Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin rəisi olmuş Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Sonuncu iclasda iş üzrə zərərçəkən İbrahim Zeynalovun qanunsuz olaraq həbsə alınması, 7 ay 17 gün saxlamaqla ailəsindən 8 milyon dollar alınması epizodu araşdırılıb. İfadələrdə iddia edilib ki, İbrahim Zeynalov MTN-ə Ziyad Səmədzadənin tapşırığı ilə aparılıb, orada saxlanılarkən özünə və ailə üzvlərinə təzyiqlər göstərilib, təhdidlər olub. Bu yollarla ailədən 8 milyon dollar və Bakının Xəzər rayonunda, Bakı Hava Limanının arxa hissəsində 4 hektar torpaq sahəsi alınıb. Yolu MTN-ə düşənə qədər böyük biznesə sahib olan İbrahim Zeynalov oradan müflis durumda çıxıb. Baş verənlərdən sonra İbrahim Zeynalovun oğlu və qızı onun həbsdə saxlanıldığı günlərdə üzləşdikləri təhdidlərdən dolayı qorxu və stress keçiriblər. Bir müddət sonra isə hər iki övladı, ardından həyat yoldaşı vəfat ediblər. Bir vaxtlar adlı-sanlı biznesmen olan İbrahim Zeynalov hazırda Neftçalanın Kürkənd kəndində, qohumlarına məxsus vaqonda yaşayır.
Bu epizod araşdırılarkən həbsdəki general Mövlam Şıxəliyev ayağa qalxıb, işçisi olmuş, hazırda təqsirləndirilən şəxs statusunda olan Yasin Məmmədova bir neçə sual verib.
Yasin Məmmədov Mövlam Şıxəliyevin “Səni and verirəm Allaha, aç, de. O pul kimə çatıb? Mənim pul söhbətindən xəbərim olub?” sualına o, “O pullar Ziyad Səmədzadəyə çatıb” deyib.
“Yeni Müsavat”ın əməkdaşı məhkəmədə adı qanunsuz həbsdə sifarişçi kimi hallandırılan deputat Ziyad Səmədzadənin mövqeyini öyrənməyə çalışıb. Deputat və köməkçisi telefon zənglərimizi cavabsız qoyub.
Bundan başqa, işlə əlaqədar maraqlı bir detal da üzə çıxıb. İbrahim Zeynalov “Yeni Müsavat”a videomüsahibəsində Ziyad Səmədzadənin qızı, dillər əzbəri olan bəstələrin müəllifi Aygün Səmədzadənin Buzovnadakı villasını təmir etdirdiyini açıqlayıb.
Tanınmış bəstəkar Aygün Səmədzadə iddialarla bağlı “Yeni Müsavat”a mövqeyini yazılı şəkildə (https://musavat.com/news/adi-8-milyonluq-qalmaqalda-hallanan-deputatin-bestekar-qizindan-aciqlama_875325.html) təqdim edib.
Aygün Səmədzadənin mövqeyi ilə tanış olan İbrahim Zeynalov onun baş verənlərdən xəbərsiz olmasını ehtimal edir. Deyir ki, Ziyad Səmədzadə ilə 20 ildən artıq dostluq ediblər: “Ziyad Səmədzadə həmişə mənim yanıma, ofisimə gəlib. Bilirdim ki, onun 2 övladı var. Aygün Səmədzadənin bəstələdiyi musiqiləri dinləyib fəxr etmişəm ki, millətimizin belə bir nümayəndəsi, xanım var. O, mənim vaxtilə qardaş hesab etdiyim Ziyad Səmədzadənin qızıdır. Ziyad Səmədzadə ilə illərlə çörək kəsmişik. Aygün Səmədzadə səhv bilir, mən heç zaman ona torpaq satmaram. Ondan torpağa görə kim pul alıbsa, gedib həmin pulu o adamdan alsın. Mən ona öz balam kimi yanaşmışam. Aygün qardaşından soruşsun. Onun qardaşı mənim yanımda olub, mənə kitab da hədiyyə edib. Onlar bir bacı, bir qardaşdırlar. Mənə hədiyyə etdiyi kitab Ziyad Səmədzadənin kitabı idi. Aygün Səmədzadəyə çatdırın ki, onun atası Ziyad Səmədzadənin mənim başıma açdığı oyunu heç kimə arzulamıram. Ziyad Səmədzadə ilə 25 il dostluq, qardaşlıq etmişəm. Onun oğlunun ”Albalı" bağ massivində 4 hektar üzüm bağı vardı. Həmin bağı sökürdülər. O zaman mən bunun qarşısını aldım, imkan vermədim ki, söksünlər. Aygün Səmədzadə həqiqəti bilmək istəyirsə, qardaşından soruşsun. Ziyad Səmədzadənin oğlu da ağıllı, qanacaqlı, qabiliyyətli oğlandır. Mən Aygün Səmədzadənin evində təmir işləri gördürməyimi sözgəlişi dedim. Aygün Səmədzadə atasından soruşsun ki, evində təmir işləri gördürmüşəm, ya yox".
İbrahim Zeynalov məşhur bəstəkarın evində təmir işləri aparmasının tarixçəsini belə xatırlayıb:
“Ziyad Səmədzadə ilə həftədə ən azı 2 dəfə görüşürdük. O, mənim ofisimə gəlirdi. Mənim Sumqayıt yolu ilə Şamaxı yolu arasında bir neçə fabrikim vardı. Birində də mərmər daş istehsal olunurdu. Ziyad Səmədzadə də həmişə mənim oradakı ofisimə gəlirdi. Bir dəfə də fabrikdə istehsal olunan daşları gördü, dedi ki, gözəl daşlardır, qızımın həyətini bəzəmək üçün pilləkənlərə xüsusi mərmər vurduraq. Mən də dedim ki, problem deyil. O zaman hər adam bu işi görmürdü, o mərmərlər ağ sementlə vurulurdu. Aygün Səmədzadənin Buzovnadakı evində mənim göndərdiyim mərmərləri ustalar 20 gün ərzində işləyib təhvil verdilər. Mən görülən işləri Aygün balama halal edirəm. Mənim onunla işim yoxdur. Onun atası ilə çörək kəsmişəm. Mən həbs olunandan sonra yoldaşımla Ziyad Səmədzadənin diş həkimi olan Ədilə xanım Aygün Səmədzadənin evinə gediblər. Həmin vaxt yoldaşımla Ədilə xanımın yanında Aygün Səmədzadə atasına zəng edib. O da yoldaşımın, Ədilə xanımın qulağı eşidə-eşidə qızına deyib ki, onları evə buraxma, qov getsinlər. Bunu bəstəkar xanım da yaxşı bilir. Ömrüm boyu yalan danışmadım, 74 yaşımda da yalan danışmaq mənə yaraşmaz”.
İbrahim Zeynalov Aygün Səmədzadədən xahiş edir ki, həqiqəti öyrənsin, desin: “Məni onun atası Ziyad Səmədzadə tutdurub! Gəlib məndən fabrikimin yarısını istəyib, demişəm ki, belə olmaz axı, Ziyad. Mən bu fabriki övladlarım üçün qurmuşam.
Bundan sonrakı dövrdə Ədilə xanım mənə dedi ki, Ziyad yaman əsəbidir, mənə də deyir ki, əgər İbrahim mən dediyimi eləməsə, onu tutduracağam. Mən də o zaman Ədilə xanıma dedim ki, Ziyad məni tutdurmaz. Bunları Ədilə xanımın övladları da bilir. Aygün qızım da bilsin, mən 74 yaşımda səhvə yol vermərəm. Qızım, sən məni yaxşı tanımırsan, atan isə məni yaxşı tanıyır".
İbrahim Zeynalov deyir ki, Ziyad Səmədzadə onun təşkil etdiyi bütün məclislərdə yuxarı başda olub: “Yoldaşım Həcc ziyarətindən gəlmişdi. Mən Maştağa kəndindən iri bir dəvə alıb qurban kəsdirmişdim. Böyük bir məclis təşkil eləmişdim. Dəvəni də elə fabrikimin yanındakı qonaq evinin qarşısında kəsdim. Orada mənim qonaq evimdə 200 nəfərlik zal vardı. Ziyad Səmədzadə də həmişə olduğu kimi, həmin məclisimizin başında idi. Aygün balamdan xahiş edirəm, Ədilə xanımın qızı Afaqdan, o biri qızlarından soruşsun. Dəvənin 400 kiloqramdan artıq əti oldu. 75 kiloqramını Ziyad Səmədzadəyə verdim. Sonra da gəlib dedi ki, qızım Aygün çox gözəl qutablar bişirmişdi. Öz adından da sənə - İbrahim müəllimə çox sağ ol deyir. Bala, bunları yaddan çıxarmaq olmaz axı. Mən gizlətmirəm ki, Ziyad mənim üçün 3 milyon güzəştli kredit alıb. Mənə də dedi ki, 300 min verəcəyim var. Şamaxıdan gəlirdi, dedi ki, orada tədbir var, oradan gəlirəm. Pulu verdim, getdi”.
İ.Zeynalov Ziyad Səmədzadənin Eldar Mahmudovun atasının kitabına görə ondan 25 min dollar almasını da yada salıb: “Üstündən bir neçə gün keçdi, gəldi dedi ki, akademik Əhməd Mahmudovun barəsində kitab yazmışam, çap üçün 25 min dollar lazımdır. O zamanlar 25 min dollar mənim üçün o qədər də böyük vəsait deyildi. O pulu verdim. Bir müddət sonra xalça fabrikinin açılışını elədim, Ziyad Səmədzadə də yenə də yuxarı başda idi. Açılışdan 20-25 gün keçəndən sonra gəldi ki, sənə bir sənəd gətirəcəyəm, fabrikin yarısını mənə verəcəksən, mən də sənin ”krışa"n olacağam. Dedim ki, Ziyad, dostuq, qardaşıq, sən gəl bu işləri belə eləmə. Aramızda xoş olmayan söhbətlər başladı. Dedi ki, sənin başın ağrıyacaq. Baş ağrıma söhbətini gedib Ədilə xanıma da demişdi".
İbrahim Zeynalov deyir ki, Ziyad Səmədzadə fabrikin yarısını öz adından istəyib, kimsənin adını çəkməyib: “Deyirdi ki, sənəd gətirəcəyəm, gedəcəyik notariusa, orada sənə aid olan hissəni götürüb, qalanını adıma keçirəcəksən. Bu söhbət 2008-ci ildə, mən həbs olunmazdan ay yarım, 2 ay əvvəl olub. Məni 2008-ci il, dekabrın 19-da həbs ediblər. Oktyabrın ortalarında olmuşdu aramızda söhbət. Xahiş edirəm ki, Aygün qızım dediklərimi diqqətlə oxusun. Məni Buzovnada da xeyli hörmətli adamlar tanıyır. Mən sənə 2 min manata torpaq sataram? Qızım Aygünə deyirəm: Əgər mən ondan pul almışamsa, onun pulu mənə çatıbsa, Allah mənə qənim olsun. Bilsin ki, atası mənə qarşı çox böyük bir səhv edib. Ziyad Səmədzadə bundan qaça bilməyəcək, 14 ildir mən zülm-zillət içindəyəm. Mənim Bakıda qalmağa yerim yoxdur, Neftçalada vaqonda yaşayıram. Qoy qızı Aygün də atasının hərəkətini bilsin. Bilsə, belə sözləri dilinə gətirməz! Bir daha Aygün balamdan xahiş edirəm, Ədilə xanım haqq dünyasındadır, övladları isə sağdırlar, bu məsələni də bilirlər. Onlardan soruşsun. Çünki Ziyad Səmədzadə Ədilə xanıma deyib ki, İbrahimi ilişdirəcəyəm, tutduracağam. Ziyad Səmədzadə məni pula görə tutdurdu. Obyektimin yarısını istədiyinə görə tutdurdu. Allah var, bunu danmaq olmaz”.
İbrahim Zeynalov deyir ki, MTN-də saxlanıldığı müddətdə ondan Ziyad Səmədzadə ilə münasibətlərini normallaşdırmaq tələb olunub: “Bu gün təqsirləndirilən şəxs var, Yasin Məmmədov. O vaxt MTN-də şöbə rəisi idi. Yasin Məmmədov mənə dedi ki, ”sənin Ziyad Səmədzadə ilə nə problemin var?" Onda Yasin Məmmədova dedim ki, Ziyad Səmədzadə mənim qardaşımdır. O da dedi ki, Ziyad Səmədzadə ilə münasibətini bir az yumşalt, rəhbərlik belə istəyir. Onda bildim, sualın verilməsindən, tələbdən anladım ki, məni tutduran elə Ziyad Səmədzadədir. Bu həqiqətdir!”
“Mən “içəri”də olanda məktub yazdım ki, gedin Ziyada deyin, mənə köməklik eləsin. Yoldaşım da Ədilə xanımla birgə gediblər onun qızının evinə. Orada da Aygün Səmədzadə atası ilə telefonla danışıb, onda yoldaşım eşidib, Ziyad qızına deyir ki, onları evə buraxma. Aygün balama çox sağ ol deyirəm. Çünki o, atasının bu sözünə baxmayaraq, hər iki ağbirçəyi evə dəvət edib, qabaqlarına da çay qoyub. Bunu danmaq olmaz. Aygün Səmədzadə insaniyyətliyini göstərib. Elə orada söhbət olub, deyib ki, evdəki plitələri İbrahim müəllim göndərib. Mən o zaman evə məni Ziyad Səmədzadənin həbs etdirdiyini bildirməmişdim. Aygün balam həqiqəti bilmək istəyirsə, Mövlam Şıxəliyevin məhkəmədə dediklərinə diqqət eləsin”.
“Məhkəmədə Mövlam Şıxəliyev Yasin Məmmədova nə dedi? Dedi ki, aç de, İbrahimdən alınan pul kimə çatıb? Dedi və Yasin də cavab verdi ki, İbrahimdən alınan pul Ziyad Səmədzadəyə çatıb. Bunu mən demirəm, məni qanunsuz, Ziyad Səmədzadənin sifarişi ilə həbs edənlər - Mövlam Şıxəliyevlə Yasin Məmmədov özləri məhkəmələrində deyirlər! Bu da yalandır?"
İbrahim Zeynalov deyir ki, Ziyad Səmədzadə ilə münasibətləri çox yaxşı olub: “Əgər Ziyad Səmədzadə məni həbs etdirməyibsə, həbsim zamanı mənə niyə kömək etmədi? Tutaq ki, o zaman qorxub, çəkinib, kömək eləməyib. Mən həbsdən çıxandan sonra da bir Allahın salamını da yollamadı axı. MTN dağılandan sonra da mənimlə maraqlanmadı axı. Bu necə olur? Biz illərlə dostluq etmişik, hər məclisimin yuxarı başında Ziyad Səmədzadə olub axı. Oğlumun toyunda ilk sözü də Ziyad Səmədzadəyə vermişəm. Aygün mənim qızımdır. Mən ona qızım kimi yanaşıram. Mənim qızım həbsim zamanı qorxudan dünyasını dəyişdi, oğlum da, yoldaşım da o günlərdə, aylarda çəkdiyi stresslərdən rəhmətə getdilər.
Aygün atasından maraqlansın, mən Ziyad Səmədzadəyə də aeroportun arxasında 4 hektara yaxın torpaq vermişəm. Mən o torpağı Ziyad Səmədzadəyə bitəmənna vermişəm. Aygün qızıma deyin, mənə zəng eləsin, atasının başıma açdığı oyunları bilmək istəyirsə... Mənim nəyim vardısa əlimdən gedib! Heç nəyim qalmayıb! Neftçalada qohumumun vaqonunda yaşayıram! 2 övladımı, yoldaşımı itirdim”.
“Ömrün boyu çox yaxşı yaşamışdım, Ziyad Səmədzadə məni tutdurdu, bu vəziyyətə saldı. Ziyad Səmədzadə mənə qarşı çox böyük səhv edib, mən də ondan əl çəkən deyiləm. Mən inanmırdım ki, Ziyad Səmədzadə mənə qarşı belə bir naxələflik edər. Ən ağır günlərində ona dəstək vermişəm. “Montin”də onun bir redaksiyası var, orada “İqtisadiyyat” adlı qəzet buraxırdı. Qəzetin çapı üçün ona maddi dəstək vermişəm. Tədbirlər keçirmək istəyib, dəstək vermişəm. Restoranlarda məclislər qurulmasını istəyib, təşkil eləmişəm. Hədiyyə vermək istəyib, hədiyyəni alıb vermişəm ki, aparıb kimə istəyirsə, bağışlasın. Dostluq, qardaşlıq eləmişəm. Nə ağlıma gələrdi ki, Ziyad Səmədzadə mənə qarşı belə bir plan qurub başıma oyun açar".
İ.Zeynalov deyir ki, bu gün də qəlbində kin-küdurət yoxdur: “Aygün mənim qızımdır. Mən onu canlı görməsəm də, onun uğurlarına sevinirəm. Onun atasının mənə qarşı etdiklərində günahı yoxdur. Bəstəkar balama çatdırın, onun bəstələrini vaxtilə mənim bağımda oxuyan çox olardı. İndi isə nə bağım var, nə də oxuyan. Ziyad Səmədzadənin sayəsində bir vaqonda yaşayıram, o vaqon da mənim deyil”.
İbrahim Zeynalovun iddia və ittihamlarına hörmətli deputat Ziyad Səmədzadənin, onun qızı, tanınmış bəstəkar Aygün Səmədzadənin münasibətini dinləməyə, dərc etməyə hazırıq.
“Yeni Müsavat”