2021 -ci il Azərbaycan səhiyyəsi üçün yadda qalan il oldu. Bu ildə Azərbaycan səhiyyəsində iki vacib və önəmli qurum rəhbərinin vəzifələrindən azad olmaları heç də sakit qarşılanmadı.
Belə ki, aprel ayında koronavirusla mübarizə zamanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının vəzifəsindən istefa verməsi, eyni ayda prezidentin sərəncamı ilə səhiyyə naziri Oqtay Şirəliyevin işdən azda olması diqqətçəkən məqam idi. Ölkə başçısının digər sərəncamı ilə Teymur Musayevə səhiyyə nazirinin birinci müavini və səhiyyə naziri vəzifəsinin müvəqqəti icrası tapşırıldı. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə Agentliyin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanova isə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra etmək tapşırıldı.
Aprel ayında TƏBİB-in İdarə Heyətinin iclasının qərarı ilə bir neçə mərkəzi xəstəxananın hüquqi varisliyi Kliniki Tibbi Mərkəzə verildi. Beləliklə, aprel ayını səhiyyə üçün önəmli ay hesab etmək olar.
Oktyabrın 13-də isə 28 ildən sonra işğalçılardan azad edilən Şuşada 6 palatadan ibarət Şuşa Modul Tipli Xəstəxana istifadəyə verildi. Xəstəxanada təcili yardım, laboratoriya, reanimasiya və cərrahiyyə xidmətləri göstəriləcək. Bu, Qarabağda açılan ilk modul tipli tibb müəssisədir.
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat İlham Əliyev Modern.az-a açıqlamasında bildirib ki, bütün dünyada olduğu kimi ölkəmizdə bir çox qurumlar pandemiyanın tüğyan etdiyi bir şəraitdə fəaliyyət göstərdi.
Onun sözlərinə görə, COVID-19 pandemiyasının diktəsi altında hər bir işin uğurla həyata keçirilməsi üçün dövlətimiz tərəfindən çox ciddi səylər ortaya qoyuldu:
“Pandemiyaya qarşı mübarizə çərçivəsində səhiyyə ən önəmli sahədən biri olduğu üçün bütün diqqət məhz bura yönəlir. 2021-ci ilin səhiyyə üçün önəmli hadisələrdən biri yanvarın 18-də ilk dəfə peyvəndlənmə prosesinə başlanılması və uğurla davam etdirilməsidir. Ən əsas məsələlərdən biri budur ki, bütün cəhdlər nəticəsində ölkəmizdə pandemiyanın sanitar-epidemioloji vəziyyəti pisləşmədi. Karantin rejiminin müxtəlif vaxtlarda müxtəlif proseslərlə tətbiq olunması, yəni sərt karantin rejimindən tutmuş, yumşalmaya qədərki dövr və karantin tədbirlərinin həyata keçirilməsi istiqamətində düzgün addımların atılması hesab edirəm ki, ilin vacib hadisələrindən biri oldu. Çünki bütün məsələlər sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamağa fokslanmışdı. Peyvəndlənmə prosesinin intensiv aparılması üçün dövlət maksimum öz gücünü ortaya qoydu. Bunun üçün bütün resurslardan istifadə olundu və səhiyyə sektorları səfərbər edildi. Hətta mobil şəkildə vaksinlərin həyata keçirilməsi uğurla tətbiq olundu”.
İ. Məmmədov qeyd edib ki, 2021-ci ildə tibbi sığortanın uğurla tətbiqini həyata keçirilməsi üçün mühüm addımlar atıldı:
“Bu addımlardan birincisi müştərək maliyyələşmə üçün Milli Məclisdə Tibbi Sığorta haqqında qanuna böyük və əhəmiyyətli dəyişikliklərin edilməsidir. Ən önəmlisi isə xəstənin seçim imkanının genişləndirilməsi oldu. Yəni, əvvəl xəstə göndərişlə hansısa xəstəxanaya gedə bilərdi. İndi isə xəstələr istədiyi xəstəxananı seçə bilər. Hesab edirəm ki, bu tibbi sığortaya keçidin ən vacib məqamlarından biridir.
Digər bir maraqlı məqam isə tibbi sığortanı əhatə edən paketlərdən, müalicə və müayinə paketlərində, maddi texniki bazası güclü olan bir çox özəl klinikaların cəlb olunması üçün verilən qərardır”.
Deputat bu ilin dövlət büdcəsində müzakirəsi zamanı səhiyyəyə ayrılan vəsaiti xüsusi qeyd edib:
“Səhiyyəyə bir milyard 700 milyon manat dəyərində maliyyə ayrıldı. Hesab edirəm ki, bu, tibbi sığortanın növbəti illərdə də uğurla davam etməsi üçün vacibdir. Qərarların içində pandemiyanın davam edəcəyi növbəti illərdə də pandemiyaya qarşı mübarizə çərçivəsində vəsaitin ayrılması və bu sahədə çalışan həkimlərə əlavə ödənişlərin nəzərə alınmasına dair qərar önəmlidir”.
İ.Məmmədov ümumilikdə, 2020-2021-ci illəri çox çətin illər kimi dəyərləndirib:
“Pandemiya bütün dünyada olduğu kimi, ölkəmizdə bir sıra məhrumiyyətlər yaratdı. Buna baxmayaraq, bu gün yaşlı əhalinin 60 faizi peyvəndlənmədən keçib. 2021-ci ili pandemiyanın diktəsi və təkidləri altında çalışan Azərbaycan səhiyyəsi imtahandan üzüağ, uğurla çıxdı”.