Müğənni Manaf Ağayevin qanunsuz yolla işğaldan azad edilən Füzuli şəhərinə getməsi ilə diqqətlərə gələn “MSDIS Holdıng” MMC-nin prezidenti Sənan Hüseynovla bağlı yerli KİV-də yetərincə informasiyalar paylaşıldı. DİA.AZ bildirir ki, hələ də bu qəbildən olan məlumatlara rast gəlinir. Onlardan bəzilərini təqdim edirik. Beləliklə...
"MSDIS HOLDING" Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 10.06.2020-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 2 572 500.00 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, XƏTAİ PR, ev 34, qanuni təmsilçisinin isə Nağıyev Mirfəyyaz Oktay oğlu olduğu göstərilir.
Sözügedən şirkətin fəaliyyət istiqamətlərinə nəzər saldıqda nələri görmüş oluruq? Son bir ildə “MSDIS Holdıng” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət satınalmalarında ən çox qalib elan olunan şirkətlərdən biridir. “MSDIS Holdıng” MMC daha çox “yolların əsaslı təmiri” üzrə keçirilmiş tenderlərdə qalib olub, satınalamalar yolu ilə dövlət sifarişi alıb.
Bu yollar hara aparır…?
Təkcə 2021-ci ildə müxtəlif rayonlarda yolların əsaslı təmiri üzrə “MSDIS Holdıng” MMC 10-dan çox tenderin qalibi olub. Bu sıradan bir qismini təqdim edirik:
Sumqayıt şəhərində “Karvan yolu” küçəsinin və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun giriş hissəsinin asfaltlanması işləri
277.715 AZN – 25.05.2021
Sumqayıt şəhərində küçə, yol, mikrorayon və məhəllələrin ərazilərindəki asfalt örtüyünün təmiri işlərinin satın alınması
2.020.503 AZN – 01.06.2021
Zaqatala rayonunda yolların əsaslı təmiri
542.113 AZN – 03.06.2021
Siyəzən şəhəri üzrə avtomobil yollarının əsaslı təmiri işlərinin satın alınması
442.448 AZN – 07.07.2021
Xırdalan şəhəri ərazisində İlham Cəfərov küçəsinin asfaltlanması
130.127 AZN – 05.08.2021
Qəbələ rayonunda yolların təmiri
355.982 AZN – 11.08.2021
Abşeron rayonunda yolların təmiri
164.995 AZN – 03.09.2021
Gədəbəy şəhərində şəhərdaxili küçə, meydan və parkların abadlaşdırılması
693.320 AZN – 10.09.2021
Şəki şəhərində yolların asfalt-betonla əsaslı təmiri
708.293 AZN – 18.10.2021
Qobustan şəhər küçələrində işıqlandırma sistemlərinin quraşdırılması
278.851 AZN – 22.10.2021
Abşeron rayonunda yolların təmiri işlərinin satın alınması
1.126.797 AZN – 22.10.2021
Abşeron rayonu Yolların təmiri işlərinin satın alınması ( II hissə)
59.917 AZN – 09.12.2021
“MSDIS Holdıng”, yoxsa sirlər xəzinəsi?
Yazının girişində qeyd etdiyimiz qalmaqalla gündəmə gələn “MSDIS Holdıng” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlı maraqlı məlumatlar əldə etmişik. Yenixeber.org-u bilgiləndirən mənbənin sözlərinə görə “MSDIS Holdıng”in direktoru Mirfəyyaz Nağıyev bu posta qədər taxta biznesi ilə məşğul olub. Rusiyadan Azərbaycana taxta idxalında fəallığı ilə seçilib. İşğüzarlığı, yeni ideyaları və etibarlılığı ilə tanınır. “MSDIS Holdıng”in son zamanlardakı uğurlarının məhz onun rəhbərliyi sayəsində mükün olduğu bildirilir. Xatırladaq ki, “MSDIS Holdıng” MMC irihəcimli təmi-tikinti tenderlərinin qalibi olmaqla yanaşı, “MS SEMENT” markalı sementi, “MS OİL” yanacaqdoldurma mətəqələri ilə də tanınır.
Əldə etdiyimiz digər məlumata görə şirkət yüksək nüfuz sahibi olan bir ziyalının qayğısı ilə hazırda parlaq dövrünü yaşayır…
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...