Sumqayıt şəhərində “Qayalımarket” şəbəkəsinin marketlərinin birində satıcı işləyən Arzu Babayeva işdən xəbərsiz çıxarılmasından narazıdır.
O, “Report”a açıqlamasında bildirib ki, işdən çıxarılan zaman ona nə xəbərdalıq edilib, nə də hansısa müavinət ödənilib: “Həmin marketdə 5 ilə yaxın işləmişəm. Bir dəfə də olsa, məzuniyyətə buraxılmamışam. Hətta işdən çıxarılanda istifadə etmədiyim məzuniyyətlərə görə mənə kompensasiya da ödənilməyib”.
A.Babayeva iş rejimlərinin də qanunsuz uzadıldığını bildirib: “Sanki quldarlıq dövründəki kimi idi. Qanunvericilyə əsasən, həftədə iş vaxtı 40 saat nəzərdə tutulsa da, biz həftədə 6 gün olmaqla 12 saat (8 saatdan artıq işləməsi nəzərdə tutulur - red) işləmişik. Aidiyyəti orqanlardan xahiş edirəm məsələni nəzarətdə saxlasın və “Qayalımarket”dəki qanunsuzluqlara hüquqi qiymət verilsin”.
Məsələ ilə bağlı sözügedən marketlər şəbəkəsi ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz uğursuz oldu.