Axtarış...

Səhiyyə sistemində qarışıqlıqdır - Deputatdan İTTİHAM

Səhiyyə sistemində qarışıqlıqdır - Deputatdan İTTİHAM
Mütəmadi olaraq mətbuatda saəhiyyə sisteminə nəzarət edən qurumlar arasında səlahiyyət davasının getdiyinin şahidi oluruq. Bir səlahiyyətin TƏBİB-dən alınıb Səhiyyə Nazirliyinə, yaxud da əksinə verilməsi ilə bağlı məlumatlarla qarşılaşırıq. Tez-tez edilən belə dəyişikliklər vətəndaşların çaş-baş qalmasına səbəb olur. Bir məsələdən TƏBİB-in, İcbari Tibbi Sığorta Agentliyinin, yoxsa Səhiyyə Nazirliyinin məsul olduğunu ayırd etmək demək olar ki müşkülə çevrilir. Hafta.az-ın əməkdaşı ölkənin səhiyyə sistemində yaranmış bu xaos vəziyyətini Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev ilə müzakirə edib. Müsahibəni sizə təqdim edirik:

-Musa müəllim, sizcə səhiyyə sahəsində müşahidə etdiyimiz hazırkı qarışıqlığın əsas səbəbləri nələrdir?

-Nəzərinizə çatdırım ki, İcbari Tibbi Sığortaya keçidlə əlaqədar olaraq İTS və TƏBİB kimi bəzi yeni qurumlar yaradıldı. Beləcə Səhiyyə Nazirliyinin funksiyalarının böyük bir hissəsi həmin qurumlara verildi. Prinsipcə, bu olduqca normaldır. TƏBİB keçid dövrü üçün nəzərdə tutulan orqandır. Təəssüflər olsun, İcbari Tibbi Sığortaya keçid dövrü koronavirusun başlanması ilə üst-üstə düşdü. Bu səbəbdən müəyyən qədər qarışıqlıq baş verdi. Hazırda səlahiyyətlərin tam bölgüsü əhalinin böyük bir kütləsinə məlum deyil. Elə sizin də dediyiniz kimi, indi səhiyyə sistemində qarışıqlıq var. Hesab edirəm ki, bu pandemiya ilə əlaqədar məsələdir.

-Sizcə bütün tibbi xidmətləri vahid mərkəzdə cəmləşdirmək daha yaxşı olmazdı? Həm də beləcə yaranmış anlaşılmazlıqlara son qoyulardı.

-Fikrimcə bütövlükdə “yük”ü Operativ Qərargah öz üzərinə götürməlidir. Səlahiyyət bölgüsünü də Operativ Qərargah müəyyənləşdirib, vaxtaşırı əhalini bu barədə məlumatlandırmalıdır.

-Bəs onda TƏBİB, İcbari Tibbi Sığorta Agentliyi və Səhiyyə Nazirliyinin vəzifələri nələr olur?

-Pandemiya və ya hər hansı epidemiya şəraiti fövqaladə vəziyyət sayılır. Fövqaladə vəziyyət rejimində işləyəndə adi həyat tərzindən fərqli situasiya yaranır. Fikrimcə belə bir qarışıqlığın olması əhalini haqlı olaraq narahat edir. Bu gərginliyin aradan qaldırılması üçün, həm TƏBİB, həm İcbari Tibbi Sığorta Agentliyi, həm də Səhiyyə Nazirliyi gecə-gündüz çalışmalıdırlar. "Bu mənim səlahiyyətimdə deyil", "Bu məndən alınıb" kimi arqumentlərin heç bir faydası yoxdur.

-Musa müəllim, pandemiya səbəbindən həm Təcili Tibbi Yardımın, həm də xəstəxanaların işinin çətinləşdiyi hamıya məlumdur. Sıxlıq və uzun növbələr əhalini bir qədər də gərginləşdirir. Sizcə bunun qarşısını almaq mümkün olmaz?

-Bu yaxınlarda sürətli vaksinasiya ilə bağlı güclü tədbirlər həyata keçirildi. İnsanlarda maarifləndirmə işləri aparıldı və s. Bu zaman da əhali vaksinasiya üçün kütləvi şəkildə poliklinikalara axışdılar. Nəticədə uzun növbələr yarandı. Bunu isə Operativ Qərargah öncədən nəzərə almalı idi. Planlaşdırılma aparılmalı idi ki, qısa müddətdə sürətli vaksinasiyanı həyata keçirmək mümkün olsun. Əgər insanlar peyvənd üşün müraciət edirlərsə, onlar xəstəxanada gözləməli deyillər. Qoy vətəndaşa 1 yox 5, hətta 20 kabinet xidmət göstərsin. Bunun üçün kifayət qədər mütəxəssislərimiz də var. Lazımdırsa özəl sektorla müqavilə bağlansın və özəl klinikalar da bu işə cəlb edilsinlər. Hətta səyyar klinikalar belə yaratmaq olar. Bizim belə təcrübələrimiz də var. Burada kimlərinsə bəhanə gətirməyinə heç bir əsas yoxdur.

-Bu işə özəl sektoru cəlb etmək bizə nələr vəd edir?

-İndi onsuz da insanlar arasında həm pandemiya xofu, həm dərman çatışmazlığı, həm də evdə müalicə zamanı alınan baha dərmanlardan irəli gələn gərginliklər var. Belə halların qarşısını almaq üçün lazımi addımlar vaxtında atılmalıdır. Mən əvvəldən də demişəm ki, bu işə özəl sektoru cəlb etməli idik. İcbari Tibbi Sığorta Agentliyi belə klinikalara müəyyən qədər pul ödəsə, gerisini də vətəndaş özü düzəldə bilər. Bu daha yaxşıdır, nəyinki günlərlə poliklinikalarda, xəstəxanalarda növbə gözləmək, koridorlarda yatmaq...

-Görürük ki, Təcili Tibbi Yardım xidmətinin də işi xeyli ləngiyir. Son olaraq bütün bu problemlərin həlli haqqında hansı təklifləri verə bilərsiniz?

-Fikrimcə xaoslu situasiyada Operativ Qərargah bütün məsuliyyəti öz üzərinə götürməlidir. TƏBİB, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyinin kordinasiya mərkəzi Operativ Qərargah olmalıdır. Təcili Tibbi Yardım xidmətini də qınaya bilmirəm. Elə özüm gündə bəlkə 20 dəfə onlara zəng edirəm. Mənə bir həkim və komitə sədri olaraq vətəndaşlar bununla bağlı narazılıqlarını söyləyirlər. Görürəm ki, TTY çətin vəziyyətdə qalır. Xidmətin həm maşın sayı, həm də komandası normal vəziyyət üçün nəzərdə tutulub. Təcili Yardım maşını adi maşın da deyil ki, əvəzinə başqa maşın yönləndirilsin. Gərək ki içində xüsusi yardım avadanlıqları və mütəxəssislər olsun. Bundan başqa, vətəndaşlar arasında da maarifləndirmə düzgün aparılmalıdır. Elə hər burnu axan, bir balaca qızdırması qalxıb öskürən təcili yardıma zəng vurur. Çeşidləmə mərhələsində ailə həkimləri önə çıxmalı idi. Bu halda həm təcili yardımın yükü azalardı, həm də effektivliyi çox olardı.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz