Teref.az-a daxil olan məlumata görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin nəzdində olan Bakı humanitar kollecində növbəti qanunsuzluq baş verib. Zaman-zaman ölkə gündəmində "şamtutan", covidli xəstələri məcburi işə çıxarmaqla gündəmə gələn kollec direktoru Nərmin Qaralova bu dəfə tədris ocağının 67 işçisini eyni zamanda işdən çıxarıb.
İşdən azad olunan pedoqoqlar işdən qeyri-qanuni çıxarıldıqlarını iddia edirlər. Redaksiyamıza məlumatı verən mənbə eyni zamanda kollecin direktor müavini Kamran Mənsimovun da gizli səs yazısını təqdim edib. Səs yazısında direktor müavini bildirir ki, "əlimizdə nazirliyin arayışı var. Siz işə qanunsuz qəbul olunmusunuz" Məsələ ilə bağlı kollecin müəllimləri Təhsil Nazirliyinin əməkdaşı Nicat Məmmədli ilə görüşüblər. Nazirlik rəsmisi adı çəkilən kollecə işçilərin işdən azad olunmaları üçün Nazirlik tərəfindən heç bir arayış verilmədiyini bildirib.
İşdən qanunsuz azad edilən pedoqoqlar eyni zamanda iddia edirlər ki, onlara qarşi olunan bu təzyiq kollec rəhbərliyindən ölkə başçısına şikayət məktubu ünvanlamaları ilə əlaqədardır. Qeyd edək ki, Bakı Humanitar kollecinin müəllim heyəti kollec direktoru Nərmin Qaralovanın qanunsuz hərəkətlərindən 2021-ci aprel ayında ölkə başçısına şikayət məktubu ünvanlayıblar. (Azerses TV)
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.