“Erməni məsələsinin birdəfəlik həllini düşünmək sadəcə son iki yüz ilin dünya siyasətini dərindən oxumamaq deməkdir”. Deputat, BQB başqanı Fazil Mustafa bu fikirləri “Yeni Müsavat”a açıqlamasında söylədi.
Bildirdi ki, bu prosesə üç raundluq boks döyüşü kimi baxmalıyıq: “Birinci raundda, yəni ötən əsrin 90-cı illərində onlar Qərbdən və Rusiyadan olan hakimlərin köməyi ilə bizi nokauta saldılar. Ardınca ikinci raundda biz 30 ildən sonra özümüzü toparlayıb, ”Dəmir yumruq"la onları yerə sərdik. İndi qarşıda həlledici üçüncü raund gözlənilir. Bu raund bəlkə də bir neçə il çəkəcək və ona ciddi hazırlaşmalıyıq. Enində-sonunda bu torpaqlarda yalnız Azərbaycan dövlətini qəbul edən erməni ünsürü qalacaq, digərləri ölkəmizi tərk edəcəklər. Tərk etmək istəməyən terrorçuları da bütün vasitələrlə təmizləyəcəyik".
İrəvanın Zəngəzur dəhlizinə maneçiliyi fonunda Laçın dəhlizinin işlək olması normaldırmı?
F.Mustafa: “Zəngəzur dəhlizi ideyası da bizim Laçın dəhlizinə müdaxilə etməyimiz üçün nəzərdə tutulan addımlarımızın açarıdır. Diqqət yetirin, reallıq budur ki, Zəngəzur dəhlizini biz iki vasitə ilə ala bilərik: ya Rusiya onu bizə alıb, öz nəzarətində istifadəmizə verəcək, ya da biz ordumuzun həmləsi ilə tarixi torpaqlarımızın bu zolağını geri qaytaracağıq. Hər ikisini hazırda gerçəkləşdirmək üçün əlverişli siyasi şərtlər mövcud deyil. Ancaq bizim Laçın dəhlizinə müdaxiləmiz beynəlxalq hüquqa və Konstitusiyamıza uyğundur və oranı hələlik Rusiya sülhməramlıları ilə birlikdə nəzarətimizə götürməliyik. Rusiya Zəngəzur dəhlizi məsələsini çözmədikdə və məqsədyönlü şəkildə prosesi uzatmağa çalışdıqda artıq 10 noyabr sazişinin tələbləri pozulmuş olur və Laçın dəhlizi də bağlanmalıdır. Hələlik biz daha sərfəli alternativi tapa bildik. Bu da İran üzərindən Naxçıvanla dəmir yolu və avtomobil yolu əlaqəsinin qurulmasıdır. Bunu Mirşahin ”Zəngəzur dəhlizinin cənub qolu" adlandırmışdı və düşünrəm ki, maraqlı və sərrast adqoymadır. Bütün hallarda bizə bir dövlətin nəzarət etdiyi yol, Rusiya və Ermənistanın birlikdə nəzarət etdiyi yoldan daha təhlükəsizdir".
“Yeni Müsavat”