Azərbaycan siyasi səhnəsində ön planda olan şəxslərin, partiya rəhbərlərinin, liderlərinin fəaliyyəti, o cümlədən həyatı hər zaman maraq mövzusu olub.
Millitv.AZ xəbər verir ki, Cebhe.info bu dəfə tanınmış müxalif simaların həbs həyatını araşdırıb. Müxtəlif zamanlarda kluarların müzakirə mövzusu olan, bəzi hallarda bunun “titul” hesab edilməsi həbs olunan siyasətçiləri daha da populyarlaşdırır.
Bəs müxalif simalardan kimlər həbs həyatı yaşayıb?
*Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər həbs həyatı yaşayan siyasətçilərdəndir.
Belə ki, seçmiş Spiker İsa Qəmbər 16 iyul 1993-cü ildə Milli Məclisin iclasında həbs olunub. Cəmi 1 ay həbsdə qalan İsa Qəmbər özü müsahibələrinin birində deputat toxunulmazlığı ləğv edilmədən həbs olunduğunu deyib.
*Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov də həbs həyatı yaşayan siyasətçidir.
O, 1990-cı il yanvar hadisələrindən sonra Moskvada xarici jurnalistlər üçün mətbuat konfransı keçirərkən DTK tərəfindən həbs olunub. 9 ay Lefortovo həbsxanasında saxlanılan Etibar Məmmədovun azadlığa buraxılması üçün o dövrdə 1,5 milyon imza toplanıb. 1990-cı ilin dekabrında Etibar Məmmədov Ali Sovetin deputatı seçilib.
*Sabiq Daxili işlər naziri İsgəndər Həmidov də həbs həyatı yaşayıb.
O, 17 mart 1995-ci ildə həbs olunub. Onun həbsi Bakıda “OMON”- çuların qiyamının yatırılması ilə üst-üstə düşüb. Martın 31-də isə İsgəndər Həmidovun rəhbəri olduğu "Boz Qurd" Partiyasının fəaliyyəti qadağan edilib. 1995-ci ilin sentyabrında keçirilən məhkəmədə Həmidov 1992-ci ilin avqust-oktyabr aylarında 701 nəfər məhbusun həbsdən azad etmək, "İstiqlal" qəzetinin redaktorunu və əməkdaşını döymək, 400 min ABŞ dollarını mənimsəmək və israf etmək ittihamları ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. 2003-cü ilin dekabrında əfv fərmanı ilə azadlığa buraxılıb.2020-ci il 26 fevral tarixində uzun sürən xəstəlikdən sonra vəfat edib.
*Müsavat Partiyasının başqanı Arif Hacılı isə müxtəlif dövrlərdə məhbus həyatı yaşayıb.
Arif Hacılı 1998-ci və 2000-ci ilərdə keçirilən kütləvi aksiyaların ,mitinq və nümayişlərin əsas təşkilatçılarından biri kimi dəfələrlə saxlanılıb və həbs edilib. Daha sonra 16 oktyabr 2003-cü il tarixində keçirilən etiraz aksiyasının əsas təşkilatçılarından biri kimi həbs olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.Arif Hacılı 2011-ci ildə "ərəb baharı" adlanan siyasi fəallıq dönəmində Müsavat Partiyasının təşkil etdiyi 12 mart və İctimai Palatanın təşkil etdiyi 2 aprel mitinqlərinin əsas təşkilatçısı kimi həbs olunaraq yenidən iki il yarım müddətinə azadlıqdan məhrum edilib. Cəza müddətinin əksəriyyətini çəkdikdən sonra əfv olunaraq azadlıqa buraxılıb.
*AĞ Partiyanın sədri Tural Abbaslı da həbs həyatı yaşayan siyasətçilərdəndir.
O, 2011-ci ildə həbs olunaraq 2 il 6 ay həbs cəzasına məhkum edilib.
*Ümid Partiyasının sədri İqbal Ağazadə də 2003-cü il hadisələrinə görə həbs olunub.
O, 17 aylı məhbus həyatı yaşayıb.
*Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı da həbs olunan siyasətçilərdəndir.
O, 2011-2016-cı illərdə silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmaq ittihamı ilə həbsdə olub. Nemət Pənahlı 2018-ci ildə isə polisin qanuni tələbinə tabe olmamaqda təqsirli bilinib və oktyabrın 12-də Nəsimi Rayon Məhkəməsi Nemət Pənahlıya 30 sutka inzibati həbs cəzası verib.
*Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev də həbs olunan partiya sədləri sırasındadır.
O, indiyədək iki dəfə həbs edilib. Hafiz Hacıyev ilk dəfə 1993-cü ildə düşüb.O, sabiq baş nazir Surət Hüseynovun göstərişinə əsasən, Cinayət Məcəlləsinin 167-ci maddəsinin 1-ci və 2-ci hissələri ilə məhkum olub.Hafiz Hacıyev ikinci dəfə 1996-cı ildə həbsə atılıb. Bu dəfə o, Cinayət Məcəlləsinin 220-ci maddəsi ilə 3 il müddətinə həbs edilib. Hafiz Hacıyev 3 il məhbəs həyatından sonra 1999-cu ildə həbsdən azad edilib.
*Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da həbs həyatı yaşayan siyasətçilərdəndir.
ADP sədri 2003-cü ilin prezident seçkisindən sonra keçirilən etiraz aksiyaları zamanı həbs edilib. O, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 4 il 6 ay həbs cəzası alıb.
*Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev də uzun müddət həbs həyatı yaşayan siyasətçidir.
Fərəc Quliyev 1995-ci ildən 2002-ci ilə kimi siyasi məhbus kimi həbsdə olub.
*Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə də həbs həyatı yaşayıb.
O, SSRİ dövründə, 1985-ci ildə xuliqanlıq maddəsi ilə həbs edilib.
*Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli də qısa müddət həbs həyatı yaşayıb.
Əli Kərimli 1994-cü ildə üzərində qanunsuz silah (qumbara) tapıldığı üçün həbs olunub. 1 ay həbsdə qalan Əli Kərimli sonradan azadlığa buraxılıb.
*Milli Konqres Partiyasın sədri İxtiyar Şirin də həbs həyatı yaşayıb.
O, 1993-cü ilin iyun hadisələrində Gəncədə Surət Huseynovun komandası tərəfindən həbs olunub. 11 ay sonra məhkəmə cinayət işini xətm edib və İxtiyar Şirin azadlığa buraxılıb.
*Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn də məhbus həyatı yaşayan siyasətçilərdəndir.
O, 2003-cü ilin oktyabr hadisələri zamanı həbs olunub və 17 ay məhbus həyatı yaşayıb.
*Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər də həbs həyatı yaşayan partiya sədrlərindədir.
O, 16 iyul 1993-cü ildə Milli Məclisin üzvlüyündən azad edilib və cinayət məsuliyyətinə cəlb olunub. 1 sentyabr barəsində həbs qərarı çıxarılıb.
*Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov da uzun müddət həbsdə olan siyasətçilərdəndir.
2013-cü il fevralın 4-də İsmayıllı hadisələri ilə bağlı barəsində həbs-qətimkan tədbiri seçilib. Məhkəmə onu Cinayət Məcəlləsinin 220.1 və 315.2 maddələri ilə təqsirli bilərək 7 il azadlıqdan məhrum edib.O, 2018-ci il avqustun 13-də şərti azadlığa buraxılıb. 2020-ci ilin aprelin 23-də isə Azərbaycan Ali Məhkəməsinin Plenumu İlqar Məmmədova tam bəraət verib.
*Haqq və Ədalət Partiyasının (HƏP) sədri, sabiq səhiyyə naziri Əli İnsanov da uzun müddət həbs həyatı yaşayıb.
O, 2005-ci ilin oktyabrında hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə həbs olunub. Həbsdən sonra Əli İnsanovun bir çox titulları, o cümlədən akademik fəxri adı ləğv olunub. Əli İnsanov 17 mart 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin əfv sərəncamı ilə azadlığa buraxılıb.