Bakı sakini “DünyaGöz” klinikasında əməliyyatdan sonra gözündə problemlər yarandığını bildirib.
Bununla bağlı Gülçöhrə Bəşirova adlı paytaxt sakini KONKRET.az-ın redaksiyasına şikayət məktubu ünvanlayıb.
Onun sözlərinə görə, 2020-ci il dekabr ayının 12-də sol gözündə uşaqlıqdan yaranmış problemdən dolayı Bakıda fəaliyyət göstərən “DünyaGöz” klinikasında əməliyyat olunub:
“Qeyd edim ki, yalnız sol gözümdəki çəpliyi aradan qaldırmaq üçün müraciət etmişəm və o vaxta qədər görmə zəifliyim olmayıb. Lakin “DünyaGöz” klinikasına Türkiyədən gələn cərrah Halit Özhisar bir əməliyyatla bu çəpliyi aradan qaldıracağını əminliklə vəd edərək, hər iki gözü cərrahiyə prosesindən keçirib. Əməliyyatdan sonra günlərlə, həftələrlə, aylarla çəpliyin aradan qalxmasını gözləsəm də, müsbət nəticə olmadı. Əksinə, gözlərimin görmə qabiliyyəti də zamanla zəifləməyə başladı”.
“2021-ci ilin yanvar ayının sonunda müayinədən keçmək üçün klinikaya getdiyimdə həmin həkimin Türkiyədə olduğunu, mart ayında bir professorun gələcəyini dedilər və onun qəbuluna yazdılar. Mart ayının 10-da professorun müayinəsində oldum və professor daha üç ay da gözləməli olduğumu bildirdi. Üzərindən 6 ay keçməsinə rəğmən, gözümdəki çəplik hələ də düzəlməyib, görmə qabiliyyətim də zəifləməkdədir. Klinika isə müxtəlif bəhanələrlə məsuliyyətdən boyun qaçırır və hər dəfə hansısa professorun müayinəsinə yönəltməklə prosesi uzadır. “DünyaGöz” klinikasında müayinələrə ümumilikdə 250 AZN, anesteziyaya 250 AZN, əməliyyata 3980 AZN pul ödənilib. Toplamda 4480 AZN bu prosesə pul xərclənməsi ilə yanaşı yazılan dərman və eynəklərə də müxtəlif vəsaitlər xərclənib. Nəticədə isə gözümdəki çəplik aradan qalxmayıb, üstəlik, görmə qabiliyyətim zəifləyib, klinika da mənə dəymiş ziyanı aylardır ki, müxtəlif bəhanələrlə ödəmədiyi üçün problemimi başqa klinika və həkimlər vasitəsi ilə də həll edə bilmirəm. “DünyaGöz” klinikasında gözümü əməliyyat edən həkim artıq Azərbaycana gəlmir”-deyə, şikayətçi vurğulayıb.
G. Bəşirova əlavə edib ki, xəstəxanaya getdiyində orda onun kimi əməliyyatdan narazı olan başqalarının da şikayətlərinin şahidi olub:
“Klinika isə təklif edir ki, başqa bir həkim yönləndirib yenidən əməliyyat etsinlər. Mən hansı inamla bu klinikanın növbəti həkiminə arxayın olub ikinci dəfə əməliyyat olunum? Buradan görünür ki, “DünyaGöz” klinikası pasiyentlərini əşya yerinə qoyur. Azərbaycanda və Türkiyədə fəaliyyət göstərən media qurumlarından problemimin işıqlandırılmasını, haqqımın bərpa olunmasında mənə kömək etmələrini, bu klinikanın bu cür dələduzluqlarına başqalarının da aldanmaması üçün insanların xəbərdar edilməsini istəyirəm”. Məsələni aydınlaşdırmaq üçün sözügedən klinaka ilə əlaqə saxlamağa çalışdıq. Klinikadan isə bildirdilər ki, yalnız sabah günün birinci yarısı şikayətçi xəstəxana nömrəsi ilə əlaqə saxlayanadan sonra onu rəhbərliyə yönləndirə bilərlər.