Azərbaycanda qiymət sabitliyini dəstəkləyən monetar siyasətin aparılması, monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi tövsiyyə olunub.
Bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” sərəncamda əksini tapıb.
Sərəncama əsasən, Mərkəzi Banka inflyasiya təzyiqlərinin azaldılması ilə bağlı Maliyyə Nazirliyi ilə birlikdə monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi, inflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması məqsədilə öz səlahiyyətləri çərçivəsində lazımi işləri görməsi tövsiyyə olunub.