Axtarış...

TƏBİB-in 3 İLDİR “GÖRMƏDİYİ” BAŞ HƏKİM... - Qusar xəstəxanasının baş həkiminin maraqlı tarixçəsi

TƏBİB-in 3 İLDİR “GÖRMƏDİYİ” BAŞ HƏKİM... - Qusar xəstəxanasının baş həkiminin maraqlı tarixçəsi

Artıq məlumat verildiyi kimi, “Qusar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Zeynalov Mübariz Ağakərim oğlu rüşvət alarkən prokurorluq əməkdaşları tərəfindən saxlanılıb. O, həmin tibb müəssisəsinin həkim-stomatoloqunun xidməti istifadəsinə veriləcək stomatoloji qurğunun adının xəstəxana tərəfindən büdcə vəsaiti hesabına alınacaq avadanlıqların siyahısına salınmaqla ona təqdim edilməsi müqabilində sonuncudan 2 000 manat rüşvət alıb.

Ancaq bu, sözügedən baş həkimin ilk “qəhrəmanlığı” deyilmiş. Belə ki, bu ilin yanvar ayında Mübariz Zeynalovun barəsində Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb.

“AzPolitika.info” xəbər verir ki, sözügedən cinayət işində Mübariz Zeynalov inzibati məsələlər üzrə direktor müavini Nəzakət Salmanova və maliyyə şöbəsinin müdiri Eldar Məhsimovla birgə qulluq mövqeyinə qəsdən zidd olaraq xəstəxananın Təxirəsalınmaz Tibbi Yardım bölməsinin bir neçə əməkdaşına “COVİD-19” pandemiyası ilə bağlı mübarizə tədbirlərinə cəlb edilmələrinə görə ödənilməli olan müddətli əlavələri mənimsəməkdə günahlandırılır. Yəni istintaq bildirir ki, həmin bu baş həkim əlaltıları ilə birgə həyatlarını təhlükə altında qoyaraq koronavirusla mübarizə aparan sıravi həkimlərə ödənməli olan əlavə maaşları mənimsəyib.

Ancaq heç bu da baş həkimin “qəhrəmanlıqları”nın tam siyahısı deyilmiş. Hələ 2019-cu ildə həmin bu Mübariz Zeynalovun ətrafında böyük qalmaqal baş verib. Belə ki, o vaxt özünü DTX polkovniki, general kimi təqdim edən bir neçə şəxs ondan külli miqdarda rüşvət alıb.

Bununla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilən 1961-ci il təvəllüdlü Əliyev Rövşən Soltan oğlu, 1968-ci il təvəllüdlü Çobanov Hətəmxan Bədirxan oğlu və 1978-ci il təvəllüdlü Elxan Hümbətovun cinayət işi üzrə məhkəmə keçirilib. Məlum olub ki, həmin şəxslər sözügedən xəstəxananın Samir adlı həkiminin baş həkimdən “yuxarılara” şikayət etdiyini deyiblər. Bildiriblər ki, Samir həkim yüksək vəzifəli şəxsin adamıdır və buna görə də baş həkimin işi çətindir. Bu işi “yoluna qoymaq” üçünsə Mübariz Zeynalovdan, özünün məhkəməyə verdiyi ifadəyə görə, 125 min manat pul alıblar.

Özlərini adı çəkilməyən hansısa olduqca yüksək vəzifəli şəxsin adamları kimi təqdim edən bu şəxslər M.Zeynalova hədə-qorxu gələrək, yenə pul istəməkdə davam ediblər. Ancaq dəstənin üzvlərindən biri yoldaşlarından öz “payını” ala bilmədiyi üçün Mübariz Zeynalova hər şeyi açıb danışıb və onu sözügedən şəxsləri tutdurmağa təhrik edib.

Bundan sonra baş həkim həmin şəxslərdən şikayət edib və onlar həbs ediliblər. Ancaq burada bir maraqlı detal var. Məsələ ondadır ki, son olaraq Mübariz Zeynalovun həbs edilməsinə dair yayımlanan videodan onun rüşvət aldığı şəxsin Samir adlı həkim olduğu məlum olur. Yəni o, Samir adlı həkim-stomatoloqdan rüşvət alarkən həbs edilir. Hansı ki, hələ 2019-cu ildə baş verən hadisədə də baş həkimi hədələyərək, ondan pul alanlar Samir adlı həkimin adını hallandırırdılar. Bir sözlə, kifayət qədər qarışıq işdir və yəqin ki, hüquq-mühafizə orqanları öz vəzifələrinin öhdəsindən gələrək, hər şeyi üzə çıxaracaqlar...

Bütün bunlarla yanaşı, xüsusi qeyd etmək istədiyimiz odur ki, sanki TƏBİB öz tabeliyində olan Qusar xəstəxanasının və onun baş həkiminin ətrafında artıq 3 ildir baş verənləri görmürmüş. Təbii ki, ondan 125 min manat rüşvət alanlar baş həkim barədə korrupsiya, rüşvət də daxil olmaqla ciddi kompramatlara malik olublar.

Baş həkiminsə onlara verəcək külli miqdarda pulu olub və bu pulun haradan, necə qazanıldığını hamı kimi TƏBİB də bilməmiş deyildi. Ancaq bütün bunlara baxmayaraq, M.Zeynalova nə o vaxt, nə də ötən az qala üç il müddətində “gözün üstə qaşın var” deyən olmayıb. Hətta baxmayaraq ki, cari ilin yanvarında bu şəxs həkimlərin koronavirusla mübarizəyə görə almalı olduğu pulları mənimsəməkdə rəsmən ittiham olunub. Görəsən, bu şəxs daha nə etməli idi ki, TƏBİB bu xəstəxana və həmin baş həkimlə bağlı vaxtında tədbir görəydi?

Onu da qeyd edək ki, hazırda TƏBİB-in tabeliyindəki xəstəxanalarda Mübariz Zeynalovdan da “yırtıcı” və “fərasətli” baş həkimlər var, ancaq TƏBİB onların heç birini görmür...

“AzPolitika.info”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz