Siyəzən rayon sakini Ruslan Quliyev saytımıza video müraciət edərək rayon təhsilində baş verən neqativ hallarla bağlı öz fikirlərini bildirmiş və bir sıra dövlət qurumlarının fəaliyyətini sərt şəkildə tənqid etmişdir.
Dəfələrlə rayon təhsil sistemində analoqu olmayan saxtakarlıqlarla, korrupsiya halları ilə bağlı təhsil naziri Emil Əmrullayevə, nazirliyin daxili nəzarət departamentinin rəisi İlqar Mahmudov və sairlərinə müraciət edərək tədbir görülməsini istəmişəm. Ancaq heç bir tədbir görülməyib, əksinə gələn yoxlama öz haqqını alıb geri qayıtmışdır. Mən artıq Emil Əmrullayevə nazir deməyə utanıram. Bu adam vəzifəsinin öhdəsindən gələ bilmir.
Siyəzən 5-saylı tam orta məktəbin direktoru xanım Əsli Dadaşova məktəbi bazara çevirib. Orada dərs saatları pul ilə satılır, siniflər pulla təşkil olunur, xəstə uşaqlar üçün evdə təhsil kecmək adı ilə dövlətin ayırdığı vəsaitlər mənimsənilir.
Bu məktəbdə rayon icra hakimiyyəti başçısının birinci müavini Aqşin Ağayevin ailə üzvləri işlədiyi üçün heç kim heç bir söz demir. Aqşin Ağayevin ailə üzvləri pedaqoji təhsili olmadan işləmək hüququna malikdirlər. Bunu necə edirlər maraqlıdır.
Bundan başqa rayonda Aqşin Ağayevin digər sahələrdə də qanunsuz olaraq işləyən qohumları var. Elə bil bu dövlət bir bunlar üçündür.
Mən cənab prezident İlham Əliyevə müraciət edərək təcili olaraq tədbir görülməsini istəyirəm. Xahiş edirəm ki, baş prokurorluğa, DTX və sair qurumları Siyəzən rayonunda hərtərəfli yoxlamalar aparmaq üçün hərəkətə gətirəsiniz.
Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. Yazını müəyyən ixtisarlarla verdik, daha geniş şəkildə YouTube kanalımıza abunə olmaqla izləyə bilərsiniz.
Kendtv.info