Axtarış...

Rusiyanın taxıl qadağası: Azərbaycanda çörək böhran yaradacaq? - NƏ ETMƏLİ?

Rusiyanın taxıl qadağası: Azərbaycanda çörək böhran yaradacaq? - NƏ ETMƏLİ?

Rusiya Avrasiya İqtisadi Birliyi ölkələrinə taxıl məhsullarının ixracını müvəqqəti dayandırır.

Bu barədə Rusiya İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti məlumat yayıb. "Qərar dövlətin ərzaq təhlükəsizliyinin təmin edilməsinə yönəlib və hazırkı şəraitdə daxili bazarın qorunmasına kömək edəcək. Eyni zamanda, bu ölkələri ilə əməkdaşlıq imkanları qorunub saxlanılacaq", - mətbuat xidmətinin bəyanatında bildirilir. Taxılla bağlı məhdudiyyətlər buğda, çovdar, arpa və qarğıdalıya da şamil ediləcək. Eyni zamanda, Sənaye və Ticarət Nazirliyi tərəfindən verilmiş ixrac lisenziyaları üzrə tədarüklər üçün istisna nəzərdə tutulur.

Rusiya 2022-ci ildə taxıl ixracının həcmini təxminən 1,5 dəfə azaldıb. Qeyd edək ki, Azərbaycan da Rusiyadan taxıl idxalçılarından biridir. Rusiyadan ildə 700 min tona yaxın taxıl alırıq. Hazırda Azərbaycanın 280 günlük taxıl ehtiyatıının olduğu deyilir.

Ərzaq balansı məlumatlarına əsasən, Azərbaycanın buğda tələbatı təxminən 3,1 milyon tondur. Ölkəmizdə istehsal olunan buğdanın illik həcmi təxminən 1,9 milyon ton, idxal isə 1,3 milyon tona yaxındır. Mütəxəssislər mövcud problemin həlli kimi alternativlərin tapılması, xüsusilə də Qazaxıstanla yeni müqavilələrin bağlanmasına ehtiyac olduğunu bildirilir.

Rusiyanın taxıl ixracı ilə bağlı tətbiq etdiyi qadağanın təsir dairəsi genişlənərsə, Azərbaycan bunun öhdəsindən necə gələcək və bu istiqamətdə problem un və un məhsullarının bahalaşması ilə nəticələ bilərmi? DİA.AZ-ın məlumatına görə, millət vəkili Azər Badamov Cebhe.info-ya bildirdi ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar ölkə iqtisadiyyatına öz mənfi təsirini göstərib:

“Bununla əlaqədar Avrasiya İqtisadi Birliyi ölkələrinə taxıl məhsullarının ixracını dayandırıb. Azərbaycan da Rusiyadan taxıl idxal edir. Təbii ki, bunu yaxşı hal hesab etmirəm. Ancaq buna baxmayaraq, Azərbaycanın kifayət qədər taxıl ehtiyatı var ki, daxili bazarı tənzimləsin. Biz taxılı dünya bazar qiymətinə alırıq. Əgər Rusiya taxılın ixracını dayandırarsa, digər ölkələrdən idxal etmək imkanımız var. O cümlədən də Qazaxıstanla bizim müqaviləmiz var və idxal edəcəyik. Azərbaycanda taxıl bazarına, un və un məmulatlarının qiymətlərinə, istehsalına mənfi təsirinin olmayacağını düşünürəm”.

Millət vəkilinin sözlərinə görə, dövlət siyasətinin əsasında idxaldan asılılığın aradan qaldırılması dayanır:

“Ölkəmizin taxıla olan tələbatı 3 milyon tondur. Yerli istehsalımız da 1,9 milyon tondur. Bu gün işğaldan azad edilmiş ərazilərimiz də dövriyyəyə qaytarılıb. Həmin ərazilərimizdə də bu il taxıl əkmişik. Hətta dövlət başçısı fermerlər qarşısında qoyduğu vəzifələrdən biri də taxılın məhsuldarlığının artırılması istiqamətində işlərin görülməsidir. Düzgün xidmətlərin göstərildiyi iri fermer təsərrüfatlarında taxılın məhsuldarlığı 60-70 sentnerdir, ancaq Azərbaycan fermer təsərrüfatlarında 30-40 sentnerdən yuxarı deyil. Aqrotexniki tədbirlər tətbiq etməklə orta məhsuldarlığı 40 sentnerə çatdırmaq olar. Əgər biz məhsuldarlığı 40 sentnerə çatdıra bilsək, ölkəmiz taxıl idxalından azad oluna bilər. Bu istiqamətdə görülən işlər mövsümün sonunda öz nəticəsini göstərəcək. Artıq taxıl əkini həyata keçirilib və bir neçə aydan sonra biçin olacaq. Həm biçin mövsümünün yaxınlaşması, həm də ölkədə kifayət qədər taxıl ehtiyatının olması ilə Rusiyanın tətbiq edəcəyi məhdudiyyətin o qədər də təsiri olmayacağını düşünürəm”.

Millət vəkili taxıl idxalı ilə bağlı problem yaranarsa çörəyin bahalaşacağını düşünmür:

“Çünki daxili istehsalımız artacaq və bu da çörək bazarını tənzimləməmizə imkan verəcək. Ümumiyyətlə, un və un məhsulları qiymətlərinin tənzimlənməsi hökumətin diqqət mərkəzində olan məsələdir. Əgər qiymətin artması istiqamətində hər hansı meyillər meydana gələrsə, hökumət müasir üsullardan, resurslardan istifadə etməklə bunun qarşısını alacaq”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz