Erməni faşizminə qalib gəlmiş xalqın ziyalısı Hitleri təbliğ etməməlidir!
Azərbaycan Respublikası Konstitusiyasının 54-cü maddəsində insan hüquq və azadlıqlarının qorunması öz əksini tapıb. Ümumiyyətlə, 1995-ci il noyabrın 12-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunan Konstitusiyamızda əksini tapan maddələrin üçdə biri insan hüquqlarının qorunmasına və müdafiəsinə xidmət edir. Ulu öndər Heydər Əliyevin idarəçiliyi zamanından başlayaraq ölkəmizdə insan hüquqlarının müdafiəsi, qanunların aliliyinin qorunması məsələsi dövlətçilik fəaliyyətinin prioritet sahələrindən birinə çevrilib.
Azərbaycanda insan hüquq və azadlıqlarına hörmətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Belə ki, məhz Ümummilli Liderin səyi ilə 1993-cü ildən ölüm hökmü cəzası üzərində moratorium qoyulub, 1998-ci ildə isə bu cəza tamamilə ləğv olunub. Ölüm hökmünün ləğvi, şübhəsiz, insan hüquq və azadlıqlarına, insanın yaşamaq hüququna necə yüksək dəyər verildiyinin əyani təzahürüdür.
İnsan hüquq və azadlıqlarının qorunmasını ali vəzifə kimi qarşıya qoyan Ulu Öndər tərəfindən atılan humanist addımlar Prezident İlham Əliyev tərəfindən bu gün də davam etdirilir. Prezident İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamları, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunan amnistiya aktları bu günə qədər neçə-neçə ailəyə sevinc bəxş edib.
Yəqin razılaşarsınız ki, insanda humanist dəyərlərin əsası hələ uşaqlıqdan, məktəb yaşlarından qoyulmalı və inkişaf etdirilməlidir. Bu nöqteyi-nəzərdən, pedaqoji prosesin canlı laboratoriyasına çevrilən məktəb həyatında hər bir şagirdə humanist keyfiyyətlər baxımından yanaşmaq indi hər bir müəllim fəaliyyəti üçün önəmli iş sayılmalıdır. Böyüyən nəslin halallıq, sədaqətlilik, cəfakeşlik keyfiyyətlərini təkmilləşdirməyin elmi-metodik bazasını möhkəmləndirməyin başlıca məğzi humanist addımların atılması ilə nəticələnir. Təlim-tərbiyə prosesi birmənalı olaraq humanist dəyərlər əsasında qurulmalıdır. Bu işdə təhsilin məzmunu (tədris planları, tədris proqramları, dərsliklər və s.) müəllim-şagird münasibətləri, valideyn-müəllim əlaqəliliyi, ictimai qurumlarla iş, təmas qurmaq prosesində daha geniş və effektiv nəticələr üçün şans yaradır. Ona görə də pedaqoji fəaliyyətin bütün sahələrində-ali, orta ümumtəhsil, orta ixtisas, ilk peşə-ixtisas, məktəbəqədər təhsil sahələrində gənc nəslin humanist paradiqmalar zəminində püxtələşdirilməsi imkanları təkcə rəsmi sənədlərlə, göstərişlərlə yox, həmçinin, elmi-tədqiqat yönümlü fakt və hadisələrlə birmənalı olaraq müqayisə etməyə də imkan yaradılmalı, bu sahədə məktəb humanizminə xidmət edən pedaqoji proses təcrübəsi yeni, mükəmməl metod və vasitələrlə zənginləşdirilməlidir.
Amma əfsuslar olsun ki, hazırki Azərbaycan reallığında məktəblərin idarə edilməsində sərtliyi, qəddarlığı, insafsızlığı prioritet hesab edən məktəb direktorları da vardır. Onlardan biri də Göygöl kənd orta məktəbin direktoru Lilpar Verdiyeva hətta iclasda onun yürütdüyü sərt siyasətə etiraz edən müəllimə deyir ki, «Heydər Əliyev kimi, Hitler kimi qəddar lider olmayıb. liderlər məhz sərtlikləri, qəddarlıqları ilə xalqı ayağa qaldırmağa, öz ətraflarında birləşdirməyə nail olublar.»
Qəribədir, bir il əvvəl erməni faşizminə qalib gəlmiş bir xalqın ziyalısı belə düşünürsə və düşündüyünü əminliklə ucadan söyləyirsə, həmin şəxsi ziyalı deyil, ziyanlı adlandırmaq daha düzgün olmazmı?
Mövzuya qayıdacağıq.
Nyus.Az