Axtarış...

Qazaxda icra şöbəsinin rəisindən ÖZBAŞINALIQ... - GİLEY

Qazaxda icra şöbəsinin rəisindən ÖZBAŞINALIQ... - GİLEY

Bu yazı, saytımızın əməkdaşları tərəfindən, Qazax rayonu Çaylı kəndində yaşayan Namazova Nuranə Musa qızınin ölkə Başçısına ünvanlandığı şikayət xarakterli müraciəti əsasında hazırlanıb.

Azərbaycan Respublikasının birinci Vitse Prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Arif qızı Əliyevaya
Surəti:Azərbaycan Respublikasının Ədliyyə
Nazir Fikrət Məmmədov cənablarına
Surəti:Ədliyyə Nazirliyi Təşkilat Nəzarət Baş İdarəsinin
rəisi cənab Elçin Qasımova
Surəti: Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisinə
Surəti: Qazax rayon İcra və Probasiya şöbəsinə
Qazax rayonu Çaylı kəndində yaşayan
Namazova Nuranə Musa qızı tərəfindən
Şikayət Ərizəsi

Ərizəmlə yazıb bildirirəm ki, Qazax rayon Məhkəməsinin 2(023)-141/2021 saylı 25.01.2021 –ci il tarixdə çıxarmış olduğu qətnamədə Namazova Nuranə Musa qızı ilə Namazov Elşan Rafail oğlu arasında Qazax rayon Qeydiyyat şöbəsində 19 oktyabr 2011-ci ildə 502 nömrə ilə qeyd edilmiş nigah qeydi pozulmuş. Birgə nigahımızdan olan 30 sentyabr 2011-ci ildə anadan olmuş Zəhra adlı, 11 mart 2016-cı ildə anadan olmuş Nihat adlı və 22 iyun 2018-ci ildə anadan olmuş Sərxan adlı uşaqların mənim himayəmdə qalması qət edilmişdir. Sonradan Namazov Elşan Rafail oğlu Qazax rayon məhkəməsinə müraciət edərək “uşaqla ünsiyyət hüququnun həyata keçirilməsini” tələb etmişdir. Məhkəmənin çıxarmış olduğu qətnaməyə əsasən hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 18:00-dək uşaqlarımın atası ilə ünsiyyət hüquqlarının həyata keçirilməsini bildirmişdir. Bir neçə ay atanın uşaqlarla mütəmadi olaraq görüşünü təmin etdim. Amma ki, Qazax rayon İcra və Probasiya şöbəsinin İcra məmurlarının bu işdən xəbərsiz olduqlarını, heç bir akt tərtib etmədikərini və öz mənafelərini düşündüklərinin şahidi oldum.

Belə ki, 26.06.2021-ci il tarixdə Namazov Elşan yaşadığım Çaylı kəndinə gələrək uşaqları aparacağını bildirdi. Mən də, heç bir etiraz etmədən məhkəmənin çıxardığı qətnaməyə əsasən uşaqları İcra Məmurunun iştirakı olmadan, heç bir akt tərtib etmədən verdim. Vaxt bitdikdə Elşana zəng çalaraq uşaqları gətirməsini tələb etsəm də, uşaqları qaytarmayacağını və lazımı yerlərə görüm-baxım etdiyini bildirdi.

Mən də, belə olan halda Qazax rayon İcra və Probasiya şöbəsinin rəisi Ramiz Şəmmədova zəng vuraraq Elşanın uşaqlarımı qaytarmayacağını bildirdikdə cavab olaraq bildirdi ki, zəng vuracam Elşana get oradan götür. Mən də, onun dediyi kimi etdim, getdim Elşanın yaşadığı evin qarşısına ki, uşaqlarımı götürüm. Orada anamla məni, Elşan və anası Validə döyərək bizlərə xəsarət yetirdilər. Bu olanlarla bağlı Qazax rayon polis şöbəsində material var.

Bir sözlə Ramiz Şəmmədov Qazax rayonunda məhkəmənin verdiyi qətnamələri deyil, məhz öz qoymuş olduğu qayadalar üzrə hərəkət edir, deyir “Qazaxda mənəm, Bağdadda kor xəlifə”. Hətta ona şəhid ailəsi olduğumuzu, şəhidin ruhuna hörmətlə yaşamağı təklif etsəm də, Ramiz müəllim “neynəyim qanun qanundur,ver məhkəməyə yenə yeni bir qərar çıxarmağımızı istədi”. Mən ona bildirdim ki, bu işlə bağlı məhkəmə qətanaməsi var, həmin qətnaməni icra et dedim.Bu qanunsuzluqlara nə zaman son qoyulacaq, bir vətəndaş olaraq bilmirəm ki, uşaqlarımın artan tələbatını ödəyim, onların qayğısına qalım, yoxsa Qazax rayon İcra məmurlarının qanunsuzluqları ilə mübarizə aparım. Mənim gücüm dükənir, ana olaraq uşaqlarımdan İcra Məmurlarının qanunsuzluqlarına görə ayrı qalmışam. Ramiz Şəmmədovun yanına gedərək bu qanunsuzluqlara son qoyulmasını tələb etsəm də, bizləri öz otağından qovdu, sanki atasının ona miras qoyduğu otaq olaraq özünü aparır. Hətta “ haraya istəyirsən get şikayətini et, sənin kimi o qədər şikayət edən var ki, nə edəcəkələr mənə, bir arayış yazacam qurtardı”, görəsən həqiqətənmi belədir.

Çünki Ramiz Şəmmədov öz şəxsi otağında mənə dedi ki, sənin bir yolun var ”13 il arvadlıq etmisən, nə olacaq get bir gecə də arvadlıq et və uşaqlarını da oğurluq yolu ilə bir təhər oradan çıxar”, görəsən bu icra məmuruna yaraşan və etik davranış qaydasına uyğun olaraq qanunla müəyən olunmuş sözdürmü.

İcra Məmurları haqqında Qanunun 7-ci maddəsində deyilir ki, icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra məmurunun vəzifəsidir.

Odur ki, sizlərdən artıq dərəcədə xahiş edirəm mənim düçar olduğum bəlaya aydınlıq gətirəsiniz və Qazax rayon İcra və Probasiya şöbəsinin rəisi olan Ramiz Şəmmədov barəsində qanunamüvafiq şəkildə lazımi tədbirləri görəsiniz.

İmza: Namazova Nuranə Musa qızı.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

www.mediaxeberleri.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz