Artan enerji və ərzaq qiymətlərinin birləşməsi narahatlıq doğurur və uzun müddətdə problemlərə səbəb ola bilər.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş iqtisadçısı Abdolreza Abbassian, dünya bazarlarında vəziyyəti şərh edərkən deyib.
Onun sözlərinə görə, FAO-nun son Qida Qiyməti İndeksində əks olunan ərzaq mallarının qiymət artımı hələ enerji qiymətlərinin artması ilə çox da əlaqəli deyil:
“Ancaq neft, qaz və elektrik enerjisinin bahalaşması ərzaq məhsullarının qiymətlərinin daha da artmasına səbəb ola bilər. Yüksək enerji qiymətləri qida istehsalının dəyərini artırır. Gübrə istehsalı üçün təbii qaz lazımdır və qazın da qiyməti tarixi ən yüksək səviyyələrdədir. Fermerlər seçim etməlidirlər və buna görə sual yaranır: bu il nə qədər əkə biləcəklər? Buna görə, təklifin tələbi ödəyib-ödəməyəcəyi, yanacağın qiymətinin artmasının məhsulun azalmasına səbəb olub-olmayacağı sual altındadır . Əsas narahatlıqlar gələn ilə aiddir. məhsul aşağı və tələbat yüksək olarsa, gələn il ciddi problemlər yarana bilər".
Son günlər enerji qiymətlərində baş verən artım qarşıdakı dövrdə ərzaq məhsullarının qiymətlərinin artmasına səbəb olacaqmı?
İqtisadçı-ekspert Pərviz Heydərov Cebhe.info-ya bununla bağlı bildirib ki, bu, təbii bir haldır:
“Bütün istehsal məhsullarının maya dəyərində əsas aparıcı elementləri enerji daşıyıcıları təşkil edir. Onların qiymətlərində hər hansı dəyişikliklər avtomatik olaraq maya dəyərinin həcminin dəyişməsinə gətirib çıxarır ki, bu da məhsulun qiymətində özünü büruzə verir. Son dövrdə Avropada qazın qiymətinin hədsiz dərəcədə qalxması ümumiyyətlə, sənaye sahəsində bir çox aparıcı istehsal sahələrinin fəaliyyətinin dayanmasına səbəb olub.
Bu, Böyük Britaniya, Fransa, Almaniya və digər Avropa ölkələrində özünü büruzə verib və göstərməkdə də davam edir. Çünki qazın qiymətinin artması prosesi hələ dayanmayıb, 1600 dolları keçib və qarşıdan qış gəlir ki, anbarlarda da yetərincə də qaz ehtiyatları yoxdur. Cəmi 70 faiz ətrafındadır. Bu da onu göstərir ki, Avropada qazın qiymətinin hətta 2000 dollara qədər qalxma ehtimalı var. Bu, ondan xəbər verir ki, bir çox istehsal sahələrində, bu və ya digər şirkətlər, holdinqlər və s. fəaliyyəti dayandırmalı olacaqlar”.
Kənd təsərrüfatı məhsullarına gəldikdə isə ekspert deyib ki, onsuz da ötənilki pandemiya şəraiti bu il üçün ən zəruri aqrar məhsulların istehsalını kəskin şəkildə zəiflətmişdi:
“İl başlayanda bir çox iri taxıl istehsalçısı və tədarükçüsü olan ölkələr elan etdilər ki, onsuz da 2020-ci ilin nəticəsinə görə, əldə çox az miqdarda ərzaq buğdası əldə olunub, 2021-ci il üçün məhsuldarlıq ümumiyyətlə aşağı olacaq. Nəticədə isə ərzaq buğdasının qiyməti qalxdı. Yəni ərzaq buğdası ən zəruri qida məhsulu, dünyada ən çox tələb olunan kənd təsərrüfatı məhsuludur. Təsəvvür edin ki, bu sahədə vəziyyət belə olduğu halda, digər kənd təsərrüfatı məhsulları üzrə necə ola bilər. Ona görə də enerji daşıyıcılarının, neftin, qazın qiymətinin bahalaşmaqda davam etməsi, ümumilikdə dünyada kənd təsərrüfatı, ərzaq məhsullarının qiymətinin artması ilə nəticələnəcək. Ən pis halda ərzaq böhranının yaranmasına gətirib çıxaracaq”.