Axtarış...

Sumqayıt Tibb Kollecində BAZAR AB-HAVASI... - İTTİHAM

Sumqayıt Tibb Kollecində BAZAR AB-HAVASI... - İTTİHAM

Məlumat üçün qeyd edək ki, Əziz Əliyev adına Sumqayıt Tibb Məktəbi respublikanın orta tibb işçilərinə olan ehtiyacını ödəmək məqsədi ilə Ulu öndərimiz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1969-cu ildə yaradılmışdır.
İlk dövrlər məktəb 2 fakültə, 90 tələbə, 10 müəllimlə fəaliyyət göstərmişdir.
Səhiyyə Nazirliyinin 2010-cu il tarixli əmri ilə Sumqayıt Tibb Məktəbi Sumqayıt Tibb Kolleci adlandırılıb.
Hal-hazırda Sumqayıt Tibb Kollecində 4 ixtisas üzrə (tibb bacısı, feldşer, mama, əczaçı) kadr hazırlığı həyata keçirilir.
Son illər tələbə kontingentinin artması nəticəsində Səhiyyə Nazirliyinin və məktəbin daxili imkanları hesabına maddi-texniki bazanı möhkəmləndirmək məqsədilə korpusların sayı artırılmış, əyani vəsaitlərlə təchiz olunmuş müasir tələblərə cavab verən 4 laboratoriya, 40-dan artıq auditoriya, kitabxana, kompyuter şəbəkəsi, kompyuter otağı, müasir tələblərə cavab verən yeməkxana, avtonom istilik sistemi yaradılmışdır.
Sabiq səhiyyə naziri cənab Oqtay Şirəliyevin təşəbbüsü ilə kollecdə təkmilləşmə kursları təşkil olunmuşdur. Təkmilləşmə kurslarının keçirilməsi üçün kollecdə yeni korpus tikilmiş, müasir tələblərə cavab verən səviyyədə dinləyicilərin ixtiyarına verilmişdir.
Hə, indi gələk mətləb üztünə.
Deməli, yuxarıda qeyd etdiyimiz kimi dövlət külli miqdarda vəsait qoyub təkmilləşmə kursları üçün yeni bina-korpus tikib, müasir tələblərə cavab verən auditoriyalar yaradıb. Ancaq bunun xeyrini kollecin direktoru Rəfael Eyvazov görür. Çünki təkmilləşmənin quruca adı var. Hər şey kağız üzərindədir. Təkmilləşməyə gələn tibb işçiləri “aylıq”larını direktora verir və heç kursun üzünü də görmürlər. Təsəvvür edirsiniz, Sumqayıt boyda şəhərin tibb işçiləri bütün il boyu kollecdə kurs keçirlər, guya ki, Allah qoymasa, təkmilləşirlər. Əslində kursa gəlməmək üçün hər ay direktora 200 manat ödəyirlər.
Bəli, Rəfael Eyvazov üçün hər şey kağız üzərindədir.
Məsələn nizamnamə kapitalı 5 manat olan şirkətlər Kollecin elan etdiyi tenderlərdə on minlərlə dövlət vəsaitini “udurlar”.
Guya Rəfael Eyvazov tender komissiyası yaradır və qalibi elan edir. Ancaq pulların çoxu direktorun cibinə gedir.
Həm də ən biabırçı hal odur ki, sanki Rəfael Eyvazov rəqəmləri kağız üzərində üfürüb şişirdir. Məqsəd dövlət vəsaitini talamaqdır.
Bu adam başa düşmür ki, Prezidentimiz belə hallarla bağlı sonuncu xəbərdarlığını edib:
“Əminəm ki, biz eyni həcmdə olan işi az vəsaitlə icra edə bilərik. Buna nail olmaq üçün, ilk növbədə, şəffaflıq, dövlət nəzarəti və ictimai nəzarət olmalıdır. Bütün dövlət qurumlarına deyirəm, yoxsa onlar pis öyrəşiblər. Hər ilin sonunda büdcə müzakirə olunarkən, sifarişlər göndərirlər. Özü də orada şişirdilmiş rəqəmlər öz əksini tapır, havadan götürülmüş rəqəmlər. Onlardan soruşanda ki, misal üçün bənd tikmək, yol çəkmək, kabel çəkmək bu qədər vəsait barədə rəqəmi haradan götürürsən ? Havadan. Sonra araşdırma aparılır, görünür ki, şişirdiblər. Nəyə görə şişirdiblər? Aydın məsələdir nəyə görə. Buna da son qoyulmalıdır”.
Bəli, cənab Prezidentin xəbərdarlığına baxmayaraq direktor Rəfael Eyvazov öz əməllərini davam etdirir.
Hamı təəccüblənir ki, görəsən, cənab direktor kimə arxayındır ki, belə özbaşınalıq edir.
Deyilənlərə görə, cənab direktor arxasını xeyli vaxtdır, millət vəkillərindən birinə söykəyib. Və bu arxayınçılıq ona əlini-qolunu açmağa imkan verir.
Yeri gəlmişkən, Rəfael Eyvazov Lənkəran Dövlət Universitetində prorektor olanda da arxasını Əlikram Hümbətova söykəmişdi.
Nə isə, mövzudan yayınmayaq.
Bəli, direktor Rəfael Eyvazov üçün ən sevimli şirkət “VİP KONTAKT” MMC-dir. Tenderlərin çoxunu deməık olar ki, bu şirkət udur. Kollecdə abadlıq işlərinə 100 min manat dövlət vəsaiti xərclənib.
Bu adam başa düşmür ki, tenderdə iştirak edən şirkətlər mütləq müəyyən tələblərə cavab verməlidir. Amma kimə deyirsən..
Direktor Rəfael Eyvazov “qayıb”dan da əla qazanır.
Bəli, kollecdə oxuyan tələbələr əsasən Sumqayıt və Bakı sakinləridir.
Bakıdan olan tələbələrin əksəriyyəti dərslərə heç gəlmirlər. Yəni Bakıdan hər gün Sumqayıta getmək əvəzinə, direktor Rəfael Eyvazova “aylıq” verməyi üstün tuturlar ki, dərslərə gəlməsinlər. Bu da Rəfael Eyvazovun “qayıb” biznesi.
Rəfael Eyvazov kollecə öz özəl şirkəti kimi baxır. O ürəyi istədiyi vaxt işə gəlir, gedir. Həmçinin özünə yaxın olan müəllimlərə də bu şəraiti yaradır. Direktorun qanunsuz əməllərinə etiraz edən müəllimlər isə “incidilir”. Əldə edilən məlumatlara görə, dərslər müəllimlərə hər dərs ilinin başlanğıcında başqa şərtlərlə verilir. Kimlər pul vermirsə, işdən çıxarılmaqla hədələnir, yaxud da dərs yükləri azaldılır. Kimlər ki, direktoru “görür”, dərs yükləri artıq yazılır və eyni zamanda həmin şəxslərə mükafatlar verilir.
Rəfael Eyvazov barəsində mediada yazılanlara belə münasibət bildirir: “Bizdə neçə illərdir rüşvət deyilən şey yoxdur. Prezidentin qərarından sonra mən hər şeyə ciddi nəzarət edirəm. Bir də ki, məvacibim mənə bəs edir. Rüşvət almağa ehtiyacım yoxdur. Mən həkim adamam, rüşvət almaq mənə yaraşmaz”.
Burda deyiblər ee…yalançının.. //gundelik-baku.com//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz