Naxçıvanda tibbi sığorta öz fəaliyyətini dayandırıb.
Millitv.az xəbər verir ki, ovqat.com-a istinadən xəbər verir ki, xəstələrə tibbi sığortanın verilməməsinin səbəbi bu sahəyə ayrılan vəsaitin tükənmə həddinə yaxınlaşmasıdır.
Bildirilir ki, Muxtar Respublika xəstəxanalarında sığorta pulunun şişirdilərək mənimsənilməsi nəticəsində artıq bu işlə məşğul olan qurumun kassası tamamilə boşalıb. Sonunda Naxçıvan MR Səhiyyə Nazirliyi xəstəxanalara sığortalı xəstə qəbulunu tamamilə dayandırmaq barədə təlimat göndərib.
İddialara inansaq, Naxçıvan MR əhaləsi tibbi sığortadan düz-əməlli yararlana bilməyiblər. Tibbi sığorta yenicə tətbiq olunanda xeyli ümidlənən Naxçıvan əhalisinin sevinci cəmi 3 ay çəkib. Həqiqətən də 3 ay ərzində xəstələr bu imkandan yararlana biliblər. 3 aydan sonra isə xəstələr sığortasız günlərin xiffətini çəkməyə başlayıblar. Çünki bu tətbiqdən sonra sığortasız müayinə və malicənin qiyməti 3-4 dəfə artıb. Üstəlik, sığortalı xəstələrin özündən də qeyri-qanuni müalicə pulları alınıb. Bu da azmış kimi, onların üzərində aparılan əməliyyatlar qəsdən şişirdilərək sığorta pulları mənimsənilib. Nəticədə 2020-ci ildən bəri qüvvədə olan icbari tibbi sığortanın ömrü cəmi 2 il çəkib.
İcbari tibbi sığortanın talan olunması Naxçıvanda fəaliyyət göstərən bütün dövlət xəstəxanalarında eyni şüəcətlə həyata keçirilib. Bu işdə ən çox fərqlənən isə Naxçıvan Muxtar Respublika xəstəxanası olub. Bildirilir ki, bu xəstəxanada işləyən həkimlərin 80%-i tibbi sığotaların mənimsənilməsi prosesinə cəlb edilib. Həkimlər hər ayın başında ötən ayın sığorta pullarını alıb böyük hissəsini Baş həkim Zəbur Bağırova verirmişlər. Əsasən bir neçə dəfə şişirdilmiş bu vəsaitin “otkat” hissəsi baş həkimə çatırmış. Həkimlərə isə gördükləri işin müqabilində veriləcək əmək haqqının cəmi 30%-i düşürmüş. Qalan 70%-I də Zəbur Bağırovun cibini qabardırmış.
Həkimlər özlərinə çatan vəsaiti tibb bacıları, xadimələr və texniki heyətlə bölüşürmüşlər: “Təsəvvür edin ki, hansısa əməliyyata görə 400-500 manat qazanmalı olan həkimlərə cəmi 150-100 manat verilirdi. Bu pulun tibb bacıları, xadimələr və s. kimi şəxslərlə bölüşdürülməsi nəticəsində həkimlərə bir əməliyyat üçün 30-50 manat pul düşürdü”.
Təbii ki, bu cür ağır istismara hər həkim tab gətirə bilmir. Xüsusilə Türkiyədə təhsil alıb Naxçıvana qayıdan uzman həkimlər qazandıqları qəpik-quruşa etiraz edirlər. Sonunda onların əksəriyyəti Naxçıvanı tərk edib Türkiyəyə və Bakıya qaçırlar.
İnformasiya mənbəmiz didərgin salınmış həkimlər barədə də bizə məlumat verib. Məlumatda bildirilir ki, 2016-2017-ci illərdə Naxçıvanda tibbin inkişafı məqsədilə Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyəyə 6 tələbə göndərib. Onlardan hər birinin müxtəlif sahələr üzrə ixtisaslaşıb Naxçıvana qayıtması nəzərdə tutulub. Gənclər istisasartırma təhsillərini başa vurduqdan sonra geri qayıdıblar da. Lakin yatsalar yuxularında belə görməyəcəkləri sürprizlərlə qarşılaşıblar.
Uzman həkimlərdən İbrahimov Anar uroloq-cərrah kimi yetişib. O, sidik axarını bərpa edə biləcək qabiliyyətə malik idi ki, bunu Naxçıvanda ondan başqa kimsə bacarmırdı. Di gəl ki, Anar həkimin Naxçıvan sakinlərinə xidməti bir il belə çəkmir. Naxçıvan Dövlət Universitetini “beli qırıq” “3”-lə bitirən və ya saxta diplomla Respublika xəstəxanasında işləyən həmkarları Anar həkimə göz verib işıq verməyiblər. Bəzən öz gözünün qabağında onun yanına gələn xəstələr başqa həkimlərə yönləndirilib. Beləcə, saxta diplomluların tibb bacıları ilə həmrəyliyi sayəsində ayda 300-400 manat pul qazananda sevinən həkim çarəni Naxçıvanı tərk etməkdə görür.
Ümumi cərrah uzman olan Nəsirov Mahir da Naxçıvanın Respublika xəstəxanasında işləyirdi. Çox savadlı bacarıqlı həkim idi. Mahir həkimin Naxçıvan standartlarına uyğun gəlməyən bir “pis” xasiyyəti də varmış ki, bu da onun məmləkəti ilə vidalaşmasına səbəb olub. Zira Mahir həkim xəstəxanada üzləşdiyi problemlərə, xüsusilə əməliyyatların düzgün aparılmamasına dözə bilmir və etirazını açıq şəkildə dilə gətirirdi. Bu standartlardan kənarlaşmalar sonunda Mahir həkimin yolda döyülərək polis idarəsinə aparılması ilə nəticələnir. Şəhər polis idarəsində həkimə Naxçıvan həqiqətləri elə gözəl izah edilir ki, o, çölə çıxdıqdan sonra şələ-şüləsini yığışdırıb cəlai-vətən olmaq qərarına gəlir.
Mahir həkimin də öz işinin pərgarı olduğu vurğulanır: “Öd kisəsini laproskopik cərrahiyə metodları ilə yarım saata əməliyyat edirdi”, - qaynağımız belə deyir.
Mahir həkimin qardaşı Nəsirov Rövşən də Türkiyədə uzmanlıq təhsili alan gənclərdən olub. O, ixtisasca göz həkimidir. Xaraktercə Mahirdən xeyli fərqlənən, sakit təbiətli, başını aşağı salıb ancaq işini görməyə çalışan Rövşən həkim də bütün bu keyfiyyətlərinə baxmayaraq, Naxçıvan standartlarına cavab vermir. Çünki digər saxta diplomlular kimi, tibbi sığortanın mənimsənilməsində rol oynamaq istəmir. Haqqa düz olmaq uğrunda çarpışır. Nəticədə o da Respublika xəstəxanasında kök salmış saxta diplomluların təzyiqinə məruz qalır və qardaşına qoşulub öz başının çarəsini Naxçıvandan kənərda axtarır.
Qeyd edək ki, icbari tibbi sığortadakı yeyintilərdə iştirak etməmək, öz haqqı ilə kifayətlənmək və maaşlarından şikayətlənmək bütün uzman həkimlərin ümumi bəlasına çevrilir və onların əksəriyyəti məhz bu səbəbdən Naxçıvanda duruş gətirə bilmirlər.
Bununla belə, uzman həkimlər arasından Naxçıvandakı vəziyyətə uyğunlaşa bilənlər də çıxır. Bunlardan biri Elşən Nəcəfovdur. Hələ də möcuzəvi şəkildə Respublika xəstəxanasındə çalışan həkim tramotoloq-cərrah kimi fəaliyyət göstərir.
Digər dözümlü həkimin adı Ramin Hacıyevdir. Hazırda Naxçıvan Kordiologiya Mərkəzinin baş həkimi vəzifəsində çalışan Ramin barəsində yaxşı sözlər qulağıma çatıb. Baxmayaraq ki, o da Naxçıvanda korrupsiya mənbəyi kimi ad çıxaran bir vəzifədə (Baş həkim) çalışır. Bununla belə, onun barəsində soruşduğumuz bütün mənbələrimiz ancaq müsbət fikirlər səsləndirdilər. Fəqət Ovqat.com-da dərc olunan yaxşı fikirlər Muxtar Respublikada pis kimi qəbul edildiyindən Ramin həkimin barəsində eşitdiklərimizi yazıb çörəyinə bais olmaq istəmirik. Bu da bizim Naxçıvandakı ürək xəstələrinə bir hədiyyəmiz olsun.
Vasif Talıbovun uzman həkimlik sənətinə yiyələnmələri üçün Türkiyəyə göndərdiyi gənclər arasında biri də var. Üstəlik, o da Naxçıvanda duruş gətirənlərdəndir - Zəbur Bağırov. Zəbur Bağırovu digər uzman həkimlərdən fərqləndirən 3 başlıca xüsusiyyəti var. Əvvəla, o, digərləri kimi bir neçə ilini qardaş ölkədə keçirsə də, o birilərindən fərqli olaraq Naxçıvana əliboş qayıdıb. Yəni uzman həkimlik mərtəbəsinə yüksələ bilməyib.
Maraqlıdır ki, o digərlərindən fərqli olaraq 2 dəfə Türkiyəyə oxumağa göndərilib. Əvvəl cərrah kimi uzmanlıq kursuna göndərilən Zəbur Bağırov bir neçə aydan sonra əli ətəyindən uzun geri qayıdıb. Məlum olub ki, Zəbur “doxtur”un qabiliyyət səviyyəsini ölçən Türkiyənin müvafiq qurumları boşuna əziyyət çəkməmək üçün ona dərs keçməkdən imtina ediblər. Naxçıvan MR Səhiyyə naziri Niyazi Novruzov öz qohumu olan Zəburu ikinci dəfə Türkiyəyə yollayıb. Bu dəfə uroloq cərrah qismində. Zəbur həkimin ikinci gedişi də tam uğurlu alınmayıb. O, uzmanlıq kursunu oxusa da, uzmanlıq sertifikatı ala bilməyib. Nə işdirsə, geri qayıdan kimi, bu yarıuğurlu həkimi Naxçıvan Respublika xəstəxanasının Baş həkimi qoyublar. Bununla da xəstəxananın “uğurlu” günləri başlayıb.
Zəbur həkimin digər fərqli xüsusiyyəti icbari tibbi sığortanın Naxçıvan qaydası istifadə olunmasında misilsiz qabiliyyəti ilə bağlıdır. Amma insafən onu da qeyd edək ki, o, xəstəxanadan topladığı sığorta pulunu tək yeməyib. Əksinə, Muxtar Respublikanın bütün səhiyyə ocaqları kimi, Zəbur müəllimin Baş həkimliyini etdiyi Respublika xəstəxanasından da hər ay haqq tələb olunur. İddialara görə, ötən ay Respublika xəstəxanasında qoyulan “tas” 200 min manat idi. Təbii ki, Zəbur müəllim də bu pulu hardansa çıxarıb Səhiyyə Nazirliyindəki ünvana çatdırmalıydı. Görünür, yarıuğurlu həkimi sığorta pullarına göz tikməyə vadar edən də məhz ondan istənilən “tas”dır.
Məlumata görə, Naxçıvan Muxtar Respublika xəstəxanasında təzyiqə məruz qalan həkimlər təkcə Türkiyədə ixtisaslaşmış kadrlar da deyil. Yerli təhsil və əmək təcrübəsi sayəsində özünü yetişdirmiş həkimlər də Niyazi-Zəbur komandasının ağır imtahanlarından üzüağ çıxa bilməyib. Bunlardan biri də rentgenoloq Qoçəli Dünyamalıyevdir. Bir müddət Naxçıvan Ali Məclisinin deputatı da olan Qoçəli həkimin xəstəxanada üzləşdiyi aşağılayıcı münasibətə dözə bilməyib istefa ərizəsi yazdığı bildirilir. İddialara inansaq, Qoçəli həkim xəstəxanada keçirilən iclaslardan birində Baş həkimin ağır sözlərinə məruz qalır. Dərhal da istefa ərizəsi verib işdən uzaqlaşır.
Naxçıvanın ən yaxşı həkimlərindən biri kimi tanınan Zakir Səfərov da “tərsliyinin” qurbanı olub. İddialara görə, uzun illər Respublika xəstəxanasında nevrolotologiya şöbəsinin müdiri vəzifəsində çalışan Zakir həkim üzləşdiyi haqsızlıqlara görə ərizə yazaraq işdən çıxıb. Ərizəsində saxta diplomlu “həkimlərlə” bir yerdə işləmək istəməməsi ilə yanaşı qarşılaşdığı bir sıra problemlərdən də bəhs edib: “Onun ərizəsi başdan-ayağa ittiham aktıdır. Muxtar Respublika xəstəxanasında baş verən cinayətlər barəsində təfsilatlı məlumat almaq istəyən dövlət qurumları Zakir həkimin bu ərizəsini oxusalar, kifayətdir”.
Bildirilir ki, Zakir həkim ondan tələb olunan qanunsuzluqlara etiraz edib ərizə yazanda Baş həkim Zəbur Bağırov elə sevincərək olub ki, önünə uzadılan kağız parçasına oxumadan dərkənar qoyub. Ardınca da bunun peşmançılığını çəkib.
Respublika xəstəxanasındakı işindən çıxandan sonra Zakir həkim Naxçıvan Dövlət Universitetinin klinikasında işə düzəlib. Fəqət burada 3 gündən artıq işləyə bilməyib. Zəbur və Niyazi “koalisiyası”nın tələbi ilə burdakı işindən də çıxarılan Zakir həkimə sonunda “Şəfa” adlı özəl xəstəxana sahib çıxıb.
Zakir həkimin Respublika xəstəxanasında Zəbur-Niyazi koalisiyasının fundamentinə yerləşdirdiyi ərizəli “bomba”nın pespektivi isə sonradan anlaşılıb. Dəfələrlə köhnə işinə dəvət olunan, heç olmasa yazdığı ərizədən imtina etməyə çağırılan Zakir həkim bütün təhdidlərə sinə gərməyı bacarıb. Hazırda onun “ərizəli bombası” Respublika xəstəxanasının dəftərxanasında saxlanılır və yəqin ki, bir gün Zəbur-Niyazi koalisiyasının əleyhinə ən ciddi ittiham maddəsi kimi məhkəmə sənədinə çevriləcək.
Zakir həkim həm də Naxçıvan MR hakimiyyətinin özbaşınalıqlarına etiraz edərək YAP sıralarından ayrılan nadir ziyalılardan biri kimi tanınır. Onun YAP-dan ayrılmaq məqsədilə yazdığı ərizə də unikallığı ilə seçilir və rəsmi Bakı Naxçıvan həqiqətlərini araşdırmaq fikrinə düşsə, üz tutacağı önəmli sənədlərdən biri də həmin ərizədir.
Naxçıvanın digər xəstəxanaları da öz xəriqələri ilə Respublika xəstəxanasından geri qalmır. Əldə etdiyimiz məlumatlar içərisində ən diqqətimizi çəkən isə Naxçıvan şəhər Zərifə Əliyeva adına poliklinika ilə Muxtar Respublika Diaqnostika Mərkəzi barədə irəli sürülən iddialar oldu. İddialara inansaq, MR Diaqnostika Mərkəzinin baş həkimi Nihad Seyidovun da diplomu saxta imiş. Məhz bu keyfiyyətinə görə Nihad “həkim” özü kimi həmkarlarına daha çox üstünlük verir. Yəni diplomsuz “həkim”ləri daha çox sevir. Bu iddiaların yer aldığı məhkəmə sənədlərini incələdiyimizdən Nihad Seyidovun “loğman”lıq qabiliyyətini daha sonrakı yazılarımıza saxlayırıq.
Zərifə Əliyeva adına poliklinikaya gəlincə, hələlik təkcə onu deməklə kifayətlənirik ki, bu tibb ocağında dünya səhiyyə tarixinin bəlkə də ən böyük möcuzəsi baş verib. Söhbət Baş həkim Səadət İbrahimovanın Ginnesin “Rekordlar” kitabına düşə biləcək bənzərsiz dühasından gedir. İddialara görə, dünyanın ən gənc baş həkimi rekordu məhz Səadət İbrahimovaya məxsusdur. Di gəl ki, onun bu möhtəşəm uğuru dünyanın gözündən yayınıb və Səadət həkim haqq etdiyi ünvanı hələ də qazana bilməyib. Bəs bu qeyri-adi qabiliyyət nədən ibarətdir?
Məlum olduğu kimi, tibb təhsilinə yiyələnmək üçün 6 il bakalavr, daha sonra isə seçdiyin ixtisasa uyğun olaraq, 2 idən 5 ilə qədər rezidentura təhsili almalısan. Ali məktəbə ən yaxşı halda 17 yaşında qəbul olunduğunu nəzərə alsaq, bir insanın həkim kimi yetişməsi ancaq 25 yaşında başa çatır.
Naxçıvan şəhərindəki Zərifə Əliyeva adına poliklinikanın Baş həkimi isə bu vəzifəyə 23 yaşında 6 aylıq stajla təyin olunub. Bəs bu dahi şəxsiyyət həmin vəzifəyə təyin olunduqdan sonra poliklinikada hansı dəyişikliklər və yeniliklər baş verib?
“Naxçıvanda səhiyyə” silsiləsinin növbəti yazılarında bu suala da aydınlıq gətirməyə çalışacağıq.