Azərbaycanın Qarabağ və ətraf rayonlarının erməni işğalından azadlığı hökumətin və millətin üzərinə yeni, böyük və çağdaş məsuliyyət yükü qoyur. Prezident İlham Əliyevin rəhbərliyi, şəhid və qazilərimizin qanları hesabına işğal altındakı torpaqlarımızın azad edilməsindən bir ildən artıq vaxt ötür. 44 günlük Vətən müharibəsi gedişində şəhər və kəndlərimizin düşməndən təmizlənməsi ilə bağlı xoş müjdələr indi də düşmənin 30 il ərzində viran qoyduğu əzəli-əbədi yurdlarımızın, hər bir kəndimizin belə dirçəlişi yönündə görüləcək tədbirlərin sevinci ilə davam edir.
Qeyd edək ki, özünün inzibati ərazi böyüklüyünə görə Azərbaycanda birinci olan, təbii sərvətlərilə və zəngin təbiətilə seçilən, kənd təsərrüfatının inkişafı üçün mühüm perspektivlərə sahib olan Kəlbəcər rayonu da böyük diqqət və qayğıya ehtiyac duyur. Ölkə rəhbərinin xüsusi tapşırığı ilə hökumət rəsmilərinin Kəlbəcərə səfərlər etmələri, Kəlbəcərli məcburi köçkünlərin tezliklə öz doğma yurdlarına qayıtmaları istiqamətində plan və təhlillər aparmaları da nəzərə çarpır. Lakin, Kəlbəcərə səfərlərin heç də hamısı prezidentin etimad etdiyi iri dövlət məmurları tərəfindən uğurlu və səmimi alınmır.
DİA.AZ bildirir ki, yerli KİV-də yayılan məlumata görə, keçən ilin ortalarında Baş nazirimizin müavini Şahin Mustafayevin, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrinin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin yeni sədri Zaur Mikayılovun və sonuncunun müavini Rafiq Aslanovun Kəlbəcərə səfər proqramı rəzilliklə yadda qalıb. Belə ki, heyətə başçılıq edən nazir müavini Şahin Mustafayev və qeyriləri protokol qaydalarının pozulmasına yol açan hərəkət və hərəkətsizlik ediblər.
Məlumata görə, 2021-ci ilin may ayının 18-də Bakıdan Kəlbəcərə səfər edən işçi heyəti gözlənilmədən Rafiq Aslanovun təkidli tələbilə birbaş Kəlbəcərə deyil, Göygöl Suvarma Sistemləri İdarəsinə təşrif buyurublar. İdarənin rəisi İlqar Məhərrəmovu yeni sədr Zaur Mikayılovun da hüzurunda xeyli tərifi mədhiyyələrdən sonra heyət "xüsusi qonaq" qismində yaxşıca yeyib-içiblər, standartlardankənar memarlıq üslubunda tikilmiş "akvarium" idarədə doyunca gərdiş edib Gəncədəki otellərin birində də gecələyiblər. Boşuna vaxt itirdikdən sonra, yalnız mayın 19-da isə Kəlbəcərdə görüləcək işlərə və nümayəndə heyətinin siyahısına heç bir aidiyyatı olmayan həmin "səxavətli" idarə müdirini də özlərilə götürüb Kəlbəcərə aparıblar.
Məlumatlı mənbənin bildirdiyinə görə, səfərin ardından dımbılıboy meliorator nümayəndə heyətinin ardınca danışaraq xeyli xərcə düşdüyünü, təkcə Göygöldə və Gəncədə deyil, "dostlarının" bütün maddi xərclərini Kəlbəcərdə də qarşıladığını dilə gətirib.
DİA.AZ qeyd edir ki, əslində, cəmiyyət və lə həm də ən ali siyasi iradə dövləti ən üst səviyyədə təmsil edən Şahin Mustafayevi və qeyrilərini belə bayağı, ələbaxan davranışlarından dolayı şiddətlə qınayır. Subardinasiya qaydaları üzrə Meliorasiya ASC-nin tabeliyindəki bir korrupsioneri özlərinə "pul cüzdanı" edənlər görəsən anlayırlarmı ki, etdikləri dövlət ərkanına, prezidentin onlara etimadına açıq-aydın xəyanətdir? Öz vəzifə öhdəliklərilə Kəlbəcərə gedibən yolu burulub da "bulanıq çay suyundan" özlərinə dost tutmaq, hansısa melioratora pul xərclətdirmək də nə demək?! Gecə-gündüz Qarabağ və ətraf rayonların abadlığını düşünən, Şuşaya, Ağdama səfər edəndə nəfəsini belə dərməyən, bu yolda canını cəfa edən prezidentdən fərqli olaraq bəziləri Kəlbəcərə getməyi iki günlük turistik səfərə, adi əyləncəyəmi çevirməlidir? Hələ gedişlərinin hökumətə hansı mənada faydası toxundu, nə yazıb-pozublar, heç onu da bilmirik. Təəssüf...
Qoy Prezident Administrasiyası, baş nazir Əli Əsədov, hüquq mühafizə orqanları da araşdırsın görək, maddi maraqdan savayı axı hansı əhəmiyyətli səbəb Şahin Mustafayevi və ətrafını bir gün Kəlbəcərdən 80 km uzaqda saxlayıb, desinlər bilək, bəlkə 3 saat yol gəlib, Göygölə çatıb yorulmuşdular?
Bir də, İlqar Məhərrəmovun "şotu"na Kəlbəcərə gedib-gələnlər üçün büdcədən ayrılan və xərcləmədikləri ezamiyyə pulları əllərindən alınsa, özlərinə də töhmət verilsə digər məmurlara da görk üçün çox yaxşı olar...
Onu da xatırladaq ki, Göygöl SSİ-nin rəisi İlqar Məhərrəmov ölkənin meliorasiya sahəsində ən korrupsioner və qalmaqallı məmurlarından biri kimi tanınır. Amma görünür Rafiq Aslanov, Şahin Mustafayev və baş meliorator Zaur Mikayılov üçün o sadəcə "şedriy oğlan"dır...
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...