Axtarış...

Hacıqabulda RİH-nin vəzifəli şəxsləri sahibkarlara “badalaq gəlirlər” – VİDEO/FAKTLAR

Hacıqabulda RİH-nin vəzifəli şəxsləri sahibkarlara “badalaq gəlirlər” – VİDEO/FAKTLAR

Məlumdur ki, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyası, indiyə kimi ölkəmizin milli iqtisadi inkişaf modelinin formalaşmasına və iqtisadi islahatların uğurla həyata keçirilməsinə etibarlı zəmin yaradıb. Yəni, ötən illər ərzində azad bazar iqtisadiyyatı yolu ilə inkişaf edən Azərbaycanda, özəl sektorun inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Qeyd edək ki, hər bir ölkənin davamlı və sabit inkişafını şərtləndirən əsas amillərdən biri də, məhz sahibkarlığın inkişaf etdirilməsi, iş adamlarının fəaliyyətləri üçün normal şəraitin yaradılmasıdır. Diqqət yetirmək lazımdır ki, ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən bugünə kimi imzalanan fərman və sərəncamlar, qanunlar, Dövlət proqramları və s. azad sahibkarlığın inkişafına təkan vermiş, qeyri-neft sektorunun inkişafını stimullaşdırmışdır. Ölkəmizdə lazımi uğurların əldə olunmasında sahibkarların rolunu xüsusi dəyərləndirən Prezident İlham Əliyev, bu sahədə çalışan şəxslərə qarşı süni əngəllərin yaradılmasının yolverilməz olduğunu dəfələrlə bəyan edib.
Ölkə rəhbərinin bu yöndə verdiyi tapşırıqlara baxmayaraq, Hacıqabul rayonunun Qarasu kəndində yaşanan biabırçılıqların varlığı, məhz bu gün ortaya fərqli mənzərənin çıxmasına səbəb olur. Belə ki, bir neçə gün bundan öncə redaksiyamıza Qarasu kənd sakinləri olan Şıxəliyev Bəhlul Saleh oğlu və Mustafayev Nizaməddin Gülməmməd oğlu tərəfindən video-müraciət və şikayət ərizəsi daxil olub. Şikayətçilərdən Bəhlul Şıxəliyev qeyd edir: “Qarasu kənd bələdiyyəsindən lazımi sənədlər əsasında götürüb istifadə etdiyimiz torpaq sahələrinə görə, uzun müddətdir ki, Hacıqabul RİH başçısının müavini Nurbala Mirzəyevin və icra başçısının köməkçisi Afiq Kərimovun olmazın təzyiqləri üz-üzə qalmışıq. Qeyd edim ki, köməkçi vəzifəsini daşıyan Afiq Kərimov istifadəmdə olan torpaq sahələrinin sənədləşməsi üçün məndən 40 min manat pul alıb və bu gün də o, aldığı pulları geri qaytarmır. Nurbala Mirzəyev isə, 11 aylıq müqavilə sənədini bağlamaq üçün 25 min manat pul alıb. Müqavilə sənədinin bağlanmasında mənimlə birlikdə Nizaməddin Mustafayev və Habil Abdullayev adlı şəxslər də iştirak etsələr də, bir qədər vaxt keçdikdən sonra Habil Abdullayev Nurbala Mirzəyevə verdiyim pulları danmalı oldu. Buna da əsas səbəb, ona müavin Nurbala Mirzəyevin və köməkçi Afiq Kərimovun lazımi vədləri vermələri olur. Yəni, çox keçmədi ki, hər iki vəzifə sahibi Habil Abdullayevin istifadə etdiyi torpaq sahələrinin səndləşmə işlərini həyata keçirdilər və onun qardaşı oğlu Elşad Abdullayevi isə, Qarasu kənd bələdiyyəsinə sədr təyin etdirdilər. Baxmayaraq ki, sədr vəzifəsi şura üzvlərinin keçirdikləri iclasda gizli səsvermə yolu ilə seçilir. Belə bir addım atılmalı olduğu halda, Elşad Abdullayevin sədr seçkisində heç bir iclas keçirilmir, yalnız verilmiş şifahi tapşırıqlar yerinə yetirilir. Məndə olan məlumata görə Afiq Kərimov psixi xəstədir. Bu şəxs 1994-cü ildə həqiqi hərbi xidmətə çağırılır və həmin vaxt ona qoyulan diaqnoz, onun psixi xəstə olduğunu ortaya çıxarı. Belə bir diaqnoz əsasında Afiq Kərimov hərbi xidmətə getmir. O halda sual oluna bilər ki, səhhətində bu cür ciddi problemi olan, Vətən qarşısında həqiqi-hərbi xidmətdə olmayan bir şəxsin, RİH Aparatında mühüm vəzifə daşımasının nə qədər hüquqi əsası var? Bundan əlavə, Afiq Kərimov bu gün Hacıqabul RİH-i başçısının köməkçisi vəzifəsini daşımaqla bərabər, 24-AA-005 dövlət nömrə nişanlı avtomobili də idarə edir. Bu da həm onun özü üçün, həm də ətrafdakı insanların həyatı üçün təhlükə deməkdir. Bildirim ki, bu gün mənim qarşıma belə bir şərt qoyublar ki, müavin Nurbala Mirzəyevin və köməkçi Afiq Kərimovun Hacıqabul RİH-də rəhbər vəzifə sahibi olan şəxslərin “əlləri uzun” olduğunmdan, onlar hansısa yollarla şikayət ərizələrimizin ölkə rəhbərinə çatmasına imkan vermirlər. Biz heç cür başa düşə bilmirik ki, Qarasu kəndindən olan sahibkarların kənd bələdiyyəsinin balansında olan torpaq sahələrindən istifadə etmək hüquqları yoxdurmu ki, rayonun rəhbər şəxsləri icarə müqaviləsi əsasında istifadə etdiyimiz torpaqları əllərimizdən almaq istəyirlər? Bu şəxslər NK-nin heç bir qərarına məhəl qoymurlar, bir sözlə öz bildiklərini edirlər. Elə ki, icra başçısının qəbulunda olub dərdimizi demək istəyirik, bizim rəhbərliyin qəbuluna düşməyimizə Afiq Kərimov imkan vermir. Heç cür başa düşmək olmur, bu qədər də haqsızlıq olarmı?”
Bütün bunlar onu göstərir ki, Hacıqabul rayonunun Qarasu kəndində yaşanan biabırçılıqların kökündə, ölkə rəhbəri İlham Əliyev cənablarının həyata keçirdiyi daxili siyasətə xəyanət etmək durur. Çünki, bu kənddən olan sahibkarların müqavilə sənədi əsasında istifadə etdikləri torpaq sahələri əllərindən alınarsa, o halda onların minbir əzab-əziyyətlə ərsəyə gətirdikləri heyvandarlıq təsərrüfatı məhv olacaq, neçə-neçə insanlar işsiz qalacaqlar. Ona görə də düşünürük ki, Qarası kəndindən olan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin üz-üzə qaldıqları problemlər ictimailəşdirildikcə, bu məsələlərə aidiyyatı dövlət qurumlarının nəzər-diqqəti daha da artacaq. Hətta, Hacıqabul RİH başçısının müavini Nurbala Mirzəyevə, icra başçısının köməkçisi Afiq Kərimova, RİH-nin memarına və digər vəzifə sahiblərinə, idarəetməni necə həyata keçirməyin yolları da “izah olunacaq”.
Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

Xeberizle.biz
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz