2019-cu ilin martında Sumqayıtda yanan avtomobil ehtiyat hissələri mağazasının sahibi Arzuman Alıyev sığorta şirkətindən ödənişini ala bilmədiyini deyir. O, bununla bağlı polisə də müraciət edib. Rəsmi ərizəsində bildirib ki, problemi həll edilmədiyi üçün özünü öldürmə həddinə çatıb.
Millitv.az ın məlumatına görə, A.Alıyev “Qafqazinfo”ya şikayətində bildirib ki, onun xeyrinə məhkəmə qərarı olsa da, mağazanı sığortalayan “Atəşgah Sığorta” ödənişi etməkdən imtina edir: “Yanğında mənə 160 min manatdan çox zərər dəydi, borclarım yarandı. Mağazadakı mallar məhv oldu, o məhsulları aldığım adamlara borclarımı ödəyə bilmədim. Onlar da artıq 2 ildən çox vaxt keçdiyi üçün məndən pullarını tələb edirlər, artıq məni hədələməyə başlayıblar. Sonuncu məhkəmə iclasına da gələrək zalda məni hədələyib pullarını istədilər. Orada da qarışıqlıq düşdüyü üçün hakim prosesi təxirə saldı”.
A.Alıyevin sözlərinə görə, sığorta şirkəti məhkəmənin qərarını icra etmir, ödənişi verməmək üçün prosesi uzadır: “Mən artıq bu süründürməçilikdən bezmişəm. Borclu olduğum adamlara da nə cavab verəcəyimi bilmirəm. Buna görə bir neçə dəfə özümü öldürməyə cəhd etmişəm, ailə üzvlərim məni son anda xilas ediblər. Bununla bağlı kürəkənim Nadir Axundov da Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək cinayət hadisəsi barədə məlumat verib”.
N.Axundov ərizəsində qeyd edib ki, A.Alıyevin özünü öldürmə həddinə çatdırılması ilə bağlı yoxlama aparılsın və müvafiq qərar qəbul edilsin.
DİN Mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, müraciət əsasında həm Arzuman Alıyev, həm də Nadir Axundov Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə dəvət edilib: “Onlarla profilaktik söhbət aparılıb və izah edilib ki, şikayətləri mülki qaydada olduğundan bu barədə məhkəmə orqanlarına müraciət etsinlər. Həmçinin, qeyd edilən şikayət mülki məsələ olduğundan cinayət təqibinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunub.
Arzuman Alıyev izahatında bildirib ki, sığorta şirkəti tərəfindən pulunun gecikdirilməsinə görə əsəbləri tarıma çəkilib, özünə hakim ola bilməyib və 102 xidmətinə intihar edəcəyi ilə bağlı məlumatı verib. O qeyd edib ki, hazırda intihar etmək fikri yoxdur. Polis Bölməsində həmin şəxslə profilaktik söhbət aparılıb, intiharın çıxış yolu olmadığı bildirilib və tələblərini məhkəmədə tələb etməyi tövsiyə olunub”.