Yerli sosial mediaların gündəmində olan əsas mövzulardan biri də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əksər səlahiyyətli əməkdaşlarının ekologiyamıza qənim kəsilməsidir.
Sözügedən dövlət qurumunda çalışanlar vəzifələrinin "ekologiya üzərində istədiklərini edə bilmək üçün tam səlahiyyət sahibi olmaq" olduğunu düşünürlər. Ona görə də ölkənin istənilən ünvanında, istənilən yaşıllıq ərazisini ürəklərinin istədiyi qiymətə iş adamlarına, sahibkarlara sataraq, külli miqdarda mənfəət əldə edirlər.
Məsələn, elə bir neçə ay əvvəl sosial medialarda bir məlumat yaymlanmışdı ki, "Nazirin əmisi oğlu Fizuli Babayev ağacların köçürülməsi üçün iki saata 24.000 (iyirmi dörd min) AZN tələb edir". Az məbləğ deyil, özü də iki saata. Saatı 12.000 (in iki min) AZN edir. İndi, Fizuli Babayevin hazırkı vəzifəsinə təyin olunduğu saatdan bəri, saatları 12.000 (on iki min)ə vursaq???
İki saata 24 min qazandığı iddia olunan idarə müdiri mətbuatın sorğusuna niyə susur?...
Ekonazir Muxtar Babayev qohum-əqrəbasını nazirliyə doldurub- Nazirin əmisioğlu Fizuli Babayevin ağacköçürmə biznesi ...
Əlqərəz...
Hər gün sosial medialarda və sosial şəbəkələrdə meşələrin məhv edilməsi, nəfəsimizin kəsilmək üzrə olduğu barəsində məlumatlar yayımlanır. Digər tərəfdən isə rəsmi saytlar da Muxtar Babayevin az qala hər gün apardığı kadr dəyişikliyindən xəbər verir.
Həmçinin Daşkəsən rayon Çanaqçı kəndində çayın məcrasında tikilən malikanə barəsində məlumatlar dərc etmişik.
ETSN-nə rəsmi sorğular göndərmişik. Lakin, bir daha təəssüflə vurğulayırıq ki, deyəsən sözügedən qurum bu məlumatlardan zərrə qədər narahat deyil. Məhz o səbəbdən hələ də verdiyimiz məlumatlar əsasında aparılan araşdırmaların nəticəsi barəsində bizə heç bir məlumat verilməyib. Ümumiyyətlə, araşdırma aparılıbmı onu belə bilmirik. Əslində, ilk vaxtlar bəhs etdiyimiz məlumatlar əsasında güya araşdırmalara başladıqlarını demişdilər. Amma, nəticəyə gələndə susdular ki, bu susqunluğa da bir neçə anlam vermək olar. Belə çıxır ki, sözügedən malikanə ya ETSN-nin öz səlahiyyətli şəxslərindən birinə aiddir, ya da hər hansı bir yüksək vəzifəli məmura. Yaxud da sahibindən müəyyən miqdarda rüşvət alınıb.
Görürsünüz? Ehtimallar çoxdur. Adamın ağlına min fikir gəlir. Amma, bu fikirləri yaratmamağın ən doğru yolu, vaxtında sorğuları cavablandırıb, lazımi məlumatları vermək idi.
Nazirlik susdusa, demək bizə veriləcək cavabı olmasa da, susmağa məcbur edən səbəbləri var.
Yox, əsla ittiham etmirik. Doğru olduğunu düşündüyümüz və səlahiyyətli şəxslərin bizdə yaratdığı ehtimalları deyirik.
Atalar deyir, "99-a dözən, 100-ə də dözər". Odur ki, səbrimizi biraz da sıxıb, hörmətli Muxtar Babayevin yenicə təyin etdiyi kadrların da görəcəkləri işləri gözləyək. Təbii ki, əgər nazir bu barədə göstəriş veribsə...
Heç bir qurumda, heç bir işçinin gördüyü istər qanuni, istər qeyri-qanuni işlər rəhbərlikdən gizli olmur. Olsa belə, rəhbərlik mediadan öyrənmiş olur. Rəhbərliyin bilib-bilməməsi isə, onun bildikdən sonra atdığı addımlardan bəlli olur. Yeri gəlmişkən, bizim mütəmadi olaraq yayımladığımız nə Daşkəsən rayon Çanaqçı kəndində, çayın məcrasındakı malikanə, nə Samux rayon Nabığalı qəsəbəsində bələdiyyə sədrinin məhv edib, yerini əkin sahəsi, pay torpaq kimi satdığı meşələr, nə Oğuz rayonunda kömür hazırlanan meşələr:
Nə "Memar Əcəmi" metrostansiyasının yaxınlığında, "hamam" deyilən ərazidəki məhv edilən ağaclar, nə Cəlilabad rayon Göytəpə qəsəbəsində Qurtuluş küçəsindəki, kökünə mazut tərkibli maddələr tökülüb, yandırılan ağaclar...
Nə də Yasamal rayon, Tiblisi prospektində "İST petrol"un yanında fəaliyyət göstərən restoranın içindəki ağaclar barəsində Muxtar Babayev bugünə qədər heç bir addım atmadı. Bunun nə anlama gəldiyini isə özünüz düşünün.
Yeri gəlmişkən, yuxarıda xatırlatdığımız məlumatdan sonra heç əmisi oğlu olduğu deyilən Fizuli Babayev haqqında da hər hansı bir tədbir görülməsi barəsində məlumat eşitmədik. Hərçənd ki, Fizuli Babayev bu məlumatların sosial medialardan silinməsi üçün çox canfəşanlıq elədi və əksəriyyətini sildirməyə nail oldu da.
Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev, Fizuli Babayevin barəsində gedən məlumatları sosial medialardan öyrəndikdən sonra, F.Babayev barəsində dərhal, daha doğrusu ümumiyyətlə heç bir tədbir görmədi.
Gözləyək görək yeni kadrlar necə fəaliyyət göstərəcək və nələr edəcəklər.
DogruXeber.az