44 günlük Vətən müharibəsi günlərində vəzifəsindən uşaqlaşdırılan, ardından tərxis olunan və həbsə alınan general Rövşən Əkbərovun daha bir cinayəti üzə çıxıb. Məlum olub ki, Rövşən Əkbərov özünün obyektlərində əsgərləri işlədib. Növbəti belə qanunsuzluq zamanı yanğın baş verib və əsgərlərdən biri ölüb, digərləri xəsarət alıblar.
Belə ki, 2007-2009-cu illərdə hərbi hissə komandiri olduğu dövrdə tabeliyində olan əsgərlər onun evində və obyektlərində işlədilib. Rəsmi sənədlərdə obyektin mülkiyyətçisi Telman Əkbərov olsa da, rəsmi qaydada N saylı hərbi hissənin giziri İbrahim Həsənov onu icarəyə götürüb. Məlumata görə, Rövşən Əkbərovun atasının adını daşıyan Telman adlı oğlu var. Telmanın adına olan obyektin bir hissəsi mebel sexi, bir hissəsi şirniyyat, bir hissəsi isə mağazadır. İşin ilginc tərəfi budur ki, general əlində olan imkanlardan sui-istifadə edərək həmin obyektdə əsgərləri işlədib. Həmin zaman da yanğın baş verib. Nəticədə bir əsgər ölüb, qalanları isə xəsarət alıb.
Hadisəyə görə cinayət işi gizir Həsənova qarşı açılıb. Ona yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda maddəsi ilə ittiham irəli sürülüb və cinayət məsuliyyətinə cəlb olunub. 2009-cu ildə hərbi hissənin başqa vəzifəli şəxsləri, o cümlədən general Rövşən Əkbərov haqqında da Cinayət Məcəlləsinin 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi ayrılıb, amma o işə xitam verilməyib. İndi Rövşən Əkbərovun həbsindən sonra həmin cinayət işi yenidən araşdırılıb. Və bu iş də generala qarşı irəli sürülən ölüm işinə işinə birləşdirilib. Nəticə isə belə olub ki, araşdırma aparılıb və Rövşən Əkbərovun əməlində Cinayət Məcəlləsinin 341.2.3 (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda) maddəsinin tərkibi olsa da, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçib. Ona görə də ərizəsi ilə, eyni zamanda Cinayət-Prosessual Məcəllənin 39.1.3 (cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə) maddəsinə əsaslanaraq, cinayət təqibinə xitam verilib. Rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanında yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyevlə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
“Yeni Müsavat”a daxil olan məlumatda isə deyilir ki, o zaman əsgərin ölümü ilə bağlı Bakı hərbi prokuroru vəzifəsini icra edən Füzuli Məmmədov tərəfindən cinayət işi başlanıb və istintaq aparılıb. Cinayət işi çərçivəsində Rövşən Əkbərovun vəzifə səlahiyyətlərini aşmasına dəlalət edən bir çox ifadələr, məlumatlar, faktlar toplanıb. Həmin dövrdə vəzifəsi və hakimiyyətdə dayaqları - xüsusən Baş Qərargah rəisi Nəcməddin Sadıqovla əlaqələri hesabına Rövşən Əkbərov istintaqdan yaxasını kənar saxlaya bilib. Əvəzində Füzuli Əkbərov tutduğu vəzifədən uzaqlaşdırılıb, işi bir gizirin üzərinə “yükləyib” bir kənara atıblar. Rövşən Əkbərov vəzifəsindən çıxarılandan və həbs ediləndən sonra həmin cinayət işi də yenidən gündəmə gəlib.