Müzəffər ordumuzun cəbhədə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını müvəffəqiyyətlə alması, ard-arda qələbələr qazanması Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız, eləcə də qardaş Türkiyənin vətəndaşları tərəfindən böyük sevinclə qarşılanır. Onlar sevinc hisslərini Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə yazdıqları məktublarda ifadə edirlər.
Millitv.az Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.
Rusiyanın Arxangelsk şəhərindən Hüseyn Əliyev yazır: “Hörmətli cənab Prezident, mən doğma Vətənimdə baş verən hadisələri dərin həyəcanla izləyir, hər qələbəyə ürəkdən sevinirəm. Siz Azərbaycan xalqının ümidi, ölkənin və onun sərhədlərinin təhlükəsizlik qarantısınız. Allahdan ərazi bütövlüyümüzün bərpası yolunda müqəddəs amalınızı sonadək icra etmək üçün Sizə və ordumuza güc, qüvvət arzulayıram. Həmçinin şəhidlərimizin ailələrinə dərin hüznlə başsağlığı verirəm”.
Türkiyənin İstanbul şəhərindən Məsut Karagöz: “Hörmətli cənab Prezident, illərdir qanayan yaramız olan Dağlıq Qarabağın erməni işğalından azad olunmasına başlanılması ürəyimizə su sərpdi. Sentyabrın 27-də erməni hücumundan sonra başlanan müharibədə Türkiyə xalqı olaraq Azərbaycanla tək ürək olduq. Allah Azərbaycanı müzəffər etsin. Bu müqəddəs yolunuz mübarək olsun. Azərbaycanın sevinci bizim sevincimizdir, Azərbaycanın kədəri bizim kədərimizdir. Azərbaycanın zəfəri bizim zəfərimizdir. Azərbaycan Ordusunun zəfərlə irəliləməsini hər gün xəbərlərdən izləyirəm. Haqsız, zalım, ikiüzlü, vicdansız erməni terrorçu dövlətinin ordusunun yerlə-yeksan olduğunu, onların Azərbaycan əsgəri qarşısında duruş gətirə bilməyərək qaçdıqlarını görmək bizə çox xoş gəlir. Mənim 40 yaşım var. İmkan olarsa, qardaş Azərbaycanın qəhrəman əsgərləri ilə bir cəbhədə vuruşmaq, erməni terrorçularını məhv etmək istərdim. Dualarımız Sizinlə, qəlbimiz Sizinlədir, cənab Prezident! Gərək olarsa bu yolda canımızı da verərik. Allah yar və yardımçınız olsun. Zəfər Azərbaycanındır. Qarabağ Azərbaycandır!”.
İzmir şəhərindən Muxtar Fatih Beydili: “Çox hörmətli cənab Prezident, Siz dünyanın ən savadlı, ən vətənpərvər və uzaqgörən dövlət başçısısınız. Mən Sizə dünyadakı bütün türkmənlərin, həmçinin Hələbdə İmadəddin Nəsiminin nəvələri adından təşəkkür edirəm. Sizin rəhbərliyinizlə ordumuzun apardığı uğurlu əməliyyatlar nəticəsində torpaqlarımızın müəyyən bir hissəsi işğaldan azad olunub. Bu münasibətlə Sizi və xalqımızı təbrik edirəm. Hörmətli cənab Prezident, biz Sizinlə fəxr edirik. İnanırıq ki, rəşadətli ordumuz Sizin rəhbərliyinizlə tezliklə bütün torpaqlarımızı işğaldan azad edəcək. Sizə cansağlığı arzu edirik. Cənab Prezident, Sizin və qəhrəman ordunuzun qələbə çalması üçün dualar edirik. Allah Ordumuzu qorusun. Sizi və bütün türk millətini qorusun. Türkün türkdən başqa dostu yoxdur. Cənab Ali Baş Komandan, bütün dünya türkləri həmişə Sizin yanınızdadır. Allah Sizi və can Azərbaycanın xalqını qorusun. Xalq Sizinlədir və zəfər də Sizinlədir. Biz də sizlərlə çiyin-çiyinə dayanmışıq. Sizin rəhbərliyinizlə Azərbaycan bu gün dünyada daha layiqli və nüfuzlu yer tutur. Ölkənin uğurlu iqtisadi inkişafında, yüksək mənəvi-əxlaqi ab-havanın qorunub saxlanılmasında, mədəniyyət, elm və təhsilin hərtərəfli inkişafında quruculuq enerjisi ilə aşıb-daşan, nəzərdə tutulan planların həyata keçməsinə ardıcıllıqla və qətiyyətlə nail olan bir lider kimi Sizin şəxsi xidmətləriniz böyükdür. Siz fədakarcasına Azərbaycan xalqının xoşbəxtliyinin və rifahının qayğısına qalırsınız. Sizə möhkəm cansağlığı, bütün planlarınızın müvəffəqiyyətlə həyata keçməsini arzulayırıq. Qoy, Sizin səyləriniz Azərbaycan Respublikasının rifahı və xalqlarımızın dostluğu naminə bundan sonra da öz gözəl bəhrələrini versin. Zəfər xəbərlərini gözləyirik”.
Moskva şəhərindən Vaqif Həsənov yazır: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, uğurlu siyasətinizi və Azərbaycan üçün etdiklərinizi yüksək qiymətləndiririk. Düşmənlərimizə qarşı şiddətli döyüşlərdə ordumuza zəfər, xalqın gücü ilə yüksələrək apardığınız mübarizədə Sizə cansağlığı, uzun ömür və yeni qələbələr arzulayıram. Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycana! Eşq olsun Azərbaycan xalqına! Eşq olsun Azərbaycanın qalib Prezidenti İlham Əliyevə! Eşq olsun igid, qəhrəman Azərbaycan əsgərinə!”.
Gəncə şəhərindən Maqsud Əsgərovun məktubunda deyilir: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, biz Sizin torpaqlarımızın işğaldan azad olunması uğrunda gecə-gündüz yorulmadan göstərdiyiniz fəaliyyəti yüksək qiymətləndiririk, Sizə bu gərgin və şərəfli işinizdə uğurlar arzulayırıq. Biz inanırıq ki, Sizin qurduğunuz güclü Azərbaycan və güclü ordu tezliklə işğal olunmuş torpaqlarımızı işğaldan azad edəcək. Bu haqq yolunda göstərdiyiniz xidmətlər ədalətin zəfəri olacaq və biz vətəndaşlar bildiririk ki, Prezidentimizin ətrafında sıx birləşmişik”.
Qusar sakini Nadirşah Şirinov: “Hörmətli cənab Prezident, bizlərə heç bir sözlə ifadə olunmayan sevinc hisslərini yaşatdığınıza görə Qusar rayonunun bütün sakinləri adından dərin minnətdarlığımı bildirirəm. İllərdir mənfur düşmənin işğalı altında olan torpaqlarımızın azad edilməsi ilə bağlı verdiyiniz qərar və şanlı ordumuzun qələbələri bizi çox sevindirir. Bu gün Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri də Sizin ətrafınızda yumruq kimi birləşib və hər bir əmrinizə hazırdır. Sizinlə fəxr edirik. Allah Sizi və şanlı Azərbaycan Ordusunu qorusun, İnşallah”.
Bakı şəhər sakini Səbuhi Bağırov: “Hörməli cənab Prezident, Sizi və bütün xalqımızı cəbhə bölgəsində şanlı Ordumuz tərəfindən qazanılan uğurlara görə təbrik edirəm və bu uğurların davamlı olmasını arzulayıram. Mənim qardaşım da cəbhədədir, hazırda bütün düşüncələrim cəbhə ilə bağlıdır. Tanrı Ordumuzu qorusun! İnanırıq ki, Sizin rəhbərliyiniz altında və güclü Ordumuz sayəsində işğal olunmuş bütün torpaqlarımız azad ediləcək və üçrəngli bayrağımız doğma Qarabağımızın hər bir guşəsində əzəmətlə dalğalanacaq”.
Paytaxt sakini Həsən Həsənov: “Çox hörmətli cənab Prezident, mən 1977-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalında anadan olmuşam. Ölkəmizin xüsusi təyinatlı hərbi hissəsində kəşfiyyatçı kimi müddətli həqiqi hərbi xidmətdə olmuşam. Qarabağ müharibəsində ermənilərə qarşı vuruşmuşam, kəşfiyyatçı kimi tapşırıqları yerinə yetirmişəm. Bu sahədə böyük hərbi təcrübəm var. Qardaşım Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Cənab Ali Baş Komandan, Azərbaycan Respublikasında hərbi vəziyyət elan edildiyi bir vaxtda bir kəşfiyyatçı olaraq torpaqlarımızın azadlığı uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmək arzusundayam. Bu döyüşlərdə iştirak etmək mənim Vətən qarşısında borcumdur. Sizi əmin edirəm ki, mənə etimad göstəriləcəyi təqdirdə bu etimadı doğrultmaq üçün bütün gücümü, hərbi bilik və bacarığımı sərf edəcəyəm. Bir çox vətəndaş kimi mən də Sizin əmrinizi gözləyirəm”.
Qəbələ sakini Elşad Məmmədov: “Möhtərəm cənab Prezident, ötən illər ərzində ordu quruculuğu işlərinin mükəmməl təşkili və Sizin qətiyyətli mövqeyiniz bizə Qarabağı bəxş etməkdədir. Artıq bütün dünya Azərbaycanın güclü və mətin orduya sahib olduğuna şahiddir. Dünya hərb tarixinin ən parlaq qələbələrini bizə yaşatdığınız üçün Qəbələ rayonunda məskunlaşmış məcburi köçkünlər adından Sizə dərin minnətdarlığımızı bildirir və işlərinizdə böyük uğurlar arzu edirik. Azərbaycan bayrağının yaxın vaxtlarda Xankəndi və tarixi beşiyimiz olan Şuşada dalğalanacağına tam əminik. Biz məcburi köçkünlər hər zaman Sizin əmrinizə hazırıq. Tanrı Sizi qorusun!”.
Tovuz sakini Çingiz Babayev dövlətimizin başçısına yazır: “Hörmətli cənab Prezident, Sizi Tovuzun 30 ildən çoxdur ki, erməni məkri ilə üzbəüz dayanan Əlibəyli kəndinin müharibə veteranlarının adından Qarabağ uğrunda döyüşlərdə qazanılan uğurlara görə təbrik edirəm. 30 ildir ki, kəndimizin uşaqları müharibə şəraitində böyüyür, kənd sakinləri əkin-biçinini güllə altında edir. Qismən sakitlik olsa da bu illərdə mülki şəxslərimizdən qurbanlarımız da olur. Amma bizdən narahat olmayın. Biz ermənilərdən qorxmuruq, onlar bizdən qorxur. Tovuz döyüşlərində rayonumuzun hər bir sakini igid əsgərlərimizin yanında olmaq üçün can atırdı. İndi isə hamımız Qarabağa doğru can atırıq. Kəndimizin sakinləri, bütün müharibə veteranları Azərbaycan naminə verdiyiniz qərarları dəstəkləyir. Hamımız bir nəfər kimi Qarabağı azad etməyə hazır olduğumuzu bildiririk. Hər bir azərbaycanlının duasının əvvəli də axırı da Sizin sağlamlığınız, güclü, qüvvətli olmanız üçündür. Dünyada kiçikdən böyüyə hamının sevimlisi olan Sizin kimi ikinci lider yoxdur, buna əminəm. Hamımız Sizi bir nəfər kimi ürəkdən sevirik, dəstəkləyirik, arxanızdayıq. Gözümüz televiziya ekranlarında Sizin çıxışlarınızı səbirsizliklə gözləyik. Səlis nitqiniz isə sanki uzun müddət susuz qalmış qəlbləri rahatladır, bizi ruhlandırır. Var olun, cənab Prezident! Hər şeyə görə çox sağ olun!”.
Bakı şəhər sakini Yusif Bağırov: “Hörmətli cənab Ali Baş Komandan, Sizi və əsgərlərimizi ürəkdən təbrik edirəm. Xalqımıza yaşatdığınız qürurlu və sevincli günlərə görə, çox sağ olun. Xalqımız tarixən çox igidlər və qəhrəmanlar yetirib, çox şərəfli döyüşlərdən çıxıb. Bu gün Azərbaycanın qəhrəmanlıq salnaməsinə yeni şanlı səhifələr yazılır. O səhifələr ki, baxdıqca baxmaq, oxuduqca oxumaq istəyirsən. Bu tarix çox güclü və qüdrətli müəllifin şah əsəridir. Allah Sizi və əsgərlərimizi qorusun, cənab Ali Baş Komandan. Biz Sizə və əsgərlərimizə güvənirik və həmişə Sizlərləyik”.
Yardımlı rayon sakini Şaiq Zaidli: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, Sizə ürəyimin dərinliklərindən gələn minnətdarlığımı ucqar dağ rayonu olan Yardımlıdan çatdırıram. Hər gün televiziya kanallarından ordumuzun işğaldan azad etdiyi əraziləri, düşmənin məhv edilmiş texnikalarını, qənimət alınmış silahlarını seyr etdikcə bu qələbənin memarı kimi Sizi alqışlayır, güclü, məğrur Azərbaycan əsgərinə “sağ ol!” deyirik. Neçə illik həsrətdən sonra Sizin sayənizdə torpaqlarımız işğaldan azad olunur. Yardımlı xalqı Sizinlə qürur duyur, Sizi dəstəkləyir və daim dəstəkləyəcək”.
Ağdaş rayonundan Yunis Nəcəfov: “Hörmətli Ali Baş Komandan, bu gün həm cəbhədə, həm beynəlxalq arenada uğurlarımızın yeganə səbəbkarı Sizsiniz. Bu qədər beynəlxalq təzyiq altında ordumuzun torpaqlarımızı azad etməsi birmənalı şəkildə qətiyyətinizin nəticəsidir. Sizin rəhbərliyiniz altında Silahlı Qüvvələrimizin şəxsi heyəti cəbhədə qəhrəmanlıq salnaməsi yazır. Cənab Prezident, Sizin də qeyd etdiyiniz kimi, Azərbaycanın üçrəngli bayrağı Qarabağda, Şuşada, Xankəndidə dalğalanacaqdır. Şəxsim və Ağdaş gəncləri adından əldə edilən zəfərlərə görə Sizə təşəkkür edir, möhkəm cansağlığı, uğurlar və daha böyük nailiyyətlər arzu edirəm”.
Qubadan Diana Mirzəyeva: “Hörmətli Prezident, cənab Ali Baş Komandanımız, müzəffər Azərbaycan Ordusunun möhtəşəm qələbələri münasibəti ilə Sizi və xalqımızı ürəkdən təbrik edirik. Sizin və güclü ordumuzun yanındayıq! Bu qələbələrlə general-mayor Polad Həşimovun və bütün şəhidlərmizin qisası alınır. Siz bizim Liderimiz olduqca xalqımız heç nədən qorxmadan, çəkinmədən yaşayacaq. Allah Sizi və ordumuzu qorusun”.
Bərdədən Sara Məmmədova: “Hörmətli cənab Prezident, mən bir zabit anası kimi Sizə öz təşəkkürümü və xalqın sevgisini bildirirəm, Əsgər və zabit anaları Sizə və hər bir sözünüzə inanır. İnanırıq ki, Sizin yürütdüyünüz siyasət nəticəsində Azərbaycanın işğal olunmuş torpaqları tezliklə azad olunacaq. Allah Sizi var etsin, Azərbaycan naminə cansağlığı, uzun ömür bəxş etsin, daim sağlam və güclü etsin. Mən bütün ailə üzvlərim adından Sizə öz minnətdarlığımı bildirirəm. Sizinlə fəxr edirik. Qarabağ Azərbaycandır!”.
Cəbrayıl sakini Dursun Balakişiyeva: “Hörmətli cənab Prezident, bir Milli Qəhrəman anası olaraq Sizin cəsarətiniz qarşısında baş əyirəm. Çünki sayənizdə oğlumun şəhid olduğu doğma yurdum Hadrut qəsəbəsi düşməndən alındı. İnşallah, bütün Qarabağımız düşmən işğalından azad olunacaq və qələbə bayrağımız tezliklə Şuşada, Laçında dalğalanacaq. Şəhidlərimizin qanını birə-beş aldığınız üçün xalqımız Sizin heykəlinizi qoyacaq. Sizə, xalqımıza güc, cəsarət və uğurlar arzulayıram. Allah Sizi və xalqımızı qorusun!”.
Lənkərandan Rizvan Dadaşov: “Hörmətli Ali Baş Komandan, dövlətimizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın yağı düşməndən azad edilməsi istiqamətində yürütdüyünüz haqlı siyasət bütün xalqın ürəyincədir. Sizin bu istiqamətdə atdığınız hər bir addımı dəstəkləyir, daim arxanızda olduğumuzu bildirmək istəyirik. Bu haqq savaşında Vətənimizə xidmət etməyi özümüzə böyük şərəf və borc bilirik. Allahdan Sizə, səngərdə riyakar düşmənlə üz-üzə duran igid əsgərlərimizə cansağlığı və davamlı qələbə sevincləri arzu edirəm. Qarabağ bizimdir! Qələbə bizimlədir!”.