Sabiq nəqliyyat naziri Ziya Məmmədovun adı Kanadanın “Bombardier Transportation” şirkətinin İsveçdəki törəmə şirkətinin keçmiş menecerinə qarşı başlanan cinayət işində keçəndən sonra onun Bakıya çağırıldığı haqda xəbərlər yayılıb. Ziya Məmmədov vəzifədən çıxarılandan sonra Ucarda əkin-biçinlə məşğul olduğunu, mal-qara saxladığını, işçilərinin olduğunu açıqlamışdı. Belə aydın olmuşdu ki, sabiq nazirin günü Ucarda keçir. “Yeni Müsavat”a daxil olan xəbərdə deyilir ki, İsveçdə adı yenidən cinayət işində hallanmağa başlayandan sonra Ziya Məmmədovu Bakıya çağırıblar.
Yada salaq ki, 2013-cü ildə Bakını Gürcüstan sərhədi ilə birləşdirən dəmiryolunun bir hissəsini siqnal avadanlığı ilə təchiz etmək üçün keçirilən tenderdə “Bombardier”in başçılıq etdiyi konsorsium qalib gəlmişdi. Baxmayaraq ki, digər iştirakçılar tenderdə daha az qiymətə öz xidmətlərini təklif etmişdilər. Müqavilə imzalanarkən Azərbaycanda nəqliyyat naziri Ziya Məmmədov idi, ADDY-ə isə Arif Əsgərov rəhbərlik edirdi. Sabiq nazirin adı İsveçdə araşdırılan cinayət işindəki sənədlərdə də yer alır.
Şirkət meneceri Tomas Bimerə 2013-cü ildə Azərbaycanın Nəqliyyat Nazirliyi ilə bağlanmış müqavilə üzrə azərbaycanlı məmurlara “otkat” verdiyi barədə rəsmi ittiham irəli sürülüb. Tomas Bimer xüsusilə ağırlaşdırılmış hallarda rüşvətlə ələ almada ittiham olunur. Cinayət işi artıq yekunlaşıb və Tomas Bimer tezliklə məhkəmə qarşısında çıxarılacaq. Prokurorlar bildirirlər ki, Azərbaycanda dəmir yollarına siqnalizasiya sistemlərinin quraşdırılmasını nəzərdə tutan 350 milyon dollarlıq müqavilədə “dəmir yollarının ən azından bir orta səviyyəli rəhbərinə” 100 milyon dollar rüşvət ödənilib.
“Tomas Bimer şirkətdə bu layihəyə cavabdeh olan şöbənin rəhbəri idi. Biz hesab edirik ki, ”Bombardier" şirkətinin Azərbaycandakı sifarişçilərlə sövdələşməyə girdiyi ona məlum olub", - prokuror Staffan Edlund jurnalistlərə bildirib. Bildirilir ki, həmin 100 milyon dollar “otkat”ı alan Azərbaycan dəmir yolları məmuru həm də yerli “Trans Siqnal Rabitə” MMC (TSR) adlı şirkətini təmsil edirdi. Həmin şirkət “Bombardier” şirkətinin İsveç nümayəndəliyi ilə birlikdə Nəqliyyat Nazirliyinin elan etdiyi tenderi udub. Stokholm dairə məhkəməsinə təqdim edilmiş cinayət işinin materiallarına əsasən, TSR və “Bombardier Sweden” tenderi elə saxtalaşdırıblar ki, “Bombardier Sweden” onu uda bilsin. Prokuror qeyd edib ki, həm Tomas Bimer, həm “Bombardier” şirkəti, eləcə də Azərbaycan dəmir yollarının rəhbərliyi hər hansı qanun pozuntusunu inkar edirlər. Hərçənd İsveç müstəntiqləri sonuncuları, yəni Azərbaycan dəmir yollarının rəhbərliyini dindirə bilməyib. Bundan əlavə, tamamilə mümkündür ki, “Azərbaycan Dəmir Yolları” QSC-də həmin rüşvətin bir hissəsini alan başqa əməkdaşlar da olub. “Mən təhqiqata əsaslanaraq əminliklə deyə bilərəm ki, bu işdə başqalarının da əli var. Lakin rüşvətxorluğu sübut etmək üçün biz göstərməliyik ki, kimsə bu işdən fayda götürüb. Hələlik bu, bir nəfərdir, amma mən məhkəmədə rüşvəti alanların daha çox olduğunu sübut etməliyəm”,-prokuror Edlund deyib. O, bildirib ki, Azərbaycan tərəfi təhqiqat çərçivəsində ona “bəzi sənədləri” göndərib.
Prokuror qeyd edir ki, “Bombardier Sweden” şirkətinin keçmiş baş direktoru da daha bir neçə şəxslə birlikdə əvvəllər bu korrupsiya sövdələşməsində şübhəli bilinib, amma onlara qarşı rəsmi ittiham irəli sürmək üçün yetərli sübutlar olmayıb. Ancaq sübutların yetərsiz olması o deməkdir ki, bunlar həmin iş üzrə onların günahını sübut etmək üçün yetərli deyildi. Virtualaz.org yazır ki, 2017-ci ildə Stokholm dairə məhkəməsi bu korrupsiya sövdələşməsi üzrə şübhəlilərdən birinə - “Bombardier” şirkətinin satışlar üzrə rusiyalı meneceri Yevgeni Pavlova bəraət verib. Sonra o, Rusiyaya qayıdıb və iş 2020-ci ilin fevralında apellyasiya məhkəməsinə veriləndə İsveçə qayıtmaqdan imtina edib. Prokuror Edlund bildirir ki, Pavlova bəraət verilməsi rüşvətxorluq haqda qanunun düzgün tətbiq edilməməsi nəticəsində baş vermişdi. Məhz Azərbaycan məmurları ilə rüşvət qalmaqalına görə Dünya Bankı 2018-ci ildə “Bombardier” şirkətinin yer alacağı layihələri maliyyələşdirməkdən imtina etdiyini rəsmən bildirib. Şirkətin İsveç nümayəndəliyi bu qalmaqaldan sonra Fransanın “Alstom” şirkətinə satılsa da onun da Dünya Bankının maliyyələşdirdiyi hər hansı layihələrdən çıxarılacağı riski qalır. Nəqliyyat Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən “Bombadier” şirkəti Bakı-Böyük Kəsik dəmir yoluna siqnalizasiya sisteminin quraşdırılmasını həyata keçirməliydi. Həmin korrupsiya sövdələşməsi əsasında 46 siqnal avadanlığı birbaşa Azərbaycana göndərilib, ancaq pullar Londonda qeydiyyatdan keçmiş, nə ofisi, nə ünvanı, nə telefon nömrəsi olmayan hansısa şirkətə köçürülüb. Belə ki, “Ebilock-950" siqnalizasiya avadanlığı əvvəlcə Londonda qeydiyyatdan keçmiş ”Multiserv Overseas" adlı offşor şirkətə satılıb, daha sonra həmin şirkət avadanlığı 5.5 dəfə baha Azərbaycana ötürüb.
Bu sxem sayəsində azərbaycanlı məmurlar cəmi 100 milyon dollara yaxın “otkat” əldə ediblər. Azərbaycan hökuməti adından şirkətlə danışıqları aparan əsas şəxs sabiq nəqliyyat naziri Ziya Məmmədov olub. Onun adı axtarış zamanı Bombardier-in İsveç ofisindən müsadirə edilmiş sənədlərdə yad olunur. İstintaqın versiyasına görə, Azərbaycan rəsmiləri müqavilələrin bağlanması müqabilində nəqliyyat şirkətinin İsveç şöbəsindən rüşvət alırdılar. Bu korrupsiya qalmaqalı müqavilənin bağlanmasından bir neçə il sonra İsveç KİV-lərinin də yer aldığı beynəlxalq araşdırmaçı jurnalistlər qrupu tərəfindən ortaya çıxarılmışdı. “Bombardier” şirkətinin Kanadada yerləşən baş ofisinin bu sövdələşmədə iştirakına dair hər hansı dəlil olmasa da 2017-ci ildə şirkətin baş icraçı direktoru Pyer Boduen istefa verməli olmuşdu. “Bombardier” şirkəti ilə Azərbaycan Nəqliyyat Nazirliyinin keçmiş rəhbərliyinin korrupsiya sxemində adı keçən “Trans Siqnal Rabitə” MMC şirkəti isə 2019-cu ilin avqustunda “könüllü ləğvini” elan edib. Şirkətin “Bombardier” lə 340 milyon dollarlıq müqavilədəki payı 40 milyon dollara yaxın olub. “Trans-Siqnal-Rabitə” MMC-nin hüquqi ünvanı (2008-ci ilin aprel ayında Füzuli rayonunun Böyük Bəhmənli kəndində Elxan Zohrab oğlu Əliyev tərəfindən təsis edilib) Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan kəndindəki mənzillərdən biri idi. Bu mənzildə bir neçə digər hüquqi şəxs qeydiyyata alınıb (“Meqabayt” MMC, “Genser-Panel” MMC, “Real-Biznes-R” MMC, “Universal-2009" MMC, ”Simurq 2009" MMC, “Titan 2009" MMC və ”DİA-A" MMC). Bunların bəzilərinin adları dövlət satınalmalarında çəkilir.
“Yeni Müsavat” əməkdaşı Ziya Məmmədovun Bakıya çağırılmasının səbəbini öyrənmək, İsveçdəki 100 milyonluq “otkat” işinə rəyini almaq üçün onunla əlaqə saxlayıb. Sabiq nazirin telefonuna özünü adi işçi kimi təqdim edən şəxs cavab verib. O, Ziya Məmmədovun Bakıda olduğunu təsdiqləyib.
“Ziya Məmmədov hazırda istintaqdadırmı” sualına “bilmirəm” cavabı verilib. “Ziya Məmmədov Bakıdadırsa, onun Ucardakı mal-qarasına kim baxır, yonca, taxıl, arpa sahələrini kim idarə edir” sualına da eyni cavab verilib.
Xatırladaq ki, 2015-ci-ildən başlayaraq yarıtmaz fəaliyyətinə və adı müxtəlif korrupsiya qalmaqallarında hallanan çoxlu sayda məmur istefaya göndərilib. Hakimiyyətin müxtəlif strukturlarında yüksək vəzifələr tutmuş bu şəxslər və onların yaxınları daim əldə etdikləri hüdudsuz sərvət, dəbdəbəli həyat tərzi və qanunsuz hərəkətləri ilə illərlə mətbuatın gündəmindən düşməyiblər. Hakimiyyətin nüfuzuna zərbə vuran belə kadrların əksəriyyəti hakim komandadan təmizlənsə də, müxtəlif yollarla cinayət təqibindən yaxa qurtara biliblər. Bu sırada Ziya Məmmədov da var. Ölkənin ən varlı məmur-oliqarxlarından olmuş Ziya Məmmədov 2017-cü ilin 13 fevralında ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə tutduğu vəzifədən azad edilib. Amma onun uzun illər rəhbərlik etdiyi sahədə yol verilən korrupsiya əməlləri araşdırılmayıb.
İsveçdəki 100 milyon dollarlıq “otkat” işinin yaxın zamanlarda Azərbaycanda da araşdırılması istisna deyil. Mümkündür ki, Ziya Məmmədov Bakıya məhz bu cinayət işindən dolayı çağırılıb.
“Yeni Müsavat”