Xəbər verdiyimiz kimi, avqustun 7-də Qərbi Zəngəzurun Nüvədi kəndinin əhalisinin deportasiyasının 30 illiyinə (1991-2021) həsr edilmiş “Nüvədi harayı: pozulmuş hüquqların bərpası” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransın iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul ediblər.
Müraciəti təqdim edirik:
“Hörmətli Prezident, cənab Ali Baş Komandan.
İlk növbədə, Sizə - Azərbaycan Respublikasının Prezidentinə və Ali Baş Komandana 30 ildən artıq işğal altında olan Azərbaycan torpaqlarının erməni işğalçılardan azad edilməsində, ölkəmizin ərazi bütövlüyünün bərpasında, nəhayət, beynəlxalq haqq-ədalətin öz yerini tutmasında göstərdiyiniz misilsiz xidmətlərinizə görə dərin minnətdarlığımızı bildiririk. Azərbaycan əsgərinin əsl qəhrəmanlıq şücaəti, Azərbaycan xalqının Sizin siyasəti tam dəstəkləməsi və əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan güclü-inamlı siyasət beynəlxalq aləmdə Azərbaycanın nüfuzunu daha da yüksəklərə qaldırdı.
Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Azərbaycan xalqına və Azərbaycan dövlətçiliyinə qarşı erməni şovinistləri tərəfindən XIX əsrdən başlayaraq bu günədək davam edən beynəlxalq cinayətlər siyasəti azərbaycanlıların əzəli doğma torpaqları olan Zəngəzurdan tam deportasiya olunmalarına gətirib çıxarmışdır. Tarixi Azərbaycan torpağı olan yalnız azərbaycanlıların yaşadığı sonuncu Nüvədi kəndi də 1991-ci il avqustun 8-dək ermənilərin hücumlarına davam gətirə bildi. 1991-сi ilin avqustun 8-dən 1993-cü ilin oktyabrın 29-dək, yəni Zəngilan rayonunun Ermənistan tərəfindən işğalına qədər nüvədililər Zəngilanın sərhəddə yerləşən Vejnəli kəndində məskunlaşmışlar. Onlar Vejnəli kəndindən çox da uzaq olmayan Nüvədiyə qayıtmaq üçün hər gün böyük ümidlə baxırdılar. Lakin Zəngilan rayonunun işğalı bu arzuları həyata keçirməyə imkan vermədi.
Ümummilli lider Heydər Əliyev nüvədililərin 1988–1991-ci illərdə göstərdikləri müqaviməti müsbət dəyərləndirərək demişdi: “Nüvədi kəndinin camaatı çox dəyanətli insanlardır”. Ümummilli lider Heydər Əliyevin o dövrdə blokadada olan Naxçıvandan nüvədililərə göstərdiyi ciddi dəstək də heç vaxt unudulmayacaqdır.
Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Zəngilan rayonu ilə sərhəddə yerləşən əzəli Azərbaycan torpağı olan Nüvədi kəndi 1929-cu ilə qədər inzibati ərazi bölgüsü cəhətdən Cəbrayıl qəzasına tabe olmuşdur. Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası fəhlə, kəndli, qızıl ordu və matros deputatları sovetlərinin Mərkəzi Komitəsi Rəyasət Heyətinin 18 fevral 1929-cu il tarixli iclasının qanunsuz qərarı əsasında Nüvədi kəndi Azərbaycan SSR-in Cəbrayıl qəzasından Ermənistan SSR-in Mehri qəzasının inzibati idarə etməsinə verilmişdir. Həmin sənəd yalnız 1968-ci il 26 noyabrda Azərbaycan KP MK-nın bürosunda baxılaraq Azərbaycan SSR Ali Sovetinin 1969-cu il 7 may tarixli fərmanı ilə “qanunlaşdırılmışdır”. Göründüyü kimi, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinə təxminən iki ay qalmış erməni cinayətkarlar havadarlarının köməyi ilə öz arzularına nail olmuşlar.
Əlbəttə ki, bu rəsmiləşdirmə tam qanunsuz olmuş, həmin kəndin əhalisinin, o cümlədən Azərbaycan xalqının razılığı ifadə edilməmiş, nəhayət Azərbaycanın ovaxtkı Konstitusiyası ciddi pozulmuşdur. 1988-ci ilin fevralında Ermənistandan azərbaycanlıların son deportasiyasına başlanan zamandan nüvədililər ovaxtkı Azərbaycan və SSRİ rəhbərliyi qarşısında bu qanunsuz fərmanın ləğv edilməsi ilə bağlı dəfələrlə məsələ qaldırmış, lakin qanuni tələblərinə nail ola bilməmişlər.
Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Azərbaycan ərazilərinin tarixi kimi Nüvədi kəndinin də tarixi çox qədimdir və orada türk tayfalarının izləri bu gün də qalır. Nüvədi kəndindəki Qarqar yazıları öz qədimliyi, mükəmməlliyi, ümumtürk tarixi üçün əhəmiyyəti ilə “Orxon-Yenisey” abidələrindən geridə qalmır. Nüvədi ərazisində yerləşən tarixi Sultan-Səlmə istehkamı, o cümlədən Baba Hacı müqəddəs Ziyarətgahı və digər tarixi-dini-mədəniyyət abidələri regionda bu gün də insanlar tərəfindən xatırlanır. Nüvədidə olan “Tişneyni”, “Ağabəyim piri”, “Dəhnə piri”, “Dağdağan piri”, “Abdul Ata” və digər müqəddəs ziyarətgahlar, orta əsr qəbiristanlıqları, mükəmməl mühəndis konstruksiyalı yeraltı dəhnə və yerüstü kəhrizlər sistemi zəngin və qədim tariximizdən xəbər verir.
Nüvədi kəndinin tarixi adı Ermənistan hökumətı tərəfindən dəyişdirilərək “Nrnadzor” adlandırılmışdır. Yer adları, coğrafi adlar da qeyri-maddi mədəni irsin bir hissəsidir və onların kütləvi şəkildə saxtalaşdırılması orada əsrlər boyu yaşamış insanların mədəni hüquqlarının birbaşa pozulması olmaqla toponimik soyqırımıdır.
Zəngin təbiəti, müalicəvi mineral suları, füsunkar mənzərələri və əsrarəngiz meyvə bağları ilə bölgədə məşhur olan Nüvədi kəndi bu gün xarabalığa çevrilmişdir. Öz əməyimizlə qazandığımız-qurduğumuz bütün əmlaklar həmin kənddə qalmış, dağıdılmış və mənimsənilmişdir. Bu gün həmin ərazilərdə yerləşən tarixi, dini, memarlıq və mədəniyyət abidələrinin məhvi də bilavasitə “mədəni soyqırımı” siyasətinin tərkib hissəsi hesab olunmalıdır. Hazırda Nüvədi kəndinin bütün tarixi qəbiristanlıqları vəhşicəsinə dağıdılmış və dağıdılmaqda davam edir.
Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Ümummilli lider Heydər Əliyev 1980-ci illərin ortalarında Moskvada SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini vəzifəsində işləyərkən bilavasitə onun təşəbbüsü ilə Nüvədi kəndi ərazisindən keçməklə Bakı-Naxçıvan avtomobil yolunun Bakıdan Nüvədiyə kimi 434 kilometr uzunluğunda olan hissəsi çəkilmişdir. Ümummilli lider Heydər Əliyev sovetlər birliyi rəhbərliyindən uzaqlaşdırılandan sonra ermənilər bu yolun çəkilməsinin davam etdirilməsinə mane olmuşlar.
Hazırda bilavasitə Sizin təşəbbüsünüzlə inşa ediləcək və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının təhlükəsizliyinin təminatı məsələsində Nüvədi kəndi çox mühüm rol oynaya bilər.
Sizin bu gün Ermənistana sülh təklifiniz insanların sülh hüququnun təmin edilməsi üzrə bütün dünyaya bir nümunədir. Sizin bu çağırışınıza uyğun olaraq Nüvədi kəndinin sakinləri də dinc yanaşı yaşamaq prinsipi ilə öz doğma yurdlarına qayıtmaq istəyirlər. Bu bizim qanuni və tarixi haqqımızdır. Bütün insan hüquqları sənədləri bizim qayıtmaq hüququmuzu tam təsdiqləyir. Belə ki, 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, 1951-ci il Qaçqınların statusu haqqında Beynəlxalq Konvensiya, 1966-cı il beynəlxalq paktları, BMT-nin 1998-ci il tarixli Məcburi köçkünlərlə bağlı Rəhbər Prinsipləri, BMT-nin İqtisadi və Sosial Şurasının 2005-ci ildə qəbul etdiyi Qaçqınlar və məcburi köçkünlər üçün ev və əmlak restitusiyası Prinsipləri və digər beynəlxalq sənədlər bu qanuni və tarixi haqqımızı müəyyən edir.
Bu gün Azərbaycanda 100 minə yaxın erməni yaşadığı halda, Ermənistanda bir nəfər də azərbaycanlı yaşamır. Bu isə haqq-ədalətin çox böyük pozulmasıdır.
Regionda sülhün təmin edilməsi üzrə Sizin təşəbbüsləriniz dövlətlər tərəfindən də dəstəklənir. Təbiidir ki, gələcəkdə Azərbaycan və Ermənistan xalqlarının yaxınlaşmasında qarşılıqlı etibarın artması və pozulmuş insan hüquqlarının bərpası mühüm rol oynayacaqdır. Bundan başqa, Nüvədi kənd sakinlərinin öz doğma yurdlarına qayıtması yeni nəqliyyat kommunikasiyalarının bərpa edilməsində və təhlükəsizliyinin təminatı məsələsində də çox əhəmiyyətli olacaqdır.
Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Biz artıq 4 aya yaxındır ki, bütün beynəlxalq təşkilatlara müraciətlər etmişik. Bəziləri istisna olmaqla, əksər beynəlxalq təşkilatlar hələ də bu məsələyə reaksiya verməmişlər. Biz Nüvədi sakinləri isə bu işdən geri çəkilən deyilik. Bu işdə bizə bütün dünyada informasiya blokadasını yaran dahi rəhbər və siyasi xadim kimi ancaq Siz dəstək verə bilərsiniz.
Dünya azərbaycanlılarının rəhbəri və bütün Azərbaycan vətəndaşlarının hüquqlarının qorunması üçün gecə-gündüz yorulmadan çalışan dövlət başçımız kimi 1991-ci ilin avqust ayına qədər ərazisində bir erməni belə yaşamayan Nüvədi kəndinin sakinlərinin pozulmuş hüquqlarının bərqərar olunmasında özünüzün beynəlxalq imkanlarınızı əsirgəməməklə, o cümlədən böyük tarixə malik bir köklü xalq kimi kənd əhalisinin öz tarixindən ayrı düşməsinə imkan verməməklə, Nüvədi kəndinin əhalisinin öz doğma yurduna qaytarılması məsələsinə dəstək verməyinizi və bu işin beynəlxalq aləmdə gündəmə gətirilməsini Sizdən artıq dərəcədə xahiş edirik”.