Mövcud qanunvericiliyə uyğun olaraq, Azərbaycanın ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan bir sıra kateqoriyalara aid tələbələr təsdiqedici sənədlər təqdim etdikləri halda onların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Həmin kateqoriyalara daxil olanlardan biri də şəhid ailəsi statusunu almış ailənin üzvlərindən olan tələbələrdir. Qanuna əsasən, şəhidin ailə üzvü subaydırsa və tələbədirsə, bu halda təhsilhaqqı ödənişdən azaddır. Lakin Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov şəhid bacısından yeni dərs ilinin təhsil haqqını tələb edir.
Yenicag.az-a daxil olan şikayətdə bildirilib ki, şəhid ailələrinin üzvləri üçün güzəştin tətbiq edilməsinə rəğmən Pedaqoji Universitetin rəhbərliyi bu qanunu görməzdən gəlib. Nəticədə qardaşı şəhid olan IV kurs qız tələbəsindən illik təhsil haqqı ödənişi tələb edilir.
Universitet rəhbərliyi tərəfindən sıxışdırılacağından narahat olaraq adının qeyd olunmasını istəməyən tələbə qız bildirib ki, ödənişin tələb edilməsi digər tələbələrə də şamil olunub və bu, narazılıq yaradıb:
“Müharibə bitdikdən sonra illik və yarım illik ödənişlər şəhid övladlarına, ailə üzvlərinə geri qaytarılmışdı. Lakin Pedaqoji Universitetin rektoru Cəfər Cəfərov yeni dərs ilinin illiyini tələb edir, bununla kifayətlənməyərək şəhid ailələrinə qaytardıqları yarım illikləri də geri istəyir. Bilmək istəyirik ki, niyə evə təkcə qardaşı çörək gətirən bir bacıdan qaytarılan 600 manat qanunsuz şəkildə geri istənilir?!”.
Tələbənin yaxını saytımıza açıqlamasında qeyd edib ki, tələbənin ailəsi tərəfindən ödənilən təhsil haqqının yarımilliyi sonradan geri tələb olunub. Ailənin sosial vəziyyəti isə heç də ürəkaçan deyil:
“Tələbənin qardaşı ötən il İkinci Qarabağ Savaşında döyüş zamanı şəhid olub. Bundan sonra Pedaqoji Universitet rəhbərliyi tələbənin ödədiyi yarımillik təhsil haqqı olan 600 manatı ailəyə geri qaytarmışdılar. Tələbənin atasının əmək qabiliyyəti yoxdur və ürək xəstəsidir. Oğlu şəhid olandan sonra iş qabiliyyətini tamamilə itirdi. Ailədə işləyən yeganə şəxs şəhidin özü olub. Bir neçə gün öncə universitet rəhbərliyi tərəfindən şəhid bacısına geri qaytarılmış 600 manatın geri qaytarılması istənilib. Halbuki həmin 600 manatı o vaxtı tələbənin anası borc tapıb ödəmişdi. Ümumilikdə 4 il ərzində tələbənin illik təhsil haqqının ödənməsi üçün ailə evin əşyalarını, qızılları satıb və müəyyən məbləğdə borc da alıb. Universitet bu vəziyyəti yaxşı bilir. Hazırda rəhbərlik 600 manatla yanaşı, növbəti ilin təhsil haqqını da tələb edir. Ailə növbəti ilin təhsil haqqını ödəməyə etiraz etmir. Borc olsa da, tapıb ödəcəyini bildirib. Ancaq 600 manatın geri istənilməsi böyük biabırçılıqdır. Tələbə bu məsələ ilə bağlı hüquqşünasla görüşüb. O, bildirib ki, əlavə beş tələbə də rektora şikayət edib və gözlənilən cavabı ala biıməyib. Onu da qeyd edim ki, ailə hazırda kirayədə yaşayır”.
Məsələ ilə bağlı Pedaqoji Universitetlə əlaqə saxlamağa çalışsaq da, zəngimizə cavab verən olmadı. Bütün hallarda qeyd olunan qanunsuzluğun səbəbi ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.