Axtarış...

Nadir Şəfiyevin AzTV əməkdaşını şantaj edən oğluna 7 il həbs verildi

Nadir Şəfiyevin AzTV əməkdaşını şantaj edən oğluna 7 il həbs verildi


“AzTV”nin xanım jurnalistini intim görüntüləri ilə şantaj etməkdə təqsirləndirilən “CBC sport” kanalının sabiq operatoru Yusif Şəfiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Millitv.az Lent.az-a istinadən xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında araşdırılıb. Cinayət işi materiallarında qeyd olunub ki, Y. Şəfiyev AzTV-nin xanım əməkdaşı Aynurla (ad şərtidir) qeyri rəsmi ər-arvad münasibətində yaşayıb. Onlar ayrılandan sonra isə kişi qadına məxsus olan «Mitsubishi Eclipse» markalı avtomobili şantaj edərək ondan istəyib. O, qadının barəsində rüsvayedici məlumatları sosial şəbəkələrdə və mətbuatda yayacağı ilə hədələyib. Təqsirləndirilən şəxs bu taktika ilə ondan müxtəlif vaxtlarda ümumilikdə 6726 manat pul alıb.

Aynurun şikayəti əsasında Yusif Şəfiyev həbs edilib.

Məhkəmədə ifadə verən Y.Şəfiyev özünü təqsirli bilməyib. O, məhkəmədə deyib ki, 2015-ci ilin oktyabr ayında “CBC Sport” telekanalında operator işləyərkən Aynurla tanış olub:

“Həmin vaxt Aynur kanalda müxbir vəzifəsində işləyirdi. O, 2018-ci ildən sonra AzTV-yə keçdi. Bizdə işləyən vaxtlar onunla münasibətim yarandı. Sosial şəbəkələr vasitəsilə onunla danışmağa başladıq. Həmin vaxt Aynur evli idi. 2016-cı ildə Fransada futbol üzrə dünya çempionatına getmişdim. 40 gün orada qaldım. Həmin vaxtda Aynurla danışırdıq. Oradan qayıdandan sonra bir gün Aynur məni evinə dəvət etdi. Mən də durub onun evinə getdim.

Daha sonralar bu görüşümüzdən onun ərinin də xəbəri olmuşdu. Aynur da evdən qaçaraq “Melissa park” yaşayış kompleksində kirayədə yaşamağa başladı. Əri onu axtarsa da, yerini tapa bilmirdi. Hətta əri gəlib məndən arvadının evini soruşurdu. Onunla kirayə qaldığı evdə görüşürdük.

Daha sonra mənim yoldaşım bu münasibətdən xəbər tutdu. Boşanmaq üçün məhkəməyə müraciət etdik. Aynurla xarici ölkələrdə, Azərbaycanın regionlarında istirahətlərə getmişik. Hətta onunla Türkiyəyə gedib orada yaşamaq barədə qərar da verdik. Ora gedəndən sonra iş tapa bilmədiyimizdən geri qayıtdıq. Binəqədi rayonunda kirayə ev tapdıq. Onunla birlikdə həmin evdə yaşamağa başladıq. Bir neçə gün sonra anası və oğlu bizə gəldi. Ərindən ayrılandan sonra Aynurun uşağına onun anası baxırdı. Anası son vaxtlar evdə problemlər yaradırdı. Bu səbəbdən də evdən çıxdım. Lakin onunla münasibətimiz qalırdı. Həmin vaxtlarda onunla birlikdə 5300 manata “Misubishi Eclipse” markalı maşın aldıq. Həmin pulun 2300 manatını o, 3000 manatını isə mən verdim. Həmin vaxt həyat yoldaşımla boşanma ərəfəsində olduğum üçün maşını onun adına keçirdim. Avtomobili ikimiz də sürürdük. Aynur səhər saat 9-dan axşam 21-dək işdə olduğundan, səhər onu işə aparıb düşürürdüm və axşam isə işdən götürüb evə gətirirdim”.

Təqsirləndirilən şəxs həmçinin deyib ki, heç zaman Aynurdan pul tələb etməyib: “Hədə-qorxu ilə 1500 manat pul tələb etməmişəm. Yalnız avtomobil alınması üçün 2300 manat pul verib, avtomobilin təmiri üçün ondan pul almamışam. Həmin vaxt işləmədiyindən onun pulu olmayıb. Bir müddət sonra Aynurla kirayədə yaşamaqdansa, Daşqın Səfərov küçəsində yerləşən mənə məxsus mənzildə yaşamağı təklif etdim. Qəbul etdi və evin təmir işləri üçün pul verdi, köməklik göstərdi. Ondan sonra ailə kimi olmuşuq, başqa ortaq xərclərimiz olub. Evə kreditlə onun adına elektrik əşyaları almışıq. Birlikdə yaşamışıq,heç zaman nəyisə almağa məcbur etməmişəm, hədə-qorxu gəlməmişəm”.

Yusif Şəfiyev bildirib ki, Aynurdan ona xəyanət etdiyi üçün ayrılıb: “Bir gün evə qayıdan zaman onu küçədə gördüm. Harasa gedirdi. Mənə Müdafiə Nazirliyindən təcili çəkilişə çağırıldığını dedi. 20 ildən artıq televiziya təcrübəmin olduğunu, hələ bugünədək Müdafiə Nazirliyinin gecə saatlarında çəkilişə adam çağırmadığını dedim. Lakin məni saymadı, çıxıb getdi. Hara getdiyini öyrənmək üçün başqa bir taksiyə əyləşib arxasınca təqib etməyə başladım. Onun “Ağ otel”ə getdiyini gördüm. Səhəri evə gələndə çantasında 1000 manat var idi. Başa düşdüm ki, mənə xəyanət edib. Ondan pulu haradan aldığını soruşdum, mənə yalandan dedi ki, çəkilişdən alıb. Bundan sonra onunla münasibətlərimiz pozulmağa başladı. Heç vaxt Aynuru şantaj etməmişəm. Bunların hamısının səbəbkarı anasıdır. Mən anası ilə dalaşan zaman görüntülərin olduğunu və camaata yayacağımı demişəm. Amma bunu da hirsimdən etmişəm, heç kimə göndərməmişəm”.

Məhkəmədə dindirilən Aynur isə deyib ki, 2013-cü ildə ailə həyatı qurub, 2017-ci ildə rəsmən boşanıb. “AzTV” və “CBC Sport” telekanallarında müxbir işləyib: “2015-ci ildə həmin telekanalda operator işləyən Yusiflə tanış olmuşam, bir müddət sonra aramızda sevgi münasibəti yarandı. Mənimlə evlənmək istəyirdi. Yaxın münasibətdə olan zaman mənim intim və çılpaq şəkillərimi çəkmişdi. Bunu nəyə görə etdiyini soruşanda deyirdi ki, ayrı qalanda baxacaq. Yusifi sevdiyim üçün ona inanmışam, həmin şəkillər və videolardan mənə qarşı istifadə edə biləcəyini ağlıma belə gətirməmişəm.

Həmin ərəfədə ərimdən boşandığım üçün Yusiflə ailə qurmağı planlaşdırırdım. Bir müddət birlikdə yaşadıq. 2018-ci ilin oktyabr ayında anam və oğlum biz qalan evə gəldi. Yusif onlarla birlikdə yaşamaq istəmədiyini dedi. Bundan sonra münasibətlərimiz pisləşdi. Daha sonra ayrılmaq qərarına gəldik.

2018-ci ilin noyabr ayında Yusif məni intim və çılpaq fotoşəkillərimi, videolarımı Instagram və digər sosial şəbəkələrdə yayacağı ilə hədələdi. Hətta dedi ki, görüntüləri “AzTV” rəhbərliyinə göndərəcək. Yusifin hədələrini real qəbul edib, ehtiyat etməyə başladım. Məndən əl çəkməsini, rahat yaşamağa imkan verməsini xahiş etdim. Yusif məni həm maddi, həm də mənəvi ziyan vuracağı ilə hədələyirdi. O, “Mitsubishi Eclipse” markalı maşınımı ona verməyimi istədi. Verməyəcəyim təqdirdə görüntülərimi yayacağını bildirdi. Hətta dedi ki, onları keçmiş ərimə atacaq. Həmin görüntüləri keçmiş ərimə atsaydı, o da bundan istifadə edərək övladımı məndən ayıracaqdı. Qorxumdan maşını etibarnamə ilə ona verdim. Bir müddət keçəndən sonra maşının təmiri ilə bağlı məndən 1500 manat pul tələb etdi. Çəkindiyimdən pulu ona verdim. Daha sonra başqa bəhanələr gətirərək müxtəlif adlarla məndən pul istədi, adıma kreditlər götürdü. Artıq bezmişdim. Ondan məni rahat buraxmasını tələb edirdim. Yusif mənim şəkillərimi, videolarımı artıq yaymışdı. İşlədiyim yerdə görüntülərim sürətlə yayılırdı. Bundan sonra polisə müraciət etdim. Ondan şikayətçiyəm, ən ağır cəzanın verilməsini xahiş edirəm”.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yusif Şəfiyev 7 il 6 ay müddətinə azadlıqdan mərhum edilib.

Əlavə edək ki, Y.Şəfiyev “ARB 24” telekanalının sabiq rəhbəri Nadir Şəfiyevin oğludur. N.Şəfiyev AzTV, İTV, “Türkel” TV və ARB 24 televiziyalarında müxtəlif vəzifələr tutub. 2018-ci ilin sentyabr ayında “ARB 24” telekanalının rəhbəri vəzifəsindən çıxarılıb.

Daha sonra İsmayıllı rayon Basqal bələdiyyəsinin sədri işləyən Nadir Şəfiyev bu hadisədən sonra ərizə yazaraq vəzifəsinin icrasını dayandırıb.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz