“Yanvar ayına qədər dərslər onlayn şəkildə keçirilməlidir”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri, həkim Musa Quliyev deyib.
Son vaxtlar ölkəmizdə koronavirusa yoluxma hallarının artdığını xatırladan Komitə sədri indiki durumda ənənəvi tədrisin bərpa olunmamasını təklif edib.
“Mən epidemioloji vəziyyəti nəzərə alaraq məktəblərdə ənənəvi qaydada tədrisin bərpa olunmasının tərafdarı deyiləm. Operativ Qərargah hansı qərarı verərsə, təbii ki, hamımız bununla razılaşacağıq. Onların informasiyası daha doğrudur. Amma Azərbaycanda “Delta” ştammının sürətli yayılması davam edir və yoluxma pik həddədir. Belə vəziyyətin nə qədər davam edəcəyini bilmirik.
Eyni zamanda, “Delta” virusu uşaqlar arasında daha çox yayılır. Bildiyimiz kimi, Azərbaycanda uşaqların vaksinasiyası aparılmır. Digər tərəfdən məktəblərdə, universitetlərdə insanlar arasında sosial məsafəni gözləmək, maska rejimindən istifadə olduqca çətindir. Bunları nəzərə alaraq düşünürəm ki, dərslərin yanvar ayına qədər onlayn keçirilməsinə üstünlük verməliyik. Bu, mənim subyektiv fikrimdir”, - deyə Musa Quliyev ənənəvi tədrisin 15 sentyabrda bərpa olunması barədə fikirlərə münasibət bildirərkən söyləyib.