Axtarış...

Türk dünyası qarşısında geniş üfüq: haradan haraya... - GƏLİŞMƏ

Türk dünyası qarşısında geniş üfüq: haradan haraya... - GƏLİŞMƏ

Oktyabrın 26-da Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli qoyulub. Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan yeni yolun inşası ilə tanış olublar. Prezidentlər birgə bəyanatla çıxış edərək bildiriblər ki, Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək.

Eyni zamanda, Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edən dövlət başçıları cəmi səkkiz ay müddətində inşa olunan yeni aeroportun əhəmiyyətindən danışıblar. Vurğulayıblar ki, Beynəlxalq Hava Limanının istifadəyə verilməsi Azərbaycanla Türkiyənin birgə uğurudur.

AYNA dəhlizin inşası istiqamətində görüləcək işlər, prosesin sürətlənməsi, gözləntilər və dəhlizin əhəmiyyəti ilə bağlı ekspertlərlə müzakirə aparıb.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Zəngəzur dəhlizinin açılması geri dönüşü olmayan bir prosesdir: “Ərdoğanın Qarabağ səfəri və səfər çərçivəsində həm dəhlizin, həm də Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakı bunun bariz nümunəsidir. Onlar bu məsələdə qəti qərarlı olmasaydılar, o zaman buna getməzdilər. Hesab edirəm ki, bu, Moskva və İrəvanla da razılaşdırılıb. Çünki dəhlizin açılması Rusiyanın da maraqlarına uyğundur. Bu dəhlizin işə düşməsi şimal qonşumuza Türkiyə və Ermənistana çıxış imkanı yaradır”.

“Rus mətbuatında bu günlərdə belə bir informasiya tirajlandı ki, noyabr ayının əvvəlində üç ölkə liderləri – Əliyev, Paşinyan və Putin Moskvada görüşəcəklər. Həmin görüşdə Zəngəzur dəhlizinin açılması ilə bağlı birgə bəyanatın imzalanması gözlənilir. Türkiyə ilə Azərbaycan arasında ən yüksək səviyyədə müttəfiqlik münasibətləri hökm sürür və bu, Şuşa bəyannaməsində də öz əksini tapıb. Bu səbəbdən ölkəmiz qardaş dövlətin rəsmilərini bir çox məsələlərdə məlumatlandırır. Rəsmi Ankara da eyni addımı atır. Türkiyə XİN rəhbərinin ölkəsinin Ermənistanla sərhəd məsələsini Azərbaycanla müzakirə edəcəyinə dair açıqlaması da bu qəbildəndir”, - deyə siyasi şərhçi vurğulayıb.

Onun sözlərinə görə, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi bölgə infrastrukturunun qurulması istiqamətində çox mühüm addımdır: “Artıq Qarabağ bölgəsinə getmək üçün saatlarla zaman sərf etməyə ehtiyac yoxdur. Yeni istifadəyə verilən Hava Limanından Şuşaya təxminən 100 km yol var. Nəzərə alanda ki, torpaqlarımız yenicə işğaldan azad olunub və Qarabağda böyük qurucluq işləri hələ qabaqdadır, bu baxımdan paytaxtla məsafənin qısaldılması zəruri idi. Əraziyə tikinti materiallarının daşınması, hərbi məqsədlər üçün istifadə baxımından da bu aeroportun əhəmiyyəti böyükdür”.

Şahinoğlu Qarabağda digər iki hava limanımım da istifadəyə veriləcəyini xatırladıb: “Bu, bölgədə mümkün separatizm meyllərinə qarşı mübarizəni şərtləndirir. Psixoloji təzyiqi artırmaq və separatçı meyllərin tamamən qarşısının almaq baxımından müstəsna əhəmiyyətə malikdir. Bütün hallarda həm Zəngəzur dəhlizinin təməlinin atılması, həm də Füzuli Beynəlxalq Hava Limanının istifadə verilməsi ölkəmizin qarşısında böyük imkanlar açır. Eyni zamanda, regionda yeni mənzərə yaradır. Hərbi qələbədən sonra bütün mənalarda üstünlük bizim tərəfimizdədir. Bu məsələdə Azərbaycana ən böyük dəstəyi qardaş Türkiyə verir”.

ABŞ-ın keçmiş Prezidenti Barak Obamanın seçki qərargahının üzvü olmuş türkiyəli siyasi şərhçi, professor Selman Arslanbaş da Zəngəzur dəhlizinin təməlinin atılmasını böyük tarixi hadisə kimi dəyərləndirib: “Bu dəhlizin əsasının qoyulması bütün Türk dünyası üçün fəxarət mənbəyidir. Qardaş Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi zəfər qazandı. Müharibənin getdiyi dövrlərdə əsas diqqətimiz Qarabağa yönəlmişdi. Hər gün Qarabağdan yeni xəbərlər almağa çalışırdıq, tam ruhumuzla prosesin içindəydik. Şükürlər olsun ki, bu qələbəni təmin etdik. Bu gün isə region üçün yeni mənzərə yaranıb. Ola bilər, kimlərsə bunun əhəmiyyətini dərk etməsin, lakin dəhlizin işə düşməsi bütün Türk dünyasını birləşdirəcək”.

“Bu isə öz növbəsində Azərbaycanın, Türkiyənin, bütün Türk dünyasının güclənməsi deməkdir. Çox qürurverici haldır ki, dünyada gedən proseslərə önəmli təsir imkanları əldə etmişik, regionda isə əsas siyasəti müəyyən edən gücə çevrilmişik. Şuşa Bəyannaməsində Azərbaycan ilə Türkiyə arasında qarşılıqlı öhdəliklər rəsmiləşdirilib. Bu iki qardaş ölkə birlikdə hərəkət edir. Eyni zamanda, Zəngəzur dəhlizinin işə düşməsi Rusiyanın da marağına cavab verir. Bununla da onlar Ermənistanla yanaşı, Türkiyəyə də çıxış imkanı əldə edirlər”, - deyə ekspert söyləyib.

Arslanbaş qeyd edib ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir: “Bu dəhliz Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Bu, Türkiyə ilə əlaqələri də gücləndirəcək, Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyətini artıracaq. Yəni, söylədiyim kimi, çox ciddi hadisədir və hər iki dövlətin - həm Azərbaycanın, həm də Türkiyənin qarşısında yeni imkanlar açacaq”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz