Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi bütün respublika üzrə bələdiyyələrdə illik yoxlama tədbirlərini davam etdirir. Aparılan araşdırmalar nəticəsində Nərimanov rayon bələdiyyəsinin fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb.
Bu barədə informasiya Editor.az-a məlumatlı mənbələrdən daxil olub. Bildirilir ki, aparılan yoxlamalar zamanı bələdiyyənin illik fəaliyyəti dövründə ciddi maliyyə pozuntularına yol verildiyi aşkar olunub.
Bələdiyyənin sədri Təmraz Tağıyevə nöqsanların aradan qaldırılması, dövlətə dəyən ziyanın aradan qaldırılması üçün vaxt verilib.
Mənbəmiz iddia edir ki, bundan öncə keçmiş YAP İcra katibi, baş nazirin müavini Əli Əhmədov və keçmiş spiker Oqtay Əsədov tərəfindən himayə olunan Təmraz Tağıyev üçün artıq yolun sonu görünməkdədir. Hakimiyyətdəki himayədarlarının sıradan çıxmasından sonra hüquq-mühafizə orqanları Təmraz Tağıyevi bağışlamaq niyyətində deyil.
Bələdiyyə sədri aşkar edilmiş nöqsanları qısa zamanda aradan qaldırmazsa onun üçün həbsxananın qapıları görünə bilər…
Mövzu ilə bağlı Təmraz Tağıyevin də mövqeyini dərc edə bilərik.