kimi qayıdırlar. Azərbaycan qanunvericiliyində məhkumlara qarşı humanist münasibətdən danışılsa da, Penitensiar Xidmətdə bunun əksi baş verir”.

İQAAK-ın 2004-2017-ci illərə dair hesabatında isə deyilir:

“Komitənin Azərbaycanda vəziyyətlə bağlı ümumi təəssüratı belədir ki, polis, digər hüquq-mühafizə orqanları və ordu tərəfindən işgəncə və pis rəftarın bütün formaları, ümumilikdə, hüquq-mühafizə sistemində korrupsiya və cəzasızlıq əvvəlkitək sistematik xarakter daşıyır, geniş yayılıb və kökü kəsilmir. 2017-ci ildə xüsusi başçəkmələrin nəticələri belə güman etməyə əsas verir ki, müxtəlif hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zorakılıq halları mövcuddur.

Bundan əlavə, cəzasızlıq və pis rəftarla bağlı müraciətlərin lazımi qaydada araşdırılmaması, eləcə də məhbusların vəkil və həkimlə təmin olunması, saxlanma barədə bildiriş və hüquqlar haqda məlumat əldə edilməsi daxil olmaqla, hüquqi zəmanətlərin təmin edilməməsi kimi ciddi problemlər qalmaqdadır.

Qanunvericilik islahatlarına, köhnə həbsxanaların təmiri və yenilərinin tikilməsi üzrə səylərə baxmayaraq, cəzaçəkmə müəssisələrində sıxlıq problemi, pis maddi şərait, fəaliyyətin olmaması (xüsusilə istintaq altında olan və ömürlük məhbuslar üçün), tibbi xidmətin aşağı səviyyəsi və həbsxana əməkdaşlarının sayının kifayət qədər olmaması, personalın əməkhaqqının aşağı olması problemləri qalmaqdadır. Bütün bunlar korrupsiyaya qarşı mübarizəni və məhbuslar arasında zorakılığın qarşısının alınmasını çətinləşdirir”.

“Penitensiar sistem cinayətkarların gənc nəslinin yetişdirildiyi məkana çevrilib”

Görünür, bütün bunları nəzərə alan hüquq müdafiəçisi Eldar İsmayılov Turan-a açıqlamasında bildirib ki, Azərbaycanda cəzaçəkmə qaydaları və şəraitinin yaxşılaşdırılmasına baxmayaraq, son illər nöqsanlar və problemlər qalır: “Bunlardan biri ailələrinə maddi yardım etmək və əmək vərdişlərini, sosiallaşmanı itirməmək üçün məhkumların hamısının işləməsinin mümkünsüz olmasıdır. İndi bu müəssisələrin islah missiyasından danışmırlar. Məhkumlar dörd divar arasına qapanıb, nərd oynamaqdan başqa heç bir işlə məşğul deyillər. Penitensiar sistem cinayətkarların gənc nəslinin yetişdirildiyi məkana çevrilib. Məhbuslar özlərini ailələri üçün pul qazanan adamlar kimi təsdiq edə bilmirlər. Barmaqlıqlar arxasına düşdükdən sonra ailələrinin himayəsində olan şəxslərə çevrilirlər”.

İsmayılov onu da vurğulayıb ki, sənaye zonalarında yaradılan bəzi koloniyalarda məhbusların əməyindən istifadə olunur: “Lakin belə koloniyalarda əməyin mexanizasiyası minimaldır, işləyən on məhbusa bir köhnə dəzgah düşür. Məhkumlar dəmir darvazalar, qapılar, əsgər çarpayıları hazırlayırlar. Məhbusların əməyinin faydalı iş əmsalı olduqca aşağıdır, müvafiq olaraq, pul qazanmaq imkanları böyük deyil.

Eyni zamanda, Şüvəlan təcridxanasında yeni korpuslar istifadəyə verilib, Şəkidə müasir tipli istintaq təcridxana inşa edilib. Məhkumların və istintaq altında olanların yeni müəssisələrdə saxlanma şəraiti sovet həbsxana standartlarını saxlayan əvvəlki müəssisələrdən daha yaxşıdır”.

Hüquq müdafiəçisi deyir ki, həbs yerləri çox doludur: “Bu mənada ən ağır şərait qadın koloniyasındadır. Bəyan edilmiş planlara baxmayaraq, Avropa standartlarına uyğun gəlməyən xüsusilə təhlükəli cinayətkarlar üçün Qobustan qapalı həbsxanasını ləğv etmirlər. Xüsusilə təhlükəli cinayətkarlar üçün yeni həbsxananın istismara veriləcəyinə dair vəd hələ yerinə yetirilməyib”.

O, Azərbaycan Ədliyyə Nazirliyində Probasiya Xidmətinin yaradılmasını xüsusilə qeyd edib: “Belə ki, məhkumlar cəzalarını öz yaşadıqları yerlərdə çəkirlər, bu adamların məhdud yerdəyişmələrinə xüsusi elektron cihazlar vasitəsilə nəzarət edilir”.

Xatırladaq ki, Probasiya Xidməti prezidentin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” fərmanı ilə yaradılıb. Ədliyyə Nazirliyinin Probasiya Xidməti Avropa Şurasının 20 yanvar 2010-cu il tarixli "Avropa probasiya qaydaları haqqında" tövsiyəsi, digər beynəlxalq aktlar, inkişaf etmiş ölkələrin təcrübəsi nəzərə alınmaqla yaradılıb, dövlət başçısının 7 noyabr 2017-ci il tarixli fərmanı ilə Probasiya Xidmətinə Ədliyyə Nazirliyinin Baş İdarəsinin səlahiyyətləri verilib.

Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər edilib, qanunvericiliyə məmurların vəzifələri, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaların icrası prosesində elektron nəzarət vasitələrinin tətbiqi və probasiya fəaliyyətilə bağlı müddəalar əlavə edilib.

2022-ci ilin fevral ayı ərzində Probasiya Xidmətinin nəzarətində 42 200 məhkum olub.

O ki qaldı aparılan islahatlara rəğmən, hələ də problemlərin həll olunmamasına, Eldar İsmayılov hesab edir ki, bunun səbəblərindən biri də DİN-in tərkibindəki koloniya və həbsxanalardan Ədliyyə Nazirliyinə xidmətə keçən penitensiar müəssisələrdə işçilərin cəza ilə bağlı təsəvvürlərinin ağır olmasıdır. Hüquq müdafiəçisi cəza yerlərində əmək tərbiyəsi imkanlarının artırılmasını, kənd təsərrüfatı islah müəssisələrinin təşkil olunmasını təklif edir ki, məhkumlar kənd təsərrüfatı əməyilə qazanc əldə edərək, öz əməyinin bəhrəsini ölkə bazarlarına sata bilsinlər.

İsmayılovun fikrincə, problem həm də ondan ibarətdir ki, Ədliyyə Nazirliyi çox vəzifə ilə yüklənib, cəzalar və məhkum edilmiş vətəndaşların islah edilməsi vəzifəsindən uzaqdır, ona görə də ona həvalə edilən missiyanın öhdəsindən gələ bilmir.

Beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmalıdır

Əlbəttə, istər istintaq, istər də cəzaçəkmə müəssisələrində mövcud olan problemlərin həlli üçün beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmalıdır. Azsiyaset.com saytı haqlı olaraq qeyd edir ki, Avropa İşgəncələr Əleyhinə Komitəsi (CPT) bu sahə üzrə ixtisaslaşmış qurumdur və digər beynəlxalq təşkilatlar üçün mötəbər istinad mənbəyi rolunu oynayır: “Araşdırmalar göstərir ki, beynəxalq məhkəmələr üçün ən etibarlı istinad nöqtələrindən biri məhz CPT-dir. Bu o deməkdir ki, gələcəkdə Azərbaycanla əlaqəli hər hansı beynəlxalq məhkəmə qərarı bu qurumun verdiyi rəylər əsasında da formalaşa bilər. Yaxud beynəlxalq qurumlar mötəbər mənbə kimi yanaşdığı CPT-nin hesabatlarından Azərbaycan əleyhinə istifadə edə bilərlər. Ona görə də bu qurumun tövsiyələrinin yerinə yetirilməsi qaçılmazdır. Əks halda ölkənin beynəxlalq imici zərbə altına qoyulur”.

Həmçinin, penitensiar sistemin bu və ya digər modelinə üstünlük verilməsilə bağlı digər beynəlxalq təşkilatların mövqeyi də məlumdur. Məsələn, ATƏT öz hesabatlarından birində ATƏT iştirakçısı ölkələrinə penitensiar sistemdə islahatların aparılması ilə bağlı aşağıdakı addımları tövsiyə edib:

- İndiyədək cəzaların icrası sistemini DİN-in səlahiyyətindən Ədliyyə Nazirliyinin səlahiyyətinə keçirməmiş ATƏT iştirakçısı olan ölkələr təcili qaydada bu köçürülmə məsələsinə baxmalıdırlar;

- Hakimiyyət səlahiyyətlərinin DİN-dən Ədliyyə Nazirliyinə verilməsi prosesində olan ATƏT ölkələri islah xidmətinin xarakterini, dünyagörüşünü və mədəniyyətini dəyişmək üçün bu islahatı davam etdirməlidirlər;

- Xüsusilə, iştirakçı ölkələr ibtidai həbs müəssisələrinin idarə edilməsi üzrə hakimiyyət səlahiyyətlərini verməlidirlər, belə ki, çünki təqsirləndirilən şəxsləri saxlayan orqanlarla istintaq orqanları arasında hakimiyyət bölgüsü ibtidai araşdırma mərhələsində daha aktualdır;

- Səlahiyyətlərin DİN-dən Ədliyyə Nazirliyinə verilməsi ibtidai həbs yerlərini idarə edən orqanlar və həbsxanalar arasında səlahiyyət bölgüsü ilə müşayiət olunmamalıdır; iki müxtəlif qurumun mövcudluğundan qaçmaq lazımdır, çünki bu, ədalət mühakiməsi islahatlarının ləngiməsinə risk yaradar;

- Penitensiar sistemin idarə edilməsi sahəsində struktur dəyişiklikləri özünüməqsəd deyil, sadəcə, islah xidmətinin demilitarizasiyası və demokratikləşdirilməsi üçün vasitədir;

- Penitensiar islahatlarla bağlı insan hüquqları üzrə müstəqil milli orqanların, məsələn, ombudsmanın rolu gücləndirilməlidir; - ATƏT/DTİHB onların penitensiar sistemin monitorinqi üzrə bacarıqlarının gücləndirilməsi məqsədilə bu orqanlarla birlikdə işləməlidir;

- ATƏT iştirakçısı olan ölkələr cəzaçəkmə yerlərində insan hüquqlarına əməl olunması üzrə monitorinq üçün effektiv sistem yaratmalılıdırlar;

- ATƏT iştirakçısı olan ölkələr məhkəmə hakimiyyətinə penitensiar sistemə nəzarət səlahiyyəti verməlidirlər, penitensiar sistemə nəzarətlə bağlı prokurorluğun rolunu azaltmalıdırlar.

- ATƏT təşkilat üzvü olan dövlətlərə Ədliyyə Nazirliyinin səlahiyyətində olan penitensiar sistemin təşkilat modelindən istifadəni tövsiyə edir.

Bütün bunlardan sonra əminliklə deyə bilərik ki, bu sahədə mövcud olan çoxsaylı problemlərin həllinə beynəlxalq təşkilatların tövsiyəsinə əməl etməklə nail olmaq mümkündür. Deməli, bunun üçün sadəcə uğurlu kadrların seçilməsinə ehtiyac var.

“Hürriyyət”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz