"Milli Məclisdə gələn ilin dövlət büdcəsinin qızğın müzakirələri gedir. Sosial müdafiə məsələləri ilə bağlı ƏƏSM nazirinə sərt iradlar bildirildiyi haqqında mediada bilgilər yayılıb". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonrz bildirilir: "Xərclərin getdikcə artırılmasından doğan bəlirsizlik , nigarançılıq da iqtisadçı deputatların dilindən maliyyə nazirinin diqqətinə çatdırılıb. Əhalinin sosial-iqtisadi durumunu isə dözülməz kimi qiymətləndirmək olar. Təsəvvür edin, bu ilin noyabrından işığın, qazın, rüsumların qiyməti 20-100 faizədək qalxıb, iqtisadi fəallıq , iş yox, kölgə iqtisadiyyatı məmur – deputat oliqarxiyasının əlində, amma əmək haqqının, sosial ödənişlərin qaldırılması gələn ilin bəlirsiz (qeyri-müəyyən) dönəminə saxlanılır . Belə baş – ayaq sosial-iqtisadi siyasətlə əhalinin başının ayağı üstə duracağı şübhə altındadır.
Əhalinin aztəminatlı hissəsinə - əlillərə , ailə başçısını itirmiş şəxslərə ilgidə də durum ürəkaçan deyil . Hökumət bu kateqoriyadan olan insanların ödənişlərini ildən - ilə azaltmaqla hökmünü , gücünü göstərir. Təsəvvür edin, “Əmək pensiyaları haqqında” qanunun 19-cu maddəsi ilə əlilliyi olan şəxslərin pensiyalarına edilən və ümumiyyətlə, Qarabağ qazilərinə 15 ildə verilməyən əlavələrin verilməsindən ötən ilin 30 dekabrında sözügedən maddənin ləğv edilməsi ilə imtina edilib! (?) Nə Ombudsman səsini çıxarıb, nə Konstitusiya Məhkəməsi, nə də hüquq müdafiə təşkilatları. Əhalinin sosial müdafiəsinə cavabdeh olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və tabeliyindəki qurumların, MM-in əmək və sosial siyasət komitəsinin işi isə, elə bil, gəlirlərin azalmasını nəyinsə artması ilə şərh – izah etməkdən ibarətdir. Elə indi də bu ritorika qüvvədədir : Kommunal xidmətlərin haqqının, rüsumların qaldırılması aztəminatlı ailələrə yetkisiz ötüşəcək! (?) Elə bil, adamı qanmaz yerinə qoyurlar, qanmağı qadağan edirlər. Sabir demiş, QAİLİ MÜMKÜNMÜ QANMAMAQ? Məzur tutun, üzrlü sayın, qanmamaq mümkünsüzdür. Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2001 -ci il tarixli 613 saylı “ Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Fərmanının 20 ildir icra olunmamasını necə qanaq? Dövlət Sosial Müdafiə Fondunun “başbilənləri” niyə dövlətin normativ – hüquqi aktını sabotaj edib, ciblərinə uyğun izah edib qüvvədən salırlar? Milli Məclis ƏƏSMN -i Prezident fərmanının icrasına məcbur edə biləcək? DSMF illərdir bildirir ki, “Sosial müavinətlər haqqında” qanunun 7.0.6 maddəsi fərmanın əlillərə tətbiqini qadağan edir. Dövlət büdcəsini cibləri ilə dəyişik salan məmurların həmin maddədən doğan məntiqinə görə, kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət təyin olunan BƏZİ KATEQORİYA ŞƏXSLƏRİN əmək pensiyası hüququ yarandıqda müavinətin verilməsindən imtina edilir. 20 ildir bu qanunvericilik , məhkəmə , icra hakimiyyəti məmurlarına qandırmaq olmur ki, 1-cisi, adından göründüyü kimi, ƏLİLLƏR ELƏ YA ƏMƏK, YA DA SOSİAL PENSİYAÇILARDIR , insan əlildirsə, mütləq bu iki pensiya növündən biri ilə təmin olunur; 2-cisi, dövlət (başçısı) fərmanı icra olunmaq üçündür, qadağa qoyulması üçün yox. 3-cüsü və ən başlıcası , hələ də qüvvədə olan fərmanda SOSİAL PENSİYAÇILARA DA 6 MANATLIQ AYLIQ MÜAVİNƏTİN AYRILMASI doğrulanıb. Bu isə o deməkdir ki, həm əmək pensiyası , həm də sosial pensiya (sosial müavinət) alan əlillərə kommunal, nəqliyyat və digər xidmətlər əvəzi aylıq müavinət ödənilməlidir. Məbləğ nə qədər cüzi – 6 manatdan müharibə əlillərinin 26 manatına kimi, cüzi olsa da, icrası – verilməsi məcburidir . Ölkə əhalisinin ortalıq 6 faizinin, yəni 600 mininin əlilliyi olan şəxslər olması hesabı ilə aya 4 milyon civarında kommunal xidmət əvəzi müavinəti sosial-iqtisadi, maliyyə məmurlarının yeməsi üzə çıxır. Biz hələ sosial pensiyaçılara ödənilməli aylıq 6 manatın hesabını aparmırıq. Elə ona görə də, cüzi məbləğin artırılması yada salınmır. Axı, gizlin yeyilən məbləğin artırılması gündəmə gəlsə, təyinatı üzrə ödənmədiyi bəlli olacaq və yem əldən çıxacaq. Yeri gəlmişkən, uşaq pulu da əvvəllər cəmi 1,8 manat (“Köhnə pulla” 9 min manat) olduğundan və uyğun sənədlərin toplanılmasına onqat
məbləğdə xərc tələb edildiyindən, ƏƏSMN və Maliyyə Nazirliyi yetkililərinin yeminə çevrilmişdi və bu səbəbdən artırılması əvəzinə, ləğv edilməsi qərara alındı.
Prezidentin bu ilin 5 yanvarında imzaladığı 1244 nömrəli fərmanla “köhnə pul”la ifadə olunan kommunal xidmətlər əvəzi müavinət məbləğləri denominasiya olunub. Ümid edirik ki, Milli Məclis 6-26 manatlıq güzəşt əvəzi müavinətin artırılması bir yana, heç olmasa, təyinatı üzrə verilməsinə nail olar. Uşaqların, əlillərin haqqını haçağa kimi sosial yönümlü, daha doğrusu, sosial yeyimli hökumət (məmurları) yeyəcək?"
İddia olunanlarla bağlı bütün maraqlı trəflərin dinləməyə hazılrıq...